Xəbər lenti


Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze sentyabrın 13-də keçirdiyi brifinqdə ölkəsinin Rusiyaya qarşı ikinci cəbhə açması ehtimalından danışıb.

 

Ovqat.com-un məlumatına görə, Kobaxidze bildirib ki, Gürcüstan hakimiyyəti hələ də Rusiyaya qarşı “ikinci cəbhə”nin açılması ideyasını dəstəkləmir. Bununla belə, Tbilisi Kiyevdən gələn çağırışlar fonunda xalqın ölkə hökumətinin mövqeyi ilə razılaşıb-razılaşmadığını öyrənmək üçün referendum keçirməyə hazırdır.

 

Təəssüf ki, Ukrayna hökumətinin yüksək rütbəli məmurları Gürcüstanda ikinci cəbhə açmaq istəklərini gizlədə bilmirlər. İnsanlar Gürcüstanda ikinci cəbhə açmaq istəsələr də, istəməsələr də, biz sorğu, plebissit keçirə bilərik”, - Kobaxidze deyib.

 

Hakim partiyanın sədri əmindir ki, Rusiya Federasiyasına qarşı ikinci cəbhənin açılması qərarını xalq verməlidir.

 

“Bu, onların mövqeyidir (Kiyevin - red.) və mən bir daha təkrar edirəm: biz insanlardan soruşmalıyıq ki, Gürcüstanda ikinci cəbhə istəyirlər, ya yox. İnsanlar istəsə, bu məsələni birlikdə müzakirə edə bilərik. Əks halda, biz fərqli seçim etməli və artıq qəbul edilmiş qərara sadiq qalmalıyıq”, - deyə siyasətçi fikrini yekunlaşdırıb.

 

Maraqlıdır ki, Ukraynanın Gürcüstandan “ikinci cəbhə” açmaq tələbi yeni deyil. İlk dəfə bu məsələ Ukrayna və Rusiya müharibəsi başlayanda gündəmə gəlmişdi. Fevralın 24-də Rusiya Ukraynaya hücum edəndən bir gün sonra, fevralın 25-də Gürcüstanın Baş naziri Qaribaşvili bəyan etmişdi ki, ölkəsinin milli maraqlarını nəzərə alaraq, Rusiyaya qarşı maliyyə-iqtisadi sanksiyalarda iştirak etmək fikrində deyil. Bunun ardınca Ukrayna Gürcüstandakı səfirini məsləhətləşmək üçün Kiyevə çağırmış və iki ölkə arasında ikinci cəbhənin açılıb-açılmaması barədə mübahisələr başlamışdı. Aprelin əvvəlində Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirmişdi ki, ölkəsi Ukraynanı dəstəkləyir, lakin xalqın milli maraqları nəzərə alaraq, Rusiyaya qarşı iqtisadi təzyiqlərə qoşulmaq niyyətində deyil. Mayın 5-də Tbilisi Kiyevə daha qəti cavab vermiş və məlum olmuşdu ki, onun Rusiyaya qarşı ikinci cəbhə açmaq və Ukraynanı silahla təmin etmək tələblərini yerinə yetirə bilməyəcək. İyunun 14-də Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak vəziyyəti daha da gərginləşdirən açıqlaması ilə gündəmə gəlmiş və Gürcüstan hökumətini Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiqindən imtina etməkdə günahlandırmışdı. Gürcüstan yetkilərinin bu ittihamlara cavabları özünü çox gözlətməmişdi. Rusiyapərəst oliqarx Bidzina İvanişviliyə bağlılığı şübhə doğurmayan mövcud hökumətin nümayəndələri milli maraqları əsas gətirib bu fikri yaxına buraxmamışdılar.

 

Üzərindən bir neçə ay keçməsinə və Ukraynanın müharibədə uğurlar qazanmasına, dolayısıyla Gürcüstanın açacağı “ikinci cəbhəyə” belə, ehtiyacının qalmamasına baxmayaraq, Tbilisidə bu məsələnin yenidən gündəmə gətirilməsi təəccüb doğurur. Üstəlik, gürcü yetkililəri “ikinci cəbhə”nin açılması üçün referendum belə təşkil etmək istəyirlər. Görünən budur ki, Tbilisi ciddi basqı altındadır və bu təzyiqlər əsasən xaricdən gəlir. 

 

Amma bu xaricin Ukrayna olmadığı gün kimi aydındır. Zənnimcə, İrakli Kobaxidzenin “referendum keçirə bilərik” mesajı da Ukraynadan çox, Qərb dövlətlərinə, xüsusilə də ABŞ-a ünvanlanıb. Mesajın ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi Filip Rikerin Tbilisiyə səfəri əsnasında verilməsi də bunu göstərir.

 

Məlum olduğu kimi, Filip Riker sentyabrın 12-də Tbilisiyə getmiş və ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşmüşdü. Görüşdən sonra Qaribaşvili “Twitter“də  Filip Rikerlə müzakirə etdikləri məsələlərlə bağlı məlumat paylaşmış və bildirmişdi ki, onlar regional dinamika, Gürcüstanın Avropaya inteqrasiyası, ABŞ-Gürcüstan strateji tərəfdaşlığı və ABŞ-ın regionda və ondan kənarda sülhün, demokratiyanın və inkişafın təşviq edilməsindəki həyati roluna dair müzakirələr aparıblar.

 

Ardınca Baş nazirin mətbuat xidməti də bu görüşlə bağlı rəsmi məlumat yayımlamışdı. Məlumata görə, tərəflər Ukraynada davam etməkdə olan müharibə, onun regionda və dünyada yaratdığı mürəkkəb təhlükəsizlik mühiti barəsində danışıblar. Qeyd olunmuşdu ki, söhbət zamanı Gürcüstanın işğal altındakı ərazilərindəki vəziyyətə də diqqət yetirilib. Baş nazir İrakli Qaribaşvili münaqişələrin sülh yolu ilə həllində maraqlı olduğunu vurğulayıb. 

 

Məlumatda həmçinin bildirilmişdi ki, söhbət zamanı Gürcüstan Baş nazirinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında saxlanılmış ermənilərin və minalanmış ərazilərin xəritəsinin mübadiləsinə dair əldə edilmiş razılaşmaya da toxunulub.

 

İrakli Kobaxidzenin məhz bu görüşdən bir gün sonra “ikinci cəbhənin açılması” ilə bağlı referendum keçirməyə hazır olduqlarını bildirməsi təsadüfi deyil. Görünən budur ki, Qaribaşvili ilə görüşdə Filip Riker “ikinci cəbhənin açılmasında” ciddi israr edib. Gürcüstan isə bu məsələdə topu gürcü xalqının qarşısına atıb. Görüşdə Ukraynada davam edən müharibə ilə yanaşı Gürcüstanın işğal altındakı ərazilərindəki vəziyyətin müzakirə olunması da bundan xəbər verir.

 

Maraqlıdır ki, Filip Riker Gürcüstanda görüşlərini tamamlayıb, Azərbaycana gəldiyi gün Ermənistandan ölkəmizə qarşı genişmiqyaslı hücumlar başladı. Sentyabrın 13-də Prezident İlham Əliyevlə ABŞ rəsmisinin arasında keçirilən görüş məhz bu təxribatçı hücumun kölgəsində keçdi. Halbuki, Filip Riker Qafqaz turunun ilk səfəri çərçivəsində İrəvanda olarkən Nikol Paşinyanla keçirdiyi görüşdə Azərbaycan-Ermənistan-Türkiyə arasındakı münasibətlərin normallaşdırılmasında ABŞ-ın əlindən gələni əsirgəməyəcəyinə söz vermişdi. Onun Cənubi Qafqaza səfərinin əsas məqsədlərindən biri Gürcüstanı öz əraziləri uğrunda Rusiyaya qarşı ikinci cəbhə açmağa həvəsləndirməkdisə, digəri Ermənistanla Azərbaycan arasında münasibətləri normalaşdırmaqdı. Çünki Rusiyanın Cənubi Qafqazdan tamamilə çıxması məhz bu iki məsələnin müsbət həllindən asılıdır. Anlaşılan budur ki, Gürcüstanda ABŞ-ın qarşısına referendum əngəlini qoyan Rusiya Azərbaycanla Ermənistan məsələsində də konflikti yenidən qızışdırmaqla Cənubi Qafqazdakı mövqeyini gücləndirməyə çalışır. Təsadüfi deyil ki, Ermənistan ordusundakı Rusiyaya bağlı qüvvələrin bu təxribatçı hücumundan sonra Paşinyan Moskvaya və KTMT-ə yardım çağrısında bulundu. Böyük ehtimalla, Rusiya onun bu diləklərini nəzərə alıb öz qoşunlarını İrəvana göndərəcək. Beləcə, Ermənistanın Rusiyadan kənarlaşması çətinləşəcək. Azərbaycanın da həmçinin.

 

Heydər Oğuz,

Ovqat.com

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 522          Tarix: 14-09-2022, 18:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma