Xəbər lenti

 

Azərbaycan Ordusunun Qafan-Gorus yolunu nəzarət altına almasından sonra İranın Ermənistan vasitəsilə Gürcüstana və Qara dənizə çıxmaq yolu üzərində böyük əngəl yarandı. Halbuki, İran bu yola Hindistan məhsullarının Avropaya nəqli üzərində mühüm aşırım olaraq baxırdı. Və bu marşrut Çinin “Bir Kəmər, Bir Yol” layihəsinə alternativ kimi düşünülürdü. Çinin iqtisadi cəhətdən böyüyərək ABŞ keçəcəyindən çəkinən Vaşinqton da “Bir Kəmər, Bir Yol” layihəsinə qarşı Oman körfəzi-Qara dəniz marşrutuna daha isti yanaşırdı. Fəqət Qara dəniz ətrafında Ukrayna-Rusiya müharibəsinin başlaması bu marşrut üzərində ikinci keçilməz sədd yaratdı. 

 

Üstəlik, İranın Ermənistan üzərindən Avropaya açılan yollarının təbii relyefi də hamar deyil. Dağlar-təpələr aşaraq 400 km-ə qədər böyük məsafələr keçilməli və İrəvana çatılmalıdır. Bu dağlarla əhatələnmiş marşrut üzərindən dəmir yolu çəkmək qeyri-mümkündür. Bir sözlə, İranın xəyallarında canlandırdığı marşrut ağlı başında olan heç bir biznesmen üçün qətiyyən rentabelli görünmür. İran isə kor tutduğunu buraxmayan kimi iki əlli yapışıb ermənilərin yaxasından Azərbaycana “şir quyruğu” göstərir. Sözsüz ki, bu mənasız israrçılıq Azərbaycanın ürəyini bulandırır və ona təqdim edə biləcəyimiz nəfəsliyi təhlükə altına salır.

 

Bu da azmış kimi,  Ukrayna savaşının başlaması ilə İranla Hindistan arasındakı ticarət dövriyyəsi də azalmağa başlayıb. Bəlkə də bunun nəticəsindir ki, Hindistan da artıq Oman körfəzi-Qara dəniz marşrutuna əvvəlki kimi həvəs göstərmir. Bəs Ukrayna savaşı bitərsə, Hindistan yenidən İran üzərindən tranzit ssenarilərini gözdən keçirə bilərmi?

 

Ovqat.com-un məlumatına görə, İranın SEPAH qüvvələrinə bağlı İLNA nəşri Hindistanın Xarici Ticarət İnstitutunun vitse-prezidenti, iqtisadi məsələlər üzrə analitiki, professor Manoj Pantdan aldığı müsahibədə əsasən bu suala aydınlıq gətirməyə çalışır.

 

Azərbaycanı da yaxından ilgiləndirdiyindən müsahibənin tərcüməsini oxucularımıza təqdim edirik.

 

-Nə üçün Hindistan İranla Çabahar razılaşmasına və Şimal-Cənub Dəhlizi sazişinə baxmayaraq, son vaxtlar yüklərini Pakistandan Əfqanıstana, Gürcüstandan Rusiyaya göndərir?

 

-Məsələnin bir tərəfi ondan ibarətdir ki, İran beynəlxalq sanksiyalarla üz-üzədir. Bu vəziyyət İrana və İrandan pul köçürmələrində problemlər yaradır. Ona görə də bu hal biznesin problemlərlə üzləşməsinə səbəb olur. Nəhayət, başqa bir problem bu yol üzərindəki çətinliklərlə bağlıdır. Məsələn, bəzi ərazilərdə yol mexanizmi o qədər keyfiyyətli deyil ki, ona arxayın olasan. Bununla belə, bu dəhliz Ukrayna müharibəsindən sonra Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalar zamanı son üç ayda İran vasitəsilə Hindistan və Rusiya arasında daha böyük həcmdə ticarətə şərait yaradır.

 

Unudulmamalıdır ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin şəbəkəsi Rusiya ilə Hindistan arasında ən qısa rabitə marşrutunu təklif edir. Bir çox ekspertlər hesab edir ki, bu mühüm və səmərəli marşrut həm də iki ölkə arasında daşınma xərclərini təxminən 30% azaldır.

 

Ancaq bu yoldan daha çox istifadə edilməli və hər iki tərəf bu sahədə uyğun mexanizmə nail olmağa çalışmalıdır. Nəhayət, bu yolun təkmilləşməsi və inkişafı hamının xeyrinədir və bütün çalışmalar bu istiqamətə yönəldilməlidir.

 

-Sanksiyalar qaldırılarsa və nüvə danışıqları yekunlaşarsa, İran və Hindistan arasında əsas ticarət mübadiləsi nə olacaq?

 

-Düzünü desəm, neft Hindistanla İran arasında ticarətdə ən önəmli yer tutur. İllərdir davam edən embarqodan sonra bəzi ticarət yolları ciddi problemlərlə üzləşib ki, nüvə sazişi yenidən imzalanacağı təqdirdə, təbii ki, bu ssenarilərin üzərində işləmək və onları canlandırmaq lazımdır. Amma bu sahədə, bu müddət ərzində İran Hindistana o qədər də mühüm təkliflər etməyib. İrana avtomobil ixracına gəlincə, bildiyimə görə, Tehran tərəfindən konkret və praktiki təklif olmayıb.

 

Əgər sanksiyalar aradan qaldırılarsa, müsbət tendensiya yenidən geri dönə bilər. 2018-ci ildə İran Hindistana 315 milyon dollardan çox gübrə ixrac edib. Lakin sonrakı illərdə bu tendensiya azalıb. Ümumilikdə, 2021-2020-ci maliyyə ili ərzində İran və Hindistan arasında ticarət əlaqələri iki milyard 100 milyon dollar həcmində qiymətləndirilir. Bu rəqəm 2019-2020-ci maliyyə ili ilə müqayisədə 56% azdır. 2022-ci ilin əvvəlindən isə bu mübadilə daha da azalıb. Beləliklə, əvvəl dediyim kimi, nəticələri gözləmək lazımdır, biz ancaq gələcəyə ümid edə bilərik!

 

-Ukraynadakı münaqişə Hindistan kimi bir ölkənin daha çox irəliləməsinə və dünyanın ən yaxşı ölkələri arasında mövqeyinin yaxşılaşmasına səbəb ola bilərmi?

 

-Düşünmürəm ki, Ukrayna müharibəsi iqtisadi bərabərliklərin dəyişməsində çox təsirli olacaq. Bir tərəfdən gördük ki, bir çox ölkələrin təsəvvürünün əksinə olaraq rubl çox zərər görməyib və Kreml onu cilovlaya bilib. Təbii ki, bəziləri bu münaqişələrin təsirinin gələcəkdə daha aydın görünəcəyinə inanır, amma hər halda indiyədək Moskva vəziyyəti yaxşı idarə edə bilib. Həmçinin Türkiyənin vasitəçiliyi ilə taxıl və yem məhsullarının dövriyyəsi ilə bağlı ərəblərin bəzi narahatlıqları var və bu günlərdə bir çox ölkələrin limanlarında Ukrayna taxıl gəmilərinin yandığını görürük. Ona görə də, fikrimcə, Ukraynadakı müharibənin bütün iqtisadi tənlikləri kökündən dəyişəcəyini düşünmək olmaz.

 

Başqa bir məqam ondan ibarətdir ki, Ukraynadakı müharibə, məncə, iqtisadi müharibədən daha çox siyasi müharibədir. Ona görə də hesab edirəm, çətin ki, bir ölkənin bu münaqişədən öz iqtisadi mənfəəti üçün yararlanması və maliyyə gücləri pilləsində yüksəlməsi mümkün olsun. Hindistan da eyni şeyi edə bilməz. Ukraynadakı müharibənin son nəticəsi demokratik və qeyri-demokratik ölkələr arasında uçurumların genişlənməsi olacaq.

 

Tərcümə etdi: Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 6 664          Tarix: 30-08-2022, 20:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma