
Xəbər lenti
Bu gün, 21:16
Bu gün, 16:34
Bu gün, 16:04
Bu gün, 13:05
Dünən, 23:06
Dünən, 21:37
Dünən, 19:33
Dünən, 18:27
Dünən, 15:37
Dünən, 13:36
Dünən, 11:34
Dünən, 10:06
Dünən, 09:06
15-08-2025, 23:24

Rusiya-Ukrayna müharibəsi ya Ukrayna xalqının soyqırımı, ya da Vladimir Putinin məğlubiyyəti ilə başa çatmalıdır.
Putinin Ukrayna ilə müharibəyə başlamaq planları ilə bağlı çoxsaylı xəbərdarlıqlara baxmayaraq, əksər analitiklər son ana qədər Kremlin genişmiqyaslı işğalı ehtimalını inkar edirdi. Müharibənin ikinci ayı başlayıb, hələ də bu inamsızlıq hissi davam edir və beynəlxalq ictimaiyyətə Ukraynadakı vəziyyətin ciddiliyini dərk etməyə imkan vermir.
Qərb siyasətçiləri və analitikləri danışıqları və kompromis həll yollarını müzakirə etməyə davam edərkən Moskvada bu cür illüziyalara az adam inanır. Putinə yaxınlığı ilə seçilən insanlar anlayırlar ki, o, bu münaqişəyə "müqəddəs” müharibə kimi baxır və geriyə addım atmağa şans saxlamayıb. Rusiya diktatoru Ukraynanın tam işğalından və ya dağıdılmasından başqa heç nəyə razı olmayacaq.
Putinin Ukraynadakı hərbi məqsədlərinin dəhşətli miqyası əksər rasional kənar müşahidəçilər üçün ağlasığmaz görünsə də onun "zəhərli” dünyagörüşü prizmasından baxdıqda onlar tamamilə aydın görünür.
Bütün hakimiyyəti dövründə Putini hərəkətə gətirən - Rusiyanın postsovet tənəzzülündən dərin narazılığı və onun fövqəldövlət statusunu dirçəltmək arzusu olub. SSRİ-ni bərpa etmək niyyətindən uzaq olsa da, o, rus millətçiliyi ənənəsini qəbul edir və çar avtokratiyasını yenidən yaratmaq arzusundadır.
Putin, SSRİ-nin dağılmasını "tarixi Rusiyanın məhvi” kimi qiymətləndirir, postsovet həyat tərzinin milyonlarla rusun vətənindən ayrı düşməsindən və Rusiyanı öz "haqqından” məhrum edilməsindən tez-tez təəssüflənir. Bu narazılıq hissi Putinin Ukraynaya qarşı "iştahasını” artırır. Onun fikrincə Ukrayna - 1991-ci ildən sonra yaranmış dünya nizamının ədalətsizliyini təcəssüm edir.
Putin, Ukraynanın mövcud olmaq hüququnu inkar edən ilk Rusiya hökmdarı deyil. Əksinə, Ukraynanın inkarı bütün Rusiya tarixindən keçən ana xəttdir. Bu inkarın tarixi yüz illərlə ölçülür və Rusiyanın indiki nəsli arasında da geniş yayılıb. Ancaq çox az insan bu inkar doktrinasını Putin qədər var gücü ilə dəstəkləyib. O, açıq şəkildə bəyan edir ki, Ukrayna müstəqilliyinin sona çatması onun (Putinin) tarixdəki yerini müəyyən edəcək müqəddəs missiyadır.
İndiki müharibə uzunmüddətli kampaniyanın yalnız sonuncu və ən dramatik mərhələsidir. Putinin Ukraynanın müstəqilliyinə son qoymaq üçün ilk cəhdi 2004-cü ilə təsadüf edir. O, prezident seçkiləri ərəfəsində rusiyapərəst namizəd Viktor Yanukoviçi şəxsən dəstəkləmək üçün Kiyevə gəlib. Bu təkəbbürlü müdaxilənin fəlakətli nəticələri oldu: əvvəllər siyasətdən kənarda qalmış milyonlarla ukraynalını qəzəbləndirdi və demokratiya tərəfdarlarının kütləvi etirazlarına səbəb oldu. Bu hadisələr Narıncı inqilab kimi tarixə düşdü.
Narıncı inqilabdan sonrakı illərdə Ukraynanın demokratiyaya can atması və Qərbə meyl etməsi Putini hiddətləndirdi və onun, Ukrayna üzərində nəzarətini bərpa etmək fikrini qətiləşdirdi. 1980-ci illərin sonlarında Mərkəzi Avropanı bürümüş və Sovet İmperiyasının dağılmasına səbəb olan xalq üsyanları Putini "təqib” edirdi. Buna görə də o, Ukraynanın demokratik oyanışını Qərbin məkrli planı və onun avtoritar rejimi üçün birbaşa təhlükə kimi qiymətləndirdi.
On il sonra Ukraynada yeni demokratik etirazlar başlayanda Putin qətiyyətli oldu. 2014-cü ildə, Avromaydanın qələbəsindən dərhal sonra o, Krımı ələ keçirdi və Donbass separatçılarının əli ilə Ukraynanın şərqində müharibə başlatdı.
Krımın ilhaqı ilə hazırkı genişmiqyaslı işğalı ayıran səkkiz il ərzində Ukraynanın şərqindəki münaqişə və Rusiya ilə Qərb arasında münasibətlər dalana dirəndi. Bu müddət ərzində Putinin güzəştə getməməsi və yeni soyuq müharibəyə girməyə hazır olması onun Ukraynaya verdiyi əhəmiyyətini bir daha təsdiqlədi. Fevralın 24-də rus qoşunları, İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük işğala başlayanda buna aid bütün şübhələr aradan qaldırıldı.
Putin, Ukraynaya həyati önəm verdiyini gizlətmir. O, Ukrayna dövlətçiliyini niyə həm təsadüf, həm də cinayət hesab etdiyini dəfələrlə izah etməyə çalışıb. 2021-ci ilin iyul ayında dərc olunan "ruslar və ukraynalıların tarixi birliyi haqqında” uzun məqaləsində Putin, ukraynalılar və rusların bir xalq olduğu və "Ukraynanın həqiqi suverenliyinin yalnız Rusiya ilə tərəfdaşlıqda mümkünlüyü” qənaətinə gəlib.
Müharibə ərəfəsində bir sıra uzun-uzadı anti-Ukrayna çıxışlarında Putin daha da irəli gedərək bütün ölkəni qeyri-qanuni "anti-Rusiya” kimi qələmə verib və buna artıq dözmək mümkün olmadığını bildirib.
Onun, Ukrayna və ukraynalılarına qarşı şəxsi "hücumları” Kremlin illərdir davam edən təbliğatı ilə müşayiət olunub. 2014-cü ildən başlayaraq Rusiya televiziyaları öz tamaşaçılarını ukraynalıları Hitler nasistlərinin müasir davamçıları kimi göstərən gündəlik yalanlarla qidalandırıb. Xalqın böyük əksəriyyəti tərəfindən seçilmiş yəhudi əsilli prezidenti olan, seçkilərdə ifrat sağçı partiyaların ardıcıl olaraq 1%-dən az səs qazandığı bir ölkəyə qarşı bu cür ittihamların irəli sürülməsinin absurdluğu göz qabağındadır. Lakin bu, milyonlarla rusun Ukraynanı faşist kimi təsvir edən qaranlıq fantaziyalara həvəslə inanmasına mane olmadı.
Bu zəhərli təbliğat hazırda Ukraynada törədilən hərbi cinayətlərə yol açıb. Rusiya ictimaiyyəti Ukraynanı Rusiyanın bir hissəsi, bununla razılaşmayan ukraynalıları isə satqın və ya nasist kimi qəbul etməkdə qərarlıdır. "Ukrayna kimliyi” anlayışı "şeytanlaşdırılıb” və dünya tarixinin ən ağır cinayətləri ilə eyniləşdirilib. Təəccüblü deyil ki, təcavüzə əsas gətirilən dəlillər dünyanı şoka salsa da Rusiya ictimaiyyətində anlayışla qarşılanıb və güclü dəstək alıb.
Rusiya işğalının ilk ayında törədilən insanlığa qarşı cinayətlər - belə siyasətin yalnız başlanğıcdır. Putin, Ukrayna dövlətini "qanundan kənar” elan etməklə və ukraynalılara "nasist” damğası vurmaqla məhvetməyə yönələn müharibəyə zəmin yaratdı. Ukraynanın şəhər və qəsəbələrini ardıcıl bombalanması nəticəsində artıq minlərlə dinc sakin həlak olub. Görünür ki, mülki əhali arasında itkilərin sayını artırmaq məqsədilə bomba sığınacaqlarına çevrilən yaşayış binaları, məktəblər, xəstəxanalar və tikililər qəsdən hədəfə alınır və belə bombardmanlar Rusiya hərbi kampaniyasının tərkib hissəsinə çevrilib.
Bu arada, Rusiyanın işğalı altında olan ərazilərdə həbslərlə bağlı xəbərlər, Kremlin "güllələnmə siyahıları” olduğuna dair əvvəlki xəbərdarlıqları təsdiqləyir. Məmurların, jurnalistlərin, fəalların, keçmiş hərbçilər və dini liderlərin Rusiya qüvvələri tərəfindən oğurlanması sanki Stalinin terror taktikasını xatırladır.
Mühasirəyə alınmış şəhərlərdə bombardmanlardan qaçan mülki şəxslərin filtrasiya düşərgələrindən keçməyə məcbur edildiyi bildirilir. Belə təcrübə milyonlarla ukraynalını asanlıqla əhatə edə bilər.
Müharibə davam etdikcə vəhşilik daha da artacaq. Ukraynalıları "nasist” görən və yoldaşlarının ölümü ilə radikallaşan rus qoşunları getdikcə dinc əhali ilə hərbçilər arasında fərq qoymayacaqlar. Ukraynanın təslim olmaması və ölkənin davamlı müqaviməti amansız repressiyalara haqq qazandırmaq üçün istifadə olunacaq. Bütün bunlar 20-ci əsrin ən pis təzahürləri ilə müqayisə edilən hərbi cinayətlərə səbəb olacaq.
Putini dayandırmaq olarmı? Bunun üçün ilk növbədə onun dağıdıcı niyyətlərinin dəhşətli reallığını anlamaq lazımdır. Bu yaxınlarda, Yel Universitetinin tarixçisi Timoti Snayderin Twitter-də yazdığı kimi: "Putin Ukrayna xalqı və Ukrayna dövlətinin olmadığını deyəndə, o, Ukrayna xalqını və Ukrayna dövlətini məhv etmək niyyətində olduğunu nəzərdə tutur. Anladınız?".
Putini dayandırmağın yeganə yolu onu məğlub etməkdir. Qalan hər şey, Ukraynanı məhv etmək üçün növbəti cəhddən əvvəl sadəcə olaraq müvəqqəti fasilə hesab olunacaq. Beynəlxalq ictimaiyyət üçün bu - Rusiyaya total iqtisadi müharibənin elan edilməsi və Ukraynaya silah tədarükünün kəskin artması deməkdir.
Müharibənin ilk dörd həftəsi ərzində Ukrayna hərbçiləri rus işğalçılarına qarşı layiqli müqavimət göstərməyə qadir olduqlarını sübut ediblər. Putinin ordusu canlı qüvvə və atəş gücü baxımından hədsiz üstünlüyə malik olsa da, zəif idarə olunur və getdikcə ruhdan düşür. Ukraynanın müdafiəçiləri isə əksinə, məharətlə və rəşadətlə mübarizə aparırlar. Nəticədə Rusiya əsas hərbi məqsədlərindən heç birinə nail ola bilmir və dəhşətli itkilərə məruz qalır. Əgər ukraynalılara lazımi miqdarda silah verilsə, Ukrayna bu müharibədən qalib ayrıla bilər.
Rusiya iflasa uğramalıdır. Müharibə başlayandan bəri tətbiq edilən beynəlxalq sanksiyalar güclüdür, lakin təəssüf ki, kifayət qədər deyil. Putinin Ukraynanı darmadağın etmək kimi tarixi məqsədə çatmaq üçün ölkəsini əhəmiyyətli iqtisadi əzablara məhkum etməyə hazır olduğunu başa düşmək çox vacibdir. Kremli cilovlamağa çalışmaq əvəzinə, Rusiya qlobal iqtisadiyyatdan tamamilə kəsilməli və müharibəni maliyyələşdirməyə lazım olan gəlirdən məhrum edilməlidir.
Buna nail olmaq üçün Qərb liderləri qəbul etməlidirlər ki, öz ölkələri də ağır bir bədəl ödəməlidirlər. Almaniya kansleri Olaf Şolts xəbərdarlıq edib ki, Rusiyadan enerji idxalına qadağa qoyulması Avropanın tənəzzülü olacaq. Eyni vaxtda o, təcili olaraq etiraf etməlidir ki, bunun alternativi - avropalıların soyqırımıdır.
Son illərdə, siyasi məqsədlər üçün tez-tez istismar edildiyinə görə soyqırım anlayışı "ucuzlaşıb” (elə ilk növbədə Putinin özü tərəfindən), lakin bu, istənilən dövlətə qarşı irəli sürülə biləcək ən ciddi ittiham olaraq qalır. Rusiya-Ukrayna müharibəsi kontekstində olan soyqırım xəbərdarlığı daha çox reallığa oxşayır.
Putinin özü də dəfələrlə bəyan edib ki, Ukraynanın mövcud olmaq hüququnu tanımır. İndi onun ordusunun cinayət əməlləri sözlərinin dəhşətli məntiqinə tam uyğun gəlir. Putin bu müharibədə məğlub olmasa, Ukraynanı məhv edəcək. Qərb dayanıb bunun baş verməsinə icazə versə, dünya heç vaxt əvvəlki kimi olmayacaq.
//Qaynarinfo
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar