Xəbər lenti


Kamal Əliyev,

Politoloq

 

Beynəlxalq münasibətlərdə məlum olan maraqlı və mühüm bir formul var: xarici siyasətdə dövlətlər arasında eşq, sevgi yox, qarşılıqlı maraqlar, çıxarlar olur. Xarici siyasətdə dövlətlərarası "məhəbbət" o zaman mümkündür ki, bu, daha çox nəzarət olunan "sevda" olsun. Məncə, ən rasional yanaşma da budur. Yəni bir dövlət başqa bir ölkə ilə münasibət qurarkən, beynəlxalq münasibətlərin realizm prizmasından və "kontrollu nəzarət" aspektdən yanaşmalıdır.

 

Belə ki, 2011-ci ildən Suriyada başlayan vətəndaş müharibəsi (Ərəb baharı kontekstində) davam edir. Görünür, hələ Suriya prezidenti Bəşər Əsəd bir müddət də Rusiya və İranın (Hizbullah daxil) dəstəyini alaraq müxaliflərə divan tutmaqda davam edəcək. Maraqlı budur ki, nə Rusiyanın, nə də İran İslam Respublikasının Suriya ilə birbaşa sərhədi var. Ancaq həm Moskva, həm də Tehran öz geopolitik çıxarları çərçivəsindən Suriyadakı rejimi qoruya bildilər. Rusiya 2015-ci ildən Suriyaya daxil olaraq, Əsədi xilas etdi. Yoxsa,Türkiyənin keçmiş xarici işlər naziri Əhməd Davudoglu demişdi ki, inşəallah, Dəməşqdəki Əməvi məscidində namaz qılacagıq.

 

Davuduglunun bərbad Suriya siyasəti axırda hansı nəticələrə gətirib çıxardı ki, indi hamımız bunu görürük. Təbii ki, hər şeyi Ə.Davudoglunun üzərinə atmaq da dogru deyil. Hər halda hökumətin, dövlətin başçısı R.T.Ərdoğanın da bu məsələdə siyasi məsuliyyəti var.

 

Dogrudur, Suriya hazırda faktiki olaraq bir neçə hissəyə parçalanıb və onlardan biri də bu ölkənin şimal, şimal-qərb hissəsini ələ keçirən kürd separatçılarıdır. Türkiyə isə Suriya ilə həmsərhəd ölkədir və bu ölkənin ərazi bütövlüyü məsələsində Rusiya və İrandan daha ciddidir. Bəli, ciddidir, ona görə ki, Suriyada İraqın şımalında oldugu kimi kürdlərin muxtariyyəti və yaxud müstəqil dövləti yaranarsa (ki bunu Vaşinqton çox istəyir), o zaman ən böyük təhdid Ankaranı gözləyə bilər.

 

Türkiyə prezidenti R.T.Ərdoğan artıq bir müddətdir Suriyanın şimalında, xüsusilə, Mənbiç və Tel-Rıfat bölgəsini kürdlərin PYD qruplaşmasından azad etmək istəyir. Ərdoğan iqtidarı yeni əməliyyat keçirməklə ən azı 1 milyon suriyalı qaçqını vətəninə göndərməyə çalışır. Lakin Suriyada hər hansı əməliyyat Rusiya ilə koordinasiya şəkilində aparılmalıdır. Çünki həmin ərazidə rus hərbçiləri də mənzillənib. Rusiya prezidenti V.Putin də türkiyəli həmkarı R.T.Ərdoğanla görüşündə Ankaranın təhlükəsizlik qaygılarını anladığını deyir, terrorçuluga qarşı dəstək sözü verir, ancaq şərt qoyur. Bu da odur ki, Ərdoğan və Əsəd arasında birbaşa təmas işin xeyrinədir. Yəni Putin çalışır ki, Ərdoğan və Əsəd barışsın. Rusiya hal-hazırda Ukraynada bataqlıqdadır və təbii ki, Türkiyə ilə anlaşmağa daha çox meyillidir.

 

Digər tərəfdən, indiyəcən Türkiyə və Suriya arasında kəşfiyyat xidmətləri arasında görüşlər keçirilib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə deyir ki, Suriya rejimi mülayim müxalifəti tərəfmüqabil kimi qəbul etməli və yeni konstitusiyanın yazılmasında birlikdə fəaliyyət göstərməlidir. Lakin məsələnin də düyümləndiyi nöqtə elə burasıdır: rejim mülayim müxalifətlə anlaşmır, Azad Suriya Ordusunu (ASO) terrorçu kimi görür. Halbuki ASO Suriyanın yerliləridir və ölkənin parçalanmasından yana deyillər. Suriyanı bölmək istəyən isə PYD/SDG kürd qruplaşmalarıdır. Qeyri-adi olan odur ki, Əsəd rejimi əsas separatçıları deyil, mülayim müxalifəti hədəf seçib.

 

Ərdoğan-Əsəd təmasına gəldikdə isə, 2011-ci ilə qədər iki lider çox yaxın olublar, hətta hər iki ölkənin nazirlər kabinetləri birgə iclaslar keçiriblər, Suriya liderinin ailəsi Bodrumda israhət də ediblər. 

 

Ərdoğan qarşıdan gələn seçkilərdə qələbə qazanmaq istəyir. Əgər Suriya məsələsində irəliləyiş olmasa, iqtisadi sahədə (xüsusilə infilyasiya) problemlər aradan qaldırılmasa, AKP-nin şansları yüksək deyil. Bu nöqteyi-nəzərdən Ərdoğan Suriya ilə münasibətlərin normallaşdırılmasında, ən az 1 milyon qaçqının öz vətəninə göndərilməsində maraqlıdır.

 

Yeri gəlmişkən, Suriyanın nusayri dərin dövləti kimi bilinən Məclisi-Millinin üzvü Əli Əhməd Səid Türkiyəyə səfər edib. Suriyalı nusayrilər (ələvilər) iki qola bölünür: Heydəri və Klezi. Nusayri dərin dövləti Bəşər Əsədə həmişə məsləhətlər verir və hakim rejimin partiyası BƏƏS-in qərarlarına təsir edir. Belə demək mümkünsə, B.Əsəd ələvilərdən məsləhət alaraq siyasi qərarlar verir. Görək nəticə necə olacaq...

 




Ana səhifəyə qayıt        Baxış: 6 884          Tarix: 17-08-2022, 06:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma