Xəbər lenti
27-11-2024, 19:25


Son zamanlar İsrail Hava Qüvvələrinin Suriyadakı hərbi bazalara endiyi raket zərbələrinin intensivliyinin artması Rusiya ilə İran arasında yeni ziddiyyətlərin ortaya çıxmasına şərait yaradıb. Məlumata görə, Rusiya bu hücumları səngitmək üçün İrana bağlı qüvvələrdən həmin bazaları tərk etmələrini istəyib.

 

Ovqat.com-un məlumatına görə, Bəşər Əsəd rejiminə yaxın qaynaqlara istinadən Şarkül-Əvsat nəşri bu xəbəri yayıb.

 

Xəbərdə bildirilir ki, İsrailin hava qüvvələrinin hədəf aldığı hərbi bazalar Həma vilayətinin qərbində və Tartus limanının yaxınlığında yerləşir. Mənbənin iddiasına görə, Rusiya hava hücumundan müdafiə qüvvələri bu hücumlara ya cavab belə vermirlər və ya verə bilmirlər. Əvəzində isə öz müttəfiqi İran qüvvələrinin bölgədən çəkilməsinin daha məqsədəuyğun olacağını düşünürlər. Mənbə məhz bu dişsizliyinə görə, Rusiyanı “zəif müttəfiq” adlandırıb.

 

“Çərşənbə günü Suriyanın mərkəzindəki Həma Hərbi Hava Limanında 3 rusiyalı zabit və onların iranlı həmkarlarının arasında görüş keçirilib. Rusiya zabitləri İran tərəfindən Suriya rejiminə bağlı 49-cu alayın yaxınlığındakı hərbi qərargahı boşaltmağı tələb ediblər. İranın S-200 və Rusiya istehsalı olan digər hərbi texnikaları ilə yanaşı uzaqmənzilli raketlərinin yerləşdiyi Qərbi Həmadakı baza onun ən mühüm hərbi obyektlərindən biri hesab olunur. İsrailin hava hücumlarından yayınmaq, Suriyanın qərbində sabitliyi qorumaq istəyən rus zabitləri ölkənin bu mühüm hissəsində İran varlığı qaldığı müddətcə İsrailə hava hücumlarını davam etdirmək bəhanəsi verildiyini düşünür və Tartusun cənubundakı Həmidiyyə bölgəsinin mümkün qədər tez boşaldılmasını vacib sayırlar”, - Bəşər Əsəd rejiminə yaxın mənbə belə deyib.

 

Bildirilir ki, İsrail son hücum zamanı Həmanın 40 kilometr qərbində yerləşən Masyaf şəhəri yaxınlığındakı Hərbi Elmi Tədqiqat Mərkəzi və digər məntəqələrə ağır hava zərbələri endirib. Hücumlar mərkəzin daxilində saatlarla davam edən geniş dağıntılara və böyük partlayışlara səbəb olub ki, bu da həmin obyektlərdə çoxlu sayda yeni istehsal edilmiş silah və raketlərin saxlanıldığını göstərir.

 

Suriya rejiminin tərəfdarları Rusiyanın illərdir İsrail tərəfindən düzənlənən hava hücumlarına susmasına və bunun qarşısını almaq üçün heç bir addım atmamasına görə ölkənin ən mühüm müttəfiqi kimi görünən Rusiyaya qarşı narazılıq və qəzəblərini ifadə ediblər. Hələb Sənaye Palatasının prezidenti Fares Şihabi sosial media hesabında yazıb:

 

“İran-Rusiya münasibətləri ən qəribə münasibətlərdən biridir! Qaz və neft müqavilələri var və eyni zamanda Rusiya İsrailin Suriyada İranı hədəf almasına icazə verir! Dəyişməyən yeganə şey odur ki, Rusiya heç kimin İsraili narahat etməsinə imkan vermir!

 

Tartus sakini Əli əl-Əli isə nəşrə açıqlamasında deyib: “Rusiya zəif və boş müttəfiqdir. O, Suriyanı İsrailin demək olar ki, hər gün təkrarlanan hava zərbələrindən qoruya bilməz”.

 

Nəşr iddia edir ki, çərşənbə günü Hələb Beynəlxalq Hava Limanının mühüm hissələri, həmçinin Suriya rejimi və İran silahlı birləşmələrinə məxsus hərbi postlar olan Dəməşq çölündə yerləşən Birinci Divizion qərargahı İsrailin bombardmanlarına məruz qalıb.

 

ABŞ ordusu isə ötən həftə Suriyanın şərqindəki hava hücumlarında əfqanıstanlı şiə milislərdən ibarət Fatimiyyun qruplaşmasının yerləşdiyi Ayas düşərgəsini hədəf alıb. Hücum nəticəsində 80 nəfər ölüb və ya yaralanıb.

 

Ovqat.com

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 345          Tarix: 3-09-2022, 08:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma