Xəbər lenti


İyun ayında Rusiyaya səfərdən qayıdarkən Seneqal prezidenti Makki Sall maraqlı bəyanatla çıxış edib. O, Afrika ölkələrinin əksəriyyətinin “böyük təzyiqlərə baxmayaraq”, Rusiyanı qınamaqdan yayındığını xatırladıb. Onun bu mövqedən qürur duyması göz qabağında idi və sözləri Avropadakı və ABŞ-dakı siyasi liderlərin Afrikanın Qərblə münasibəti ilə bağlı uzun müddətdən bəri qəlblərində daşıdıqları şübhələri təsdiqləyib.

 

Xatırladaq ki, mart və aprel aylarında Birləşmiş Millətlər Təşkilatı Rusiyanın Ukraynaya hücumuna cavab olaraq ona qarşı hansı sanksiyaların tətbiq ediləcəyi ilə bağlı səsvermə keçirdi. Səsvermə zamanı Afrika ölkələrinin təxminən yarısı bitərəf qaldı. Çoxları səsvermədə iştirak belə etmədilər. 

 

Sall sözügedən çıxışında Cənub yarımkürəsində buğda və gübrə çatışmazlığının Ukraynadakı müharibədən deyil, Qərbin sanksiyalarından qaynaqlandığına dair Moskvanın aldadıcı iddialarını təkrarladı. Halbuki Qərb bu məhsulların ticarətini məhdudlaşdırmayıb.

 

Üstəlik, Sall təkcə öz ölkəsi Seneqal adından danışmırdı. Bu yaxınlarda Ukrayna Prezidenti Vladimir Zelenskinin video bağlantı vasitəsilə onlara müraciət etmək xahişini rədd edən Afrika İttifaqının hazırkı sədri kimi o, bütün Afrika qitəsini təmsil edir. Təbii ki, bütün Afrika ölkələri onun bu fikirləri ilə razılaşmır. Məsələn, Keniya Rusiyanın Ukraynanı işğalını qınayıb. Lakin Ukrayna müharibəsi göstərdi ki, Afrika tədricən Qərbdən uzaqlaşır. Freedom House və Economist Intelligence Unit tərəfindən aparılan araşdırmaların nəticələrinə görə, son illərdə Latın Amerikası ilə yanaşı, Böyük Səhranın cənubdakı Afrika ölkələri də demokratiyaya doğru irəliləyişlərində ən ciddi uğursuzluqlara məruz qalanlardandır. Bununla belə, sorğular hələ də afrikalıların 75%-nin demokratik hökumətin tərəfdarı olduğunu təsdiqləyir.

 

Bir çox Afrika dövlətləri inanırlar ki, onların ən yaxşı variantı Qərb güclərinə qarşı neytral mövqe tutmaqdır. Bu tendensiya Soyuq Müharibə zamanı yaranmış Qoşulmama Hərəkatına bənzəyir, əsasən inkişaf etməkdə olan ölkələrdən ibarət bu qrup Şərq və Qərb arasındakı münaqişədə vasitəçi rolunu oynaya biləcək ağırlıq mərkəzi yaratmaq üçün neytral ittifaq qurublar.

 

Sovet kökləri

 

Vaxtilə afrikalı siyasətçilərin bir çoxu Sovet İttifaqında təhsil alırdılar, köhnə əlaqələr bu gün də aydın hiss olunur. Bunun bir səbəbi də xüsusilə son bir neçə onillikdə ağır Çin sərmayəsinin qitədə oynadığı rolla əlaqədardır. Çinin daha cazibədar kredit siyasəti Qərbin borc ödəmələri vasitəsilə Afrikada tətbiq etdiyi təsirin bir hissəsini itirməsi ilə nəticələnib.

 

BRİKS alyansı da Afrika qitəsi üçün daha cazibədar görünməyə başlayıb. Hələlik yalnız Cənubi Afrika bu alyansda Braziliya, Rusiya, Hindistan və Çinlə birlikdə yer alan yeganə Afrika ölkəsi kimi çıxış edir. Bununla belə, bazar günü Əlcəzair prezidenti Abdelmadjid Tebboune də ittifaqa qoşulmaq istədiyini açıqlayıb. Bir neçə gün əvvəl İran da alyansa qoşulmaq üçün müraciət etdi. Rusiyanın iddiasına görə, Argentina da bu ittifaqda maraqlıdır.

 

Bunlar Avropa üçün çox pis xəbərdir. Birincisi, ona görə ki, neft və qazda Rusiyadan asılılığını azaltmağa çalışan Qərb ölkələri üçün Nigeriya kimi Afrika ölkələri ən yaxşı alternativ ola bilərdi. Nigeriya qitədəki istifadə olunmamış ehtiyatların təxminən üçdə birinə sahibdir. Nigeriya siyasətçiləri yaddan çıxarmayıblar ki, Avropa indiyə qədər nəinki Qərbə enerji mənbələrinin ixracına müsbət yanaşmayıb, həm də ölkənin öz əhalisini enerji ilə təmin etməyə imkan verəcək infrastruktura sərmayə qoymaqdan çəkinirdi.

 

Muzdlu taktikası

 

İkincisi, bütün Afrika qitəsindəki avtokratik hökmdarlar qlobal böhranlardan öz hakimiyyətlərini qorumaq üçün istifadə edirlər. Ukraynadakı hərbi cinayətlər də eyni qaydada Ruanda və Uqanda kimi ölkələrin hökmdarlarının səlahiyyət müddəti bitdikdən sonra hakimiyyətdə qalmalarından diqqəti yayındırır. 

 

Bu liderlərdən bəziləri Rusiyanın dəstəyinə arxalanır. Mərkəzi Afrika Respublikasının prezidenti Faustin-Archange Touadéra 2000 rus muzdlusunun köməyi ilə hakimiyyəti əlində saxlayır. Artıq on ildən çoxdur ki, siyasi qeyri-sabitlikdən əziyyət çəkən Malidəki hərbi xunta da İslam terrorizmi ilə mübarizədə Rusiya muzdluları ilə sövdələşməyə gedərək hakimiyyətdə qalmağı bacarıb.

 

Bunun əksinə olaraq, Malinin tarixən strateji tərəfdaşı olan Fransa hökuməti ilə münasibətləri getdikcə gərginləşir. Görünür, bunun nəticəsidir ki, ilin əvvəlində Fransa və onun beynəlxalq tərəfdaşları Malidə antiterror əməliyyatının başa çatdığını elan etdilər.

 

Böyüklüyünə və Qırmızı dənizdəki mövqeyinə görə strateji əhəmiyyətli ölkə olan Sudanda milyonlarla insan 2019-cu ildə onilliklər boyu davam edən hərbi idarəçiliyin sona çatmasını qeyd etdi, lakin indi ordu yenə inqilabdan əvvəlki gücünə qovuşub. Bu, həm də Rusiyanın dəstəyi sayəsindədir. Bunun müqabilində Putin Qırmızı dənizdəki Port Sudan limanında hərbi dəniz bazası yaratmağa ümid edir.

 

Sərhəd mübahisələri Afrikada adi hal olsa da, ölkələrin bir-birinə qarşı müharibə elan etməsi nadirən baş verir. Ruanda və Uqanda xammala çıxışı təmin etmək üçün Konqoya dəfələrlə qoşun göndərib. Vətəndaş müharibələri, adətən, dövlət bir neçə separatçı bölgəyə nəzarəti itirdikdə və silahlı qruplar müvəqqəti olaraq hakimiyyəti ələ keçirdikdə daha çox rast gəlinir.

 

Heidelberg Beynəlxalq Münaqişələrin Tədqiqi İnstitutunun məlumatına görə, hazırda Afrikanın cənub-şərqində 16 müharibə ocağı var, lakin Afrikanın populist siyasətçiləri buna əhəmiyyət vermirlər. Onların arasında Cənubi Afrika parlamentində yerlərin 11%-ni tutan radikal solçu İqtisadi Azadlıq Mübarizəçiləri qrupunun yaradıcısı Julius Malema da var. “Biz Rusiyanın yanındayıq” deyən Malema bu yaxınlarda Putini NATO-ya “dərs” verməyə və “yeni dünya nizamı”nın qurmağa çağırıb.

 

Christian Putsch, 

11 avqust 2022-ci il

worldcrunch.com

Tərcümə etdi: Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 6 695          Tarix: 12-08-2022, 03:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma