İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bir neçə əcnəbini, o cümlədən Britaniyanın Tehrandakı səfirliyinin ikinci ən yüksək rütbəli nümayəndəsini qadağan olunmuş ərazilərdə torpaq nümunələri götürdüklərinə görə casusluq ittihamları ilə həbs edib.
Ovqat.com Reuters agentliyinə istinadən xəbər verir ki, İran dövlət televiziyası bu məlumatı yayıb.
“Bu casuslar İnqilab Keşikçiləri Korpusunun aerokosmik raket təlimlərinin keçirildiyi İranın mərkəzi səhrasında yer nümunələri götürüblər”, - deyə dövlət televiziyası bildirib.
İran dövlət televiziyası, Giles Whitaker və ailəsinin İranın mərkəzində Britaniya diplomatının yerdən nümunələr götürdüyü görüntülərini də nümayiş etdirib. Televiziya xəbərində deyilir: "Uitaker (hakimiyyətdən) üzr istədikdən sonra şəhərdən qovulub”.
Bununla belə, Böyük Britaniya Xarici İşlər Nazirliyi bu iddianı təkzib edib. “İranda Britaniya diplomatının həbsi ilə bağlı xəbərlər tamamilə yalandır”, - təkzib mesajında bildirilir.
Böyük Britaniyanın ABŞ-dakı səfiri Samuel Heath Tvitter hesabında yazıb: "O, daha İranda belə postda deyil!"
İran dövlət televiziyasının iddiasına əsasən, ingilis diplomatı ilə bərabər saxlanılanlardan birinin Avstriyanın İrandakı mədəniyyət attaşesinin əri olduğunu müəyyənləşdirilib. Avstriya rəsmiləri məsələ ilə bağlı şərh verməyə tələsməyiblər.
Televiziya həmçinin İrana turist kimi səfər etdiyini bildirdiyi Polşada universitet professoru Maciej Walczak kimi tanınan üçüncü əcnəbinin də şəklini göstərib.
Televiziya reportajında Walczak və üç həmkarının elmi mübadilə proqramı çərçivəsində İrana səfər etdikdən sonra başqa bir ərazidə torpaq nümunələri topladığını əks etdirən kadrlar yayımlanıb. Məlumata görə, onların nümunə toplamaları İranın cənubundakı Kirman əyalətində keçirilən raket sınağı ilə üst-üstə düşüb.
İranın elit İnqilab Keşikçiləri Korpusu son illərdə əsasən casusluq və təhlükəsizliklə bağlı ittihamlarla onlarla ikili vətəndaşlığı və əcnəbini həbs edib.
Hüquq müdafiəçiləri isə İslam Respublikasının bu iddialarının saxta ola biləcəyinə inanırlar. Onların fikrincə, İran yetkililəri təhlükəsizlik ittihamlı həbslərlə digər ölkələrdən güzəştlər qoparmağa çalışırlar. Di gəl ki, Tehran siyasi motivlərlə insanların həbs olunması faktını inkar edir.
Paylaş: