Xəbər lenti

Ovqat.com Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Teleqraf.com-a verdiyi müsahibəni təqdim edir:

- Tofiq müəllim, ABŞ prezidenti Cozef Baydeninin Ermənistanın müstəqillik günü ilə bağlı təbrik məktubunda separatçılarla bağlı fikirlərə yer verməsi nədən qayaqlanırdı?

- Burada bir daha aydın olur ki, Ermənistan-Azərbaycan münaqişəsi bizim regionu idarə etmək üçün fövqəldövlətlər tərəfindən yaradılıb və istifadə edilib. Ona görə də Rusiyanın da bu bölgəyə aid siyasəti birmənalı deyil. Aydın görünən odur ki, II Qarabağ müharibəsindən sonrakı vəziyyəti nəzərə alaraq burada sülhməramlıların zonasından istifadə cəhdəri də var. Fakt odur ki, mümkün qədər Azərbaycanın bölgəyə inteqrasiyasına mane olmaq cəhdləri açıq görünür. Eyni zamanda bu cür yanaşma Qərbdən də mövcuddur. Yəni orada olan bu və ya digər separatçı qurumları Qərb və ABŞ-da öz məqsədləri üçün istifadə etməyə çalışır. Buna aid bəyanatları biz eşidirik. Təbii ki, C.Baydenin xəbəri yoxdur ki, bu ərazidə kimlər yaşayır. Onlar dırnaqarası xalqdır yoxsa, kimdir? Bunu təbii ki, ABŞ prezidenti bilmir.

- Belə olan halda bu cür mətnlərin ortaya çıxması necə baş verir?

- Söhbət burada təbii ki, bu cür mətnləri hazırlayıb C.Baydenə təqdim edən diplomatdan gedə bilər. Onlar da orada sadəcə olaraq öz istəyini nümayiş etdirirlər. Burada sadəcə 90-cı illərdən yaranmış bu məsələnin, heç kimə bəlli olmayan xalqın "hüquqları” barədə mövzuları davam etdirmək niyyəti var.

- Bu cür halların çoxalması nəyə hesablanır?

- Biz də başa düşməliyik onların sonuncu hadisələrə münasibəti çox kəskindir. Ona görə də haray-həşir salıblar. İddia edirlər ki, guya Ermənistan işğal edilir. Eyni zamanda ərazi bütövlüyü tanınmır, sərhədlər pozulur kimi absurd bəyanatlar eşidilir. Amma onlar əslində burada nə baş verdiyini onlar yaxşı başa düşürlər. İndi Azərbaycan onlara elə bir strategiya nümayiş etdirir ki, bununla razılaşmaqdan başqa seçimləri qalmır. Əgər Azərbaycan ərazisini münaqişə mövzusu kimi qələmə vermək niyyəti varsa, biz də Ermənistanın bir hissəsini həmin tələblərlə təqdim edə bilərik.

- Bəs ABŞ-ın bu məsələdə son dərəcədə narahatlığı nəyə görədir?

- Sadəcə olaraq onların uzun illər bizə qarşı istifadə etdiyi ssenari indi pozulur. Məhz ona görə də çox narahatdırlar. Çalışırlar ki, proseslərin qarşısını mümkün qədər alsınlar. Amma bunun qarşısını almaq imkanı onlara verilməyəcək. Əslində isə ABŞ prezidentinin bir balaca cümləsindən onların gələcək istəkləri, planları hamıya bəlli olur. 30 illik münaqişə tərəfi olmuş ölkə kimi biz bu cür məsələləri çox yaxşı başa düşürük.

- Sizcə Ermənistanın son təxribatlarından sonra sülh üçün ümidlər qalırmı?

- Sonuncu erməni təxribatından öncə Azərbaycanla Ermənistan arasında sülhün yaranması məsələsi gündəmdə idi. Azərbaycan və Türkiyə tərəfindən səslənən müxtəlif platforma ilə bağlı təkliflər, gündəmlə bağlı açıqlamalarda sülh sazişinin imzalanması mütləq bir addım kimi göstərilirdi. Delimitasiya və demarkasiya prosesi ilə bağlı da konkret mövqe sərgilənirdi. Azərbaycan və Türkiyə bu məsələdə çox fəal idi. Amma görünür ki, bu hal fövqəldövlətlər üçün o qədər də lazımlı deyilmiş. Onlara məhz münaqişə lazımdır ki, bunun vasitəsi ilə bölgəni idarə etsinlər. Hətta burada marağı olan tərəflər bir-birinə açıq təsir edir. Yəni bürada sülhü istəməyən və bunu açıq-aşkar deməyən qüvvələr həddindən artıq çoxdur.

- Zəngəzur dəhlizi ilə bağlı haqlı tələbə olan dözümsüz yanaşmalar nədən ibarətdir?

- Bəzən deyirlər ki, biz daha aktiv sülhlə məşğul olmamalı, Zəngəzur dəhlizi məsələsini çox da gündəmə gətirməməliyik. Əslində görünən odur ki, Zəngəzur mövzusunu biz gündəmə gətirməsək, Qarabağ məsələsini kimsə yaddan çıxarmayacaq. C.Baydenin məktubunda göstərilən ifadə artıq bunu təsdiq edir. Məhz bu cür vəziyyətə uyğun olaraq da biz strateji addımlarımızı atmalıyıq.

- Sərhəddə yenidən gərginliklər olacağı ilə bağlı fikirlər səsləndirilir. Bu nə dərəcədə realdır?

- Əgər fövqəldövlətlər sülhün yaranmasına imkan verməsələr, növbəti müharibə ehtimalı var. Amma növbəti müharibə Qarabağda deyil, Zəngəzurda olacaq. Bu da bizim seçimimiz olmayacaq. Biz sadəcə olaraq öz maraqlarımızı müdafiə etmək üçün bu cür taktiki addımlar atırıq. Buna tarixi və mənəvi baxımdan da haqqımız çatır. Çünki Zəngəzur tarixi Azərbaycan ərazisidir və vaxtilə qeyri-qanuni olaraq Ermənistana verilib. Amma bununla yanaşı biz bu mövzu ilə öz mövqeyimizi müdafiə edirik. Bunu da hamı başa düşməlidir. Bu addımlarla Qarabağı müdafiə etmək bizim borcumuzdur.

/Teleqraf




Ana səhifəyə qayıt        Baxış: 5 519          Tarix: 23-09-2022, 23:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma