
“Hövsanda bir sahə müvəkkili var idi. İndi təqaüddədir. Hər zaman bizə "sataşmaq" üçün deyərdi ki, niyə Qərb dövlətləri, xüsusən də Amerika gəlib Qarabağı alıb bizə vermir? Özünü hakimiyyətə iddialı hesab edən partiya "başqanı"nın Ərdoğanla bağlı son sərsəm müraciətini eşidəndə həmin “uçastkovı” yadıma düşdü. Hələ düşünəndə ki, birdən olmadı elə, oldu belə, bu adam gəldi hakimiyyətə, kim qarantiya verə bilər ki, hər hansı bir dövlətin ordusunu Artur Rasizadə kimi Azərbaycana dəvət etməyəcək?”
Ovqat.com xəbər verir ki, bu sözləri ADR Hərəkatının Məclis üzvü Rüfət Əliyev Müsavat partiyasının başqanı Arıf Hacılının xarici dövlətləri Qarabağı azad etməyə çağırışına münasibət bildirirkən deyib.
Qeyd edək ki, Müsavat başqanı bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanı Qarabağın azad edilməsi üçün güc tətbiq etməyə çağırmış, daha sonra müxtəlif mətbu orqanlara açıqlamasında fikirlərini belə əsaslandırmışdı: “İŞİD Suriya və İraqın bir hissəsini nəzarət altında saxlayanda, dünya gücləri İŞİD-ə qarşı vahid mövqe nümayiş etdirərək, o qurumu sıradan çıxarır. Eyni davranış Qarabağdakı qanunsuz silahlı birləşmələrə qarşı da olmalıdır. Çünki həm Dağlıq, həm də Aran Qarabağdakı ərazilər qeyri-qanuni silahlı birləşmələr tərəfindən silah gücünə nəzarət altında saxlanılır”.
Rüfət Əliyev də məhz bu məqama diqqət çəkərək, istənilən dövlətin suveren hüquqlarının bərpasını başqalarına həvalə etməsinin yaradacağı fəsadlardan danışıb. Onun fikrincə, bu, öz ərazi bütövlüyünü qoruya bilməyən dövlətin bu təşəbbüsü xarici qüvvələrin işğalına məruz qalması deməkdir: “Tarixi təcrübələr sübut edir ki, ərazi bütövlüyünü başqalarının gücünə həll etməyə çalışan dövlətlər, bütövlüklə suverenliyini də itirirlər. Arif Hacılı Suriya və İraqdakı İŞİD problemini misal gətirərək, öz anlamsız təklifini əsaslandırmağa çalışır. Halbuki, İraq və Suriya xalqının başına gələn müsibətlərin əksəriyyəti məhz xarici müdaxilələrdən qaynaqlandı. Nəticədə İraqda yüzminlərlə insan həyatını itirdi, ölkə 3 yerə parçalanma təhlükəsi ilə üz-üzədir. Suriya isə özü də istəmədiyi halda ərazi bütövlüyünün qloballaşmasının nəticələrini daha dəhşətli ödədi. Statistik məlumata görə, 18 milyon əhalisi olan bu ölkədə xarici müdaxilələr başlayandan sonra öldürülən dinc sakinlərin sayı 1 milyona yaxınlaşıb. 5 milyona yaxın suriyalı öz ölkəsindən didərgin düşüb. 10 milyona yaxın əhali isə köçkün vəziyyətindədir. Hələb, Raqqa, Palmira və s. kimi şəhərlər faktiki olaraq yer üzündən silinib. Xarici dövlətlərin bir-biriylə hesablaşma poliqonuna çevrilən ölkədə qarşıdurmaların nə zaman sona çatacağı isə bilinmir. Müsavat başqanı Azərbaycanın da o günə düşməsinimi arzulayır?”
Həmsöhbətimiz Müsavat başqanının bur cür iddia ilə çıxış etməsini də təsadüfi saymır: “Bilirsiniz ki, qlobal güc mərkəzlərinin, üzərində didişdikləri əsas geopolitik məkanlardan biri də Qara dəniz-Xəzər hövzəsidir. ABŞ və Rusiyanın arasında rəqabət poliqonuna çevrilən bu hözvənin Qara dəniz sahəsində artıq ciddi döyüşlər gedir. Xüsusilə, Ukraynada Rusiyanın törətdiyi vəhşiliklər göz qabağındadır. Faktiki olaraq Ukraynanın şərq hissəsi tamamilə bu ölkədən qoparılıb. Qərb dövlətləri isə Rusiyanın qorxusundan Ukrayna xalqına vəd etdikləri dəstəyi də verə bilmirlər. Onlar Rusiya ordusunun gücünü zəiflətmək üçün bu münaqişəni geniş coğrafiyaya yaymağa çalışırlar. Beləcə, geniş coğrafiyada hərbi əməliyyatlara cəlb edilən Rusiyanın iqtisadi cəhətdən çökəcəyinə ümid edilir. Başqa sözlə desək, rus tənəzzülü ətraf ölkələrin qanı hesabına təmin edilməyə çalışılır. Cənubi Qafqaz da bu qlobal hesablaşmaların əsas poliqonlarından biri kimi düşünülür. Görünür, Arif Hacılı da son təklifləriylə dünyanı idarə edən güclərə indiki hakimiyyət bu oyunda yer almayacağı təqdirdə özünün alternativ kimi mövcudluğunu göstərmək istəyir”.
Qarabağa Türkiyənin hərbi müdaxilə edəcəyi təqdirdə, Rusiyanın da məsələyə laqeyd qalmayacağını, iki dövlət arasındakı ziddiyyətlərdə NATO-nun hansı mövqeyi tutacağının isə bilinmədiyini deyən ADR füksioneri rəsmi Ankaranın Arif Hacılı təfəkkürdə olmadığına şükür edir: “Əks halda Azərbaycan Suriyadan daha betər vəziyyətdə qalardı”.
Həmsöhbətimiz uzun illər siyasət meydanında saç ağartmış başqana qeyri-ciddi təkliflər irəli süməməyi məsləhət görərək, onun artıq əvvəlki heç kimin əhəmiyyət vermədiyi adam statusunda olmadığını, Müsavat kimi köklü bir partiyaya rəhbərlik etdiyi xatırlatdı: “Arif bəy heç olmasa bu statusunu nəzərə alıb danışmasın. Çünki o, öz 30 illik dəyişilməyən səviyyəsilə oturduğu kresloya da kölgə salır. Hər halda mən keçmiş müsavatçı olaraq başqanı bizim məhəllənin təqaüddəki “uçaskovi”sından daha üstün səviyyədə görmək istərdim”.
Paylaş: