Xəbər lenti
Dünən, 19:25

 

Ötən gün İraqın paytaxtı Bağdad şəhərində milyondan çox insanın iştirak etdiyi mitinqin yeni detalları üzə çıxıb.

Ovqat.com xəbər verir ki, mitinqin təşkilatçısı Müqtəda əs-Sədr aksiyadan əvvəl İranda imiş.

“BBC Farsi”nin iddiasına görə, o, mitinqdən bir gün əvvəl İrandan qayıdıb və Twitterdə xalqa səslənərək hər kəsi aksiyaya qoşulmağa çağırıb. Çağırış mətndə yazılıb:

"Ey Vətənin kişiləri və qadınları, ey Vətənin çiçəkləri, Vətən üçün, müstəqillik və suverenlik üçün ayağa qalxmaq vaxtı gəlib çatdı. Siz Vətəninizi sevirsiniz? Bəli, ey Vətəninin aşiqləri, sevgili Vətənin köməyinə tələsin! Vətən səni çağırır! Əhdinizi pozmayın! Əlbəttə, əhd qiyamət günü sorğu-sual olunacaq!".

İddia edilir ki, İran səfəri zamanı Qumda olan Müqtəda əs-Sədr keçirdiyi görüşlərdən sonra aksiyalara başlamaq qərarı verib. Onun bu qərarı Qumun təlimatı ilə verdiyi güman olunur.

 

Məsələ burasındadır ki, Müqtəda əs-Sədrin rəhbərlik etdiyi “Sairun” bloku 2018-ci ildə İraqda keçirilən parlament seçkilərində ən çox səs almasına baxmayaraq cəmi 52 deputat yeri qazana bilmişdi. İraq parlamentinin isə 328 üzvü var. Dolayısıyla Müqtəda əs-Sədrin rəhbərlik etdiyi “Sairun” blokunun hökumət qurması üçün ən azı daha 111 deputata ehtiyacı vardı. Seçkini ikinciliklə tamamlayan “Fəth” bloku cəmi 48, “Zəfər” bloku isə 42 deputat çıxara bilmişdi. Hər iki siyasi blok İrana yaxın olsalar da, onların “Sairun” bloku ilə ittifaqı belə koalisiya hökuməti qurmaq üçün yetərli deyildi.

Bu da azmış kimi, İran da ilk əvvəl Müqtəda əs-Sədri dəstəkləmirdi. Çünki onun liderlik etdiyi “Sairun” blokunda İranın rəsmi ideologiyasına tərs düşən liberalist siyasi qruplar vardı. Üstəlik, o, seçkilərdən hardasa bir il əvvəl şahzadə Məhəmməd bin Salmanın dəvətilə Səudiyyə Ərəbistanına səfər etmiş və rəsmi Riyaddan İraqın yenidən qurulması üçün dəstək istəmişdi. Bununla da hökumət quracağı təqdirdə İranın düşməni olan qüvvələrlə də dialoq halında olacağına eyham vurmuşdu. Bu da rəsmi Tehran tərəfindən xoş qarşılanmamış, İran rəsmiləri açıq şəkildə Müqtəda əs-Sədrin hökumət qura bilməyəcəyini bəyan etmişdilər. Beləcə, onun “Fəth” və “Zəfər” blokuyla koalisiya qurmaq ehtimalı suya düşmüşdü.

 

Qeyd edək ki, şiə siyasi lider olmasına baxmayaraq, indiyədək həm ABŞ-a, həm də İrana qarşı çıxışları ilə yadda qalan və İraqın suverenliyinə daha çox önəm verən Müqtəda əs-Sədr bu cür problemlə üzləşəcəyini əvvəlcədən bildiyinə görə özü şəxsən parlament seçkilərinə qatılmamış, qurulacaq hökuməti kənardan dəstəkləmək xəttinə üstünlük vermişdir. Amma onun bu mövqeyi də nə İranı, nə də Amerikanı qane etmirdi. İpinin üstünə odun yığılası olmayan Sədrin hökumətdən kənarda qalması ciddi bir müxalifət qüvvəsinin formalaşması və xalqı meydana tökərək hakimiyyəti devirməsi anlamına gəlirdi. Odur ki, həm İran, həm də ABŞ quracaqları İraq hökumətinə müxalifliyi zəiflətmək üçün Sədrə bağlı qrupların vəzifələndirilməsində maraqlı idilər.

Üzərindən 1 ildən artıq zaman keçməsinə baxmayaraq, İrana bağlı blokların da hökumət qura bilməyəcəkləri anlaşılmışdı. Buna ən ciddi əngəl isə İraq şiə məktəbi Nəcəfdən gəlmişdi. Ötən ilin payız aylarında Sistaninin ofisindən yayılan məlumatda baş nazirliyə uyğun olmayanların adları açıqlanmış və bu adlar içərisində İrana bağlı Fəth koalisiyasının rəhbəri Hadi əl-Amiri ilk sırada yer almışdır. Ayətullaha görə, İraqın keçmiş baş naziri Nuri əl-Malikidən də, ABŞ-a yaxınlığı ilə seçilən Heydər İbadidən də baş nazir çıxa bilməzdi. Dolayısıyla yerəd bir nəfər qalmışdı – Adil Əbdülmehdi.

 

Fransada təhsil almış və 2003-cü ildə İraqa qayıdaraq Səddam sonrası hakimiyyət quruculuğunda müxtəlif vəzifələrdə çalışan Adil Əbdülmehdi siyasi mövqeyinə görə həm İran, həm də ABŞ tərəfindən həzm ediləcək biriydi. Məhz bu səbəbdən də bitərəf olmasına baxmayaraq, Adil Əbdülmehdi 2018-ci ilin oktyabrında bütün şiə partiyalarının dəstəyini alaraq baş nazir postuna əyləşmişdi. Yeri gəlmişkən qeyd edək ki, İraqın yazılmamış qaydalarına əsasən ölkənin prezidenti kürdlərdən, parlament rəhbəri sünnilərdən, baş naziri isə şiələrdən seçilməlidir. Dolayısıyla İraq parlamentinin mövcud heyəti arasında Adil Əbdülmehdi Sistani kriteriyalarına uyan alternativsiz lider kimi görünürdü.

 

Adil Əbdülmehdinin ən zəif tərəfi isə onun tez istefaya meylli olmasıdır. 2003-cü ildən yeni postuna təyin olunanadək prezidentin müavinindən tutmuş maliyyə nazirinə qədər müxtəlif postlarda yer alan Ədbülmehdi 4 dəfə istefa ərizəsi imzalamış birisidir. Özünün yarızafarat dediyi məşhur bir fikri bu gün də İraqda dillər əzbəridir: “Mənim istefa ərizəm hər zaman cibindədir”. Qismətə bax ki, onun baş nazirliyi də uzun sürmədi. Ötən ay bir tərəfdən ABŞ, bir tərəfdən İran, bir başqa tərəfdən isə Sistaninin basqısı altında qalan və etiraz aksiyalarını sakitləşdirə bilməyən Əbdülmehdi istefa verdi. Onun istefaya getməyə məcbur edən ən səbəb isə ABŞ-ın basqıları ilə Həşdi Şabinin komandir müavini Əbu Mehdi Mühəndisi vəzifəsindən uzaqlaşdırması oldu. Üzərindən bir neçə gün keçəndən sonra Qasim Süleymani ilə birlikdə Əbu Mehdi Mühəndisin də öldürülməsi ABŞ-ın İraqı nəzarət altında saxlamaq məsələsində heç kimə güzəştə getməyəcəyindən xəbər verir.

 

İraqın və Yaxın Şərqin taleyində həlledici rol oynayan iki generalın eyni hücumda sıradan çıxarılmasından sonra İran böyük yaralar aldı. Belə bir vəziyyətdə onun Müqtəda əs-Sədrin başqa bir seçənəyi də qalmadı. Çünki digər namizədlər barədə Sistaninin “veto”su var və İraqda çox az adam bu iradəyə qarşı çıxmaq cəsarəti göstərə bilər. Həmin nadir cürət sahiblərindən biri və bəlkə də tək nümunəsi Müqtəda əs-Sədrdir. İraqın işğalından sonra Sistaninin susqunluğuna ən çox qarşı çıxan və hətta onunla kəllə-kəlləyə gəlməyi bacaran Müqtəda əs-Sədr İrana bağlı şiə partiyalarını ətrafına toplayıb Sistani müxalifətini rahatlıqla yerində oturda bilər. Başqa sözlə desək, İran Müqtəda əs-Sədri dəstəkləməklə faktiki olaraq, İraqı Sistanidən qoparmaq gücü əldə edə etmiş oldu.

Təsadüfi deyil ki, dünən Bağdadda "Milyonların yürüyüşü" aksiyasına start verən "Sədr hərəkatı"nın əsas tələblərindən biri də növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Görünür, növbədənkənar seçkilərə qatılmaqla Müqtəda əs-Sədr baş nazirlik yolundakı son əngəli də aradan qaldırmaq niyyətindədir.

 

İraqda “Milyonların yürüşü”ndən bir gün əvvəl Müqtəda əs-Sədrin İranda olması və elə oradaca kütləvi aksiyalara qərar verməsi də rəsmi Tehranın ona yaşıl işıq yandırdığını göstərir. Bununla belə, indiki mərhələdə Sədrin qarşısında dayanan əngəllər də az deyil. İrandan razılıq alaraq ABŞ-a qarşı hərəkata başlaması Səudiyyə Ərəbistanını və digər ərəb dövlətlətini də Müqtəda əs-Sədrin düşməninə çevirəcək. Çox güman ki, İraqın dini lideri Sistani də əzəldən ulduzları barışmayan Müqtəda əs-Sədrin rəhbərliyinə razılıq verməyəcək. Zənnimizcə, İraq şiələrinin əsas qırılma nöqtəsi də elə bu məqamda ortaya çıxacaq.

 

Yeri gəlmişkən, indiki situasiyada Müqtəda əs-Sədrlə İranın mövqeyi də tamamilə üst-üstə düşür. İraqın işğalından bu yana ABŞ-a qarşı ən sərt üsullarla mübarizə aparmaq fikrini müdafiə edən Müqtəda əs-Sədr indiyədək İranın bu məsələyə loyal münasibətindən gileyli idi. Qasim Süleymani sui-qəsdindən və Həşdi Şabi birliklərinin hakimiyyətdən uzaqlaşdırılmasından sonra İran da bu cizgiyə qədəm qoydu. İndi faktiki olaraq Müqtəda əs-Sədrin İrandan gileylənməyə zərrə qədər də əsası qalmayıb.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 314          Tarix: 25-01-2020, 20:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma