Xəbər lenti


İraqdakı Sədr Hərəkatının lideri Müqtəda əs-Sədrin tərəfdarları bir həftə ərzində ikinci dəfə parlament binasına basqın edərək, orada müddətsiz oturaq aksiya keçirmək qərarına gəliblər.

Ovqat.com İraq mediasına istinadən xəbər verir ki, basqın prosesindən əvvəl bütün qubernatorlardakı Sədr hərəkatı tərəfdarları sosial şəbəkələrdə hərəkətə keçməyə, nümayişlərdə iştirak etməyə və parlament basqınında iştirak etməyə çağırılıb.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında keçirilən seçkilərdə qalib gələn şiə siyasi və dini lider Müqtəda əs-Sədr hökumət qura bilməyincə siyasətdən uzaqlaşıb. Sədrdən sonra hökumət qurmaq vəzifəsi onun rəqibi olan Koordinasiya Çərçivəsinə keçmişdi. Koordinasiya Çərçivəsi iyulun 25-də keçmiş əmək və sosial işlər naziri Məhəmməd Şiya Sudanini baş nazirliyə namizəd kimi seçdiyini elan etmişdi.

Müqtəda əs-Sədr tərəfdarları isə İranın dəstəklədiyi Şiə Koordinasiya Çərçivəsinin baş nazirliyə namizədi Sudaniyə etiraz etmək üçün paytaxt Bağdadda hökumət binaları və xarici nümayəndəliklərin yerləşdiyi Yaşıl Bölgəyə basqın edərək parlament binasına daxil olublar. Səhər saatlarında yüzlərlə insan toplaşaraq, təhlükəsizlik qüvvələrinin parlament binasına daxil olmasının qarşısını almaq üçün Respublika körpüsündən Yaşıl Zonaya gedən beton maneələri söküb. Yaşıl Zonaya keçən Sədr tərəfdarları parlament binasına çataraq, Ali Məhkəmə Şurasının binasına doğru istiqamət götürərək, təhlükəsizlik və beton maneələri aşmağa çalışıblar.

 

Üsyançılar İraq parlamentində

Məlumata görə, Sədrə yaxınlığı ilə tanınan nazir Salih Məhəmməd əl-İraqi onlardan şura binasına yaxınlaşmamağı xahiş edib. Sədr hərəkatının xəbər portalları Ali Məhkəmə Şurasının sədri Faiq Zeydanı Koordinasiya Çərçivəsinin tərəfində olmaqda və İran İnqilab Keşikçiləri Korpusunun göstərişlərinə tam əməl etməkdə günahlandırırlar.

Sədr hərəkatından kənarda qalan İraq vətəndaşları ölkənin mərkəzi və cənub bölgələrinin əksəriyyətini əhatə edəcək şiə-şiə qarşıdurmasının başlanmasından ehtiyatlanırlar.

Baş nazir Mustafa Kazımi  təhlükəsizlik qüvvələrinə nümayişçilərin müdafiəsi ilə bağlı göstəriş verib. "Siyasi gərginliyin davam etməsi küçələrdə gərginliyi artırır və ictimai maraqlara xidmət etmir", - Kazımi bildirib.

Baş nazir təhlükəsizlik qüvvələrinin rəsmi qurumların qorunmasına cavabdeh olduğunu və asayişin qorunması üçün bütün qanuni tədbirlərin görülməli olduğunu da vurğulayıb.

Koordinasiya Çərçivəsi hadisə ilə bağlı bəyanat verib. Bəyanatda bildirilir:

“Bu günlərdə paytaxt Bağdadda baş verən xoşagəlməz hadisələri, xüsusən də konstitusiya təsisatlarını və parlamentin basqını, məhkəmə sisteminə, rəsmi qərargahlara və təhlükəsizlik təşkilatlarına hücum təhlükəsini böyük narahatlıqla izləyirik. Biz mötədilliyi, maksimum səbri və hazırlığı tövsiyə edərkən, qanuna, konstitusiyaya və konstitusiya legitimliyinə inanan İraq xalqının kütlələrini dövləti, onun legitimliyini və təsisatlarını sülh yolu ilə müdafiə etməyə çağırırıq. Biz bu qeyri-qanuni hərəkətlər nəticəsində vətəndaş sülhünün məruz qala biləcəyi bütün neqativlərə görə dövlətə və onun qurumlarına qarşı bu gərginliyin və pozuntunun arxasında duran siyasi partiyaları məsuliyyət daşıyırıq”.

Müqtəda əs-Sədrin baş naziri kimi tanınan Saleh Məhəmməd əl-İraqi isə açıqlamasında bildirib: “Daxili sülhü pozmaq çağırışına diqqət yetirin. Bunlar dövlətin nüfuzunu korlayan silahlı pilotsuz uçuş aparatlarıdır (SİHA). Qurumları korrupsiyadan qorumaq dövlətin nüfuzuna xələl gətirmir”.

İraqi bu açıqlamalarla Koordinasiya Çərçivə Qüvvələrinə bağlı bəzi silahlı qrupların Yaşıl Bölgə, İraq Kürd Regional Rəhbərliyi və digər bölgələrdəki xarici səfirliklərə qarşı həyata keçirdiyi pilotsuz təyyarə hücumlarına toxunub.

İraqi da bu həmçinin deyib:

“Kürdüstan Muxtar Vilayətində və Ənbarda məzhəb təhlükəsizliyinin sabitliyinin pozulması dövlətin nüfuzuna xələl gətirir. Kasım Muslih sizdən uzaq deyil. Buna görə də, oturaq aksiyalarınızda etdiyiniz kimi, vətəndaş sülhünün pozulmasına çağırışlardan çəkinin. Sizin iddia etdiyiniz kimi, xalq sistemdə islahatlar aparmaq istəyir”.

Birləşmiş Millətlər Təşkilatının İraqa Yardım Missiyası (UNAMI) hadisə ilə bağlı bəyanatında bildirib: “Gərginliyin artması narahatlıq doğurur. Biz bütün tərəfləri gərginliyi azaltmağa çağırırıq”.

Qeyd edək ki, İraqın ən nüfuzlu şiə liderlərindən olan Müqtəda əs-Sədr İrana bağlı qüvvələri, o cümlədən Həşdi-Şabi silahlılarını dövlət orqanlarını ələ keçirdiyinə və korrupsiya ilə məşğul olmaqda günahlandırır və neçə illərdir bu qüvvələrə qarşı aktiv mübarizə aparır. 





Ana səhifəyə qayıt        Baxış: 7 085          Tarix: 31-07-2022, 12:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma