Xəbər lenti

 

Vəzifəsinin İlk 10 gününün güdazına gedən general-leytenant


44 günlük müharibədə Qarabağ ermənilərinin "müdafiə ordusu"na rəhbərlik edən general-polkovnik Mikael Arzumanyan dünən həbs olunub.

 

Ovqat.com-un məlumatına görə, Ermənistan İstintaq Komitəsi dünən yaydığı yazılı açıqlamada bunu bəyan edib.

 

Mikael Arzumanyan 2020-ci il oktyabrın 30-dan noyabrın 9-dək Qarabağda gedən döyüşlərdə xidməti vəzifəsinə səhlənkar yanaşmaqda və xüsusilə Şuşa və ətrafının qorunmasını düzgün təşkil etməməkdə, nəticədə şəhərin Azərbaycan Ordusu tərəfindən alınmasına, xeyli sayda erməni silahlısının öldürülməsinə yol açmaqda ittiham olunur. Arzumanyan barəsində Ermənistan Respublikası Cinayət Məcəlləsinin 375-ci maddəsinin 3-cü hissəsi ilə həbs qətimkan tədbiri seçilib. 

 

Ermənistan İstintaq Komitəsinin qondarma “DQR”-nın keçmiş müdafiə naziri Mikayel Arzumanyana qarşı hazırladığı ittiham aktında bildirilir:

 

• “31 oktyabr 2020-ci il tarixdə cəbhənin sektorlarından birində, eləcə də Şuşa-Turşsu (Lisaqor) avtomobil yolunda 27-28 oktyabrdan sərəncamında olmasına baxmayaraq, lazımi müdafiəni təmin etməyib. 95 nəfərdən ibarət xüsusi tüfəng taqımı, eləcə də o dövrdə döyüş tapşırıqlarında iştirak etməyən 365 döyüşçüdən ibarət iki ayrı batalyon Arzumanyanın səhvi ucbatından Şuşanın müdafiəsindən kənarda qalıb.

 

Noyabrın 5-də Azərbaycan Ordusunun ayrı-ayrı bölmələrinin Şuşaya daxil olmasına baxmayaraq, Arzumanyanın 6 noyabr 2020-ci il tarixində imzaladığı əməliyyat hesabatlarında döyüş tapşırıqlarının yerinə yetirildiyi və vəziyyətin nəzarətdə saxlandığı göstərilirdi.

 

• Noyabrın 5-də o, Şuşa ilə Daşaltı kəndinin kəsişməsinə, “İsa bulağı” adlanan əraziyə bir atıcı batalyon göndərib. Bu zamana qədər isə Azərbaycan hərbi birləşmələri artıq Daşaltı ilə yanaşı bir sıra kəndləri və strateji nöqtələri, o cümlədən İsa bulağı ilə Şuşa-Turşsu yolunun kəsişmə hissələrini nəzarətə götürmüşdü. Bu şəraitdə göndərilən batalyon sabit müdafiə təşkil etməyə vaxt tapmadan mühasirəyə düşmə təhlükəsi ilə üzləşib və itki verərək müdafiə əvəzinə özünümüdafiəyə keçib. Halbuki, bu batalyon noyabrın 1-dən döyüş əməliyyatlarında iştirak etməyə hazır idi.

 

• Şuşanın müdafiəsi əməliyyatında 2020-ci il oktyabrın 15-dən hazır olan hər biri 2590 nəfərdən ibarət iki motoatıcı batalyon, eləcə də oktyabrın 20-dən hazır olan 150 nəfərlik birlikdən istifadə olunmayıb. Həmçinin nizami ordu sıralarına 650 nəfərlik bölmələr cəlb olunmayıb”.

 

Arzumanyanın həbsi Qarabağ ermənilərində şok yaradıb. İttiham səsləndirilməmişdən əvvəl qondarma rejimin “prezidenti”nin mətbuat katibi Lusine Avanesyan bildirib ki, o, hərbi əməliyyatların effektiv aparılması üçün çox işlər görüb və ən yaxşı hərbi liderlərdən biri olub. “Xankəndində çoxları keçmiş komandirin həbsini anlaşılmazlıq kimi qəbul ediblər”, - deyə mətbuat katibi açıqlamasında deyib.

 

Erməni analitikləri Mikael Arzumanyanın həbsinin Ermənistan Baş naziri Paşinyanla Azərbaycan Prezidenti Əliyevin Brüssel görüşündən bir gün əvvəl baş verdiyini təsadüfi saymırlar. Onların iddiasına görə, Azərbaycanın Ermənistandan əsas tələblərindən biri Qarabağdakı “müdafiə ordusu”nun buraxılması və qeyri-qanuni silahlı qruplaşmaların ərazidən çıxarılmasıdır. Qeyd edək ki, ermənilərin bu tələbə əməl etməməsi Azərbaycan Ordusunun “Qisas” əməliyyatı keçirməsi ilə nəticələnmiş və bir sıra ərazilərdə yerləşən qanunsuz hərbi dəstələr darmadağın olunmuş, Qarabağın strateji əhəmiyyət daşıyan yüksəklikləri nəzarətə götürülmüşdür. Məqsəd, sözsüz ki, erməni separatçılarına məxsus hərbi birliklərini yenidən yaranmasının və bölgəyə nəzarət etməsinin qarşısını almaq idi.

 

Xatırladaq ki, Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan 10 Noyabr Bəyanatında da erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılması tələb olunur. Bəyanatın 4-cü maddəsində bu barədə deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Paşinyan bu müqaviləyə imza atdığından həmin müddəanı da bir öhdəlik kimi boynuna götürüb. Bir çox analitiklər də məhz bu məntiqdən çıxış edərək bildirirlər ki, Paşinyan Brussel görüşünə əli dolu getmək, Qarabağdakı erməni qruplaşmalarını tamamilə ləğv edəcəyinə əminlik yaratmaq üçün səfərindən bir gün əvvəl Arzumanyanı qandallayıb.

 

Mikael Arzumanyan qondarma “DQR”-nin rəhbəri Arayik Arutyunyanın əmri ilə 27 oktyabr 2020-ci il tarixində müdafiə naziri təyin olunub. Bundan əvvəl o, “müdafiə ordusu”nun baş qərargah rəisi idi. Arzumanyanın daha yüksək posta təyinatı İkinci Dağlıq Qarabağ müharibəsi zamanı sələfi Cəlal Arutyunyanın ağır yaralanmasından sonra baş verib. Arzumanyan bu vəzifəyə təyin olunarkən, general-leytenant rütbəsinə layiq görülüb. 11 sentyabr 2021-ci ildə isə işdən azad edilib. Yəni onun “müdafiə nazir”liyi heç 1 il də çəkməyib. Bəxti isə orda gətirməyib ki, ermənilərin ən böyük itkiləri onun nazir kimi fəaliyyətinin ilk 10 günündə yaşanıb. 


 Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 6 918          Tarix: 31-08-2022, 08:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma