Vaşinqtona səfər edən İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın rəhbəri David Barnea İranın nüvə fəaliyyətləri ilə bağlı Amerika rəsmilərinə “həssas kəşfiyyat məlumatları” verib.
Ovqat.com-un bildirdiyinə görə, İsrail Baş Nazirliyinin mətbuat xidmətinin məlumatında belə deyilir.
Məlumatda bildirilir ki, MOSSAD rəhbəri ABŞ təmasları çərçivəsində bir sıra diplomatik və təhlükəsizliklə bağlı görüşlər keçirib, müxtəlif yüksək səviyyəli Amerika rəsmiləri, o cümlədən MKİ və FTB rəhbərləri, Dövlət Departamentinin Milli Təhlükəsizlik Müşaviri, Müdafiə Naziri, Baş Qərargah rəisi və digər rəsmilərlə İran məsələsini müzakirə edib.
Barneanın ABŞ rəsmilərinə “İranın dünyanı aldatmağa davam etdiyi bir vaxtda İsrailin boş dayana bilməyəcəyini” çatdırdığı vurğulanır.
Barnea ilə görüşdə ABŞ rəsmiləri “İsrailin təhlükəsizliyinə sadiq qaldıqlarını” bildiriblər və tərəflər “İranın nüvə silahı əldə etməsinə icazə verilməməsi” barədə razılığa gəliblər.
Qeyd edək ki, İsrail P5+1 ölkələrinin İranla bağladıqları nüvə sazişinə qarşı çıxır və bu ölkəyə qarşı sanksiyaların ləğvini nəzərdə tutan müqaviləni Tehrana ildə 100 milyard dollar qazandıracaq “pis sənəd” kimi qiymətləndirir. İsrailin baş naziri Yair Lapid avqustun 24-də mətbuata verdiyi açıqlamasında Tehranın əldə edəcəyi həmin vəsaiti SEPAH-ı gücləndirmək, İran xalqını sıxışdırmaq, Yaxın Şərqdəki ABŞ bazalarına hücum etmək, Hizbullah, Həmas və İslami Cihadı dəstəkləmək üçün istifadə edə biləcəyini vurğulamışdı.
Ovqat.com
Paylaş: