Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
İsrail Suriyanın Həma əyalətinin Misyaf bölgəsində yerləşən bir hərbi bazanı raket atəşinə tutub.
Ovqat.com xəbər verir ki, məlumatı Suriyanın rəsmi xəbər agentliyi SANA yayıb.
"Suriyanın hava hücumundan müdafiə sistemləri dərhal işə düşüb, düşmən raketlərindən bəzilərini zərərsizləşdirib", - xəbərdə belə deyilir.
İsrail ordusunun hələ təsdiqləmədiyi bu hücumun Suriyadan çox, İran hərbçilərinə qarşı keçirildiyi güman olunur. Zira ölkənin mərkəzindəki Həma bölgəsində İran İslam İnqilabı Keşikçiləri Qvardiyasına aid hərbi birləşmələr yerləşdirilib.
Əslində bu, İsrailin Suriyaya ilk raket hücumu da deyil. Son 3 aydır bu hücumların intensivləşdiyi müşahidə olunur. SANA bundan əvvəl də bir neçə dəfə - martın 31-də Xümus əyalətinin şərqinə, aprelin 20-də həmin əyalətinin şərqindəki Tedmur (Palmira) bölgəsinə, aprelin 27-də paytaxt Dəməşq yaxınlığına, mayın 1-də Suriyanın güneyinə hücum edildiyini açıqlamışdı.
İsrail hərbi dairələri də bu faktı gizlətməmiş, Müdafiə naziri Naftali Bennett 28 aprel tarixində yaydığı bəyanatında sözügedən hücumların İran hərbi qüvvələrə qarşı keçirildiyini bildirmişdi. Nazirin sözlərinə görə, İsrail artıq İranın Suriyadakı varlığını tamamilə yox etmək üçün aktiv hərbi müdaxilələrə qərar vermişdi.
“İranın Suriyada yerləşməsinə mane olmaq strategiyasından onu bu torpaqlardan zorla çıxarmaq strategiyasına keçdik və bunu son ana qədər davam etdirəcəyik. Sərhədlərimizdə strateji təhlükələrin artmasına imkan verməyəcəyik. Bu təhlükəyə qarşı mübarizəmizi düşmən ərazisində aparacağıq”, - Naftali Bennett açıqlamasında belə demişdi.
Mütəxəssislərin fikrincə, 2019-ci ilin sonlarında əsgərlərini Suriyadan müxtəlif yerlərindən neft və qaz resurslarının yerləşdiyi əyalətlərə çəkən ABŞ regional müdafiəni həmin bölgələrdə marağı olan ölkələrə həvalə etmişdi. Tramp hakimiyyətinin bu yeni strategiyasına görə, Suriyanın şimalında Türkiyə Əsəd və müttəfiqlərinə qarşı mübarizə aparacaq, cənubda isə İsrail hərbi hava qüvvələri onların logistik məkanlarını bombalayacaq. Beləcə ölkənin cənubunda və mərkəzində yerləşən hərbi qüvvələr şimala sıxışdırılcaq, Türk ordusuyla döyüşə məcbur ediləcək. Onlara hava dəstəyi verən Rusiya isə İsraillə əməkdaşlığa cəlb edilərək neytrallaşdırılacaq. Əks halda, Suriyanın Deyr əz-Zor, Rakka ve Rimelan bölgəsində qınına çəkilmiş ABŞ dövriyyəyə girəcək.
Türkiyənin fevralın sonlarında Rusiyanı xəbərdar edərək başlatdığı İdlib əməliyyatlarında İran, Hizbullah və Suriya hərbçilərinə qarşı konvansional döyüşlərdə əks tərəfə göz açdırmaması cənubda İsrail ordusunun raket hücumlarından qaçıb bu bölgəyə sığındıqlarını düşünən Əsəd müttəfiqlərinə “yağışdan qaçıb yağmura düşmək” effektli sürpriz olmuşdu. Məlumatlara görə, Türk ordusunun silahlı dronları həmin qüvvələri nəfəs almayacaq dərəcədə ətalətə məcbur etmişdi. Türk Silahlı Qüvvələrinin rəsmi açıqlamasına görə, “Bahar qalxanı” adı verilən həmin əməliyyat zamanı 33 Türk əsgərinə qarşı düşmən tərəfi yüz dəfə çox itki vermişdi. TSQ-nın 4 mart 2020-ci il tarixli bəyanatında deyilirdi: “Əməliyyat başlayandan bəri düşmən tərəf; 3 təyyarə, 8 vertolyot, 3 İHA, 151 tank, 47 top / howitzer, 52 PLAYER, 8 hava hücumundan müdafiə sistemi, 12 tank əleyhinə silah, 4 minaatan, 24 zirehli maşın, 27 zirehli döyüş maşını, 34 silahlı pikap, 60 hərbi maşın və 10 döyüş sursatı anbarı məhv edilmiş və 3 min 138 rejim əsgəri zərərsizləşdirilmişdir”.
Türkiyənin 33 nəfərlik itkisinin böyük əksəriyyətini isə “Bahar qalxanı” əməliyyatının ilk günlərində rus təyyarələrinin hücumu zamanı vermiş, daha sonra Moskva onların yanlış kordinat müəyyənləşdirilməsi nəticəsində vurulduğunu açıqlamışdı. Sözsüz ki, bu açıqlama dünya birliyi tərəfindən ciddi qəbul olunmamış, məkik diplomatiyası sayəsində Rusiya “haqqa gətirilərək”, Suriyanın şimalında Türkiyə ilə birgə hərbi patrul xidməti aparmağa razı salınmışdı.
Məhz bu hadisədən sonra Dəməşq ilə Moskva arasında ciddi mübahisələr yaşanmışdı. Suriya millət vəkillərindən Xalid əl-Abud ortaya çıxaraq Rusiyanı indiyədək bölgədə “ortada yeyib qıraqda gəzməkdə” ittiham etmiş, ölkənin müdafiəsində əsas yükün İran və Hizbullahın üzərinə düşdüyünü bildirmişdi. Millət vəkili, eynilə bizim Elman Nəsirovumuz kimi, bir az da irəli gedərək Putini Bəşər Əsədin qəzəbiylə qorxutmuşdu: “Nəbadə, Bəsər Əsəd qəzəblənməsin, şayət, qəzəblənsə, Putinin Kremlə sərdiyi xalı ayağının altından qaçacaq”.
İsrail mətbuatı Bəşər Əsədin öz deputatı timsalında bu cür qəzəb püskürməsini təsadüfi saymırlar. Onların yazdıqlarından belə anlaşılır ki, Rusiya prezidenti Təl-əviv ilə Bəşər Əsədin devrilməsi, onun yerinə Suriyada bir çox kəsimin təmsilçilərinin yer aldığı texnokrat hökumət quruculuğu barədə müəyyən razılığa gəlib. Bu da istər-istəməz Dəməşqdə əsəb gərginliyinə yol açıb.
Türkiyənin “Bahar qalxanı” əməliyyatından sonra İsrailin Suriyaya raket və hava hücumlarını intensivləşdirməsi İranı və Hizbullahı iki çətin seçim qarşısında qoyur: ya bölgəni tərk etməli, ya da yenidən şimala doğru çəkilməli. İran isə Suriyadan çəkilməklə regional hegemoniya uğrunda döyüşü öz sərhədlərinə doğru çəkmiş olar ki, bu, həm də onun ABŞ-a qarşı ən güclü silahını itirməsi deməkdir. Nədən ki, rəsmi Tehran ABŞ hücumuna məruz qalarsa, onu Yaxın Şərqdəki dayaqlarını vurmaqla hədələyir. Əsas potensial hədəf isə ABŞ-ın strateji müttəfiqi İsraildir.
İsrailin bu təhdidi önləmək üçün bir-birinə bağlı iki əsas yolu var. Bunlardan biri uzaqməsafəli, digəri isə yaxınməsafəli önləmə planıdır.
Uzaqməsafəli önləmə planına İrandan atılacaq ortamənzilli raketləri buffer zonada zərərsizləşdirmə gücü daxildir. Bu plana əsasən, körfəz ölkələri havadan müdafiə sistemləri ilə təchiz olunmalı, atılması proqnozlaşdırılan İran raketlərinin bir hissəsi ərəblər tərəfdən təsirsiz hala gətirilməli, o əngəli aşanlar isə İsrailin “Dəmir qübbə”si vasitəsilə əngəllənməlidir. Bu istiqamətdə ərəf-İran ziddiyyətlərindən uğurla istifadə edən Təl-əviv öz hədəflərini böyük ölçüdə reallaşdırıb. Ən son addım olaraq isə, ABŞ Konqresi BƏƏ-nə hava hücumlarından müdafiə sistemlərinin satılması barədə qətnamə imzalayıb.
Beləcə, geriyə İranın əlində ən etibarlı silah kimi yaxın məsafə döyüşü qalır. Bu isə Livandakı Hizbullah ordusunun Təl-əvivə zərbə endirmək imkanları ilə bağlıdır. İsrail bu imkanları zəiflətmək üçün İranla Livan arasında logistik bağları kəsmək üçün iki dövlət arasında keçilməz sədd qurmalıdır. Bu da həmin keçid yollarını İranın nəzarətindən çıxarmaqla mümkündür. Təbii ki, burada söhbət Suriya və İraqı İranın təsir dairəsindən çıxarmaqdan gedir. Məsələyə bu aspektdən yanaşanda İsrailin Suriyaya hər gün intensivləşən raket hücumları təsadüfi görünmür.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar