Xəbər lenti


Praqa sammitində Bakı və İrəvan BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını təsdiqləyərək, bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanımağa hazır olduqlarını bəyan etdilər. Bəyanat Ermənistan müxalifətinin kəskin tənqidinə, Xankəndidə mitinqlərə, Arutyunyanın isə Paşinyanla görüşmək üçün təcili İrəvana gəlməsinə səbəb oldu.


Bəyanatın mətni də böyük mübahisələrə səbəb oldu. Bəziləri bu bəyanatla Paşinyanın Qarabağdan birdəfəlik əl çəkdiyini bildirdi. Digərləri Qarabağdakı qondarma referendumun 10 dekabr 1991-ci ildə keçirilməsinə diqqət edib, Alma-Ata bəyanatının imzalandığı vaxtda (21 dekabr) Ermənistanın Qarabağı artıq Azərbaycanın tərkib hissəsi kimi nəzərdən keçirmədiyini bildirdi. Başqaları Ermənistan Konstitusiyasının preambulasında İstiqlaliyyət haqqında Bəyannaməyə istinad edərək Ermənistanın hələ 1 dekabr 1989-cu ildə Qarabağla birləşdiyini qeyd edirlər. Bu spekulyasiyalara son qoymaq üçün Ermənistan verdiyi bəyanatlar və imzaladığı sənədlərdən savayı konkret addımlar atmalıdır. Bu addımlar olmadan Paşinyanın bəyanatlarına və səmimiyyətinə inanmaq olmaz.


Ermənistan strateji əhəmiyyətli dövlət sənədlərinə müvafiq düzəlişlər etməlidir. Ölkənin hərbi doktrinasına görə, Ermənistan Qarabağın təhlükəsizliyinin zaminidir və bu onun “demokratik, sosial, hüquqi dövlət kimi formalaşması reallığının dönməzliyindən irəli gəlir”. Milli Təhlükəsizlik Strategiyası (2020) Qarabağın suverenliyini ən yüksək dəyər adlandırıb, “Qarabağın heç bir məhdudiyyət olmadan öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq səviyyədə tanınmasını” əsas hədəflərdən biri kimi müəyyən edib. Danışıqlar prosesinin məqsədi qismində isə öz müqəddəratını təyinetmə və “azadlıq müharibəsinin nailiyyətlərinin” qorunması göstərilir.


Ermənistan həmçinin Qarabağ ermənilərinin maliyyələşməsini dayandırmalıdır. Bu yaxınlarda Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri E. Ağacanyan Ermənistanın Qarabağ əhalisinin təhlükəsizlik və hüquqlarını təmin etmək üçün resurslara malik olmadığını bildirib. Yaxın aylarda Ermənistanın 2023-cü il büdcə layihəsində Qarabağa maliyyə ayırıb ayırmamasını dəqiq öyrənəcəyik. Büdcə layihəsində Qarabağ erməniləri üçün yenə 300 mln. dollar məbləğində vəsaitin verilməsi qeyd edilib, lakin, bu vəsaitlərin sülh müqaviləsinin imzalandığı təqdirdə hansı istiqamətdə xərclənməsinə yenidən baxılmalıdır. 


Ermənistanın maliyyə naziri isə büdcə layihəsinin 2021-2026-cı il hökümət proqramına uyğun hazırlandığını və hərbi xərclərin 40% artırılaraq 1 mlrd dollardan çox olacağını bildirdi. 2021-26-cı il proqramına əsasən, Ermənistan Qarabağın təhlükəsizliyinin təminatçısı olmaqda davam edir və Ermənistan Qarabağ probleminin yekun həllini ATƏT-in Minsk qrupu çərçivəsində statusunun məlum prinsiplər və elementlər, o cümlədən öz müqəddəratını təyinetmə hüququ əsasında dəqiqləşdirilməsində görür. Azərbaycanın ərazi bütövlüyünün tanınmasına sadiq olduğunu sübut etmək üçün Paşinyan 2021-26-cı il proqramına da müvafiq dəyişikliklər etməlidir.


Beləliklə Ermənistanın mövqeyi dəyişməsə də, reallıqlar dəyişib. İqtisadi böhran və məhdud resurslara görə Ermənistan çalışacaq ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələsi onun himayədarları tərəfindən qaldırılsın. Təhlükəsizlik məsələsi Rusiya sülhməramlıları tərəfindən, hüquqi məsələləri isə ABŞ və Fransa tərəfindən təmin edilsin. Qərb yekun sülh müqaviləsində Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələlərinin bu və ya digər formada öz əksini tapmasına çalışır. ABŞ, Fransa və Rusiya sülh sazişindən sonra belə, öz maraqları və imkanları çərçivəsində regionda aktivlik nümayiş etdirməyə cəhd edəcəklər.


Azərbaycanın mövqeyi isə aydın və konkretdir: Qarabağ heç bir statusa malik olmayan ərazi kimi Azərbaycana reinteqrasiya olacaq. Azərbaycan Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirib, onlara tez bir zamanda Azərbaycan cəmiyyətinə inteqrasiya etməyi və ya özləri üçün başqa yaşayış yeri seçməyi təklif edəcəkdir.


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi





Ana səhifəyə qayıt        Baxış: 6 324          Tarix: 13-10-2022, 09:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma