Xəbər lenti



Türkiyə ətrafındakı coğrafiyada və dünyada çox kritik geosiyasi hadisələr baş verir və Ankara bu hadisələrə qarşı uğurlu addımlar ataraq öz mövqeyini gücləndirir. 


Praqada keçirilən görüşlərdə Prezident R.T. Ərdoğanın iştirakı olduqca əhəmiyyətlidir. Bu, Türkiyənin Ukrayna-Rusiya müharibəsində balanslı mövqeyinin Avropa tərəfindən dəstəkləndiyini və Avropanın Türkiyəyə olan ehtiyacını göstərir. Ukrayna-Rusiya müharibəsində Türkiyənin vasitəçilik rolu davam edir. Bu xüsusən iki məsələdə özünü göstərdi: taxıl koridorunun açılması və əsirlərin dəyişdirilməsi. Oktyabrın əvvəlinə qədər 6 milyon ton taxıl və qida məhsulları bu koridor vasitəsilə daşındı. Türkiyənin vasitəçiliyi ilə 215 Ukraynalı əsir Rusiya tərəfindən sərbəst buraxıldı. 


Türkiyə ilə İsrail arasında normallaşma prosesi də uğurla davam edir. Mart ayından bu tərəfə Prezident Ərdoğan İsrailin Prezidenti və baş naziri ilə dəfələrlə görüşmüşdür. Nəticədə dörd ildən sonra iki ölkə arasında səfirlər təyin edildi. Bu isə tərəflər arasında 2017-ci ildə imzalanan və həyata keçirilməsi geçikən razılaşmanın icrası üçün imkanlar yaradır. Xüsusən də İsrail qazının Türkiyə vasitəsilə Avropaya çatdırılması ehtimalı güclənir. 


Prezident Ərdoğan 5-8 sentyabrda Balkan ölkələrinə səfər etdi. Səfərin 3 məqsədi vardı: Kosova ilə Serbiya arasında sərhəd qarşıdurmasının diplomatik həllində vasitəçilik etmək, Türkiyə-Bosniya Hersaqovina-Serbiya üçtərəfli zirvə görüşünə zəmin hazırlamaq və bu dövlətlər ilə iqtisadi əməkdaşlığı genişləndirmək. Səfərdə Ərdoğan Xorvatiyada Sisak İslam Mərkəzinin açılışını etdi. Bu, Balkanlarda Türkiyənin yumşaq gücünün qorunması baxımından olduqca vacibdir.


Prezident Ərdoğan 16 sentyabr tarixində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən zirvə görüşündə iştirak etdi. Səfər çərçivəsində o, Prezident İlham Əliyevdən başqa, Özbəkistan, Çin, Rusiya, İran, Hindistan liderləri ilə görüşərək regional və qlobal məsələləri müzakirə etdi. Zirvə görüşündə çıxış edən Ərdoğan Türkiyəni, ən şərqdəki şərqli, ən qərbdə qərbli dövlət olduğunu bildirərək ŞƏT-in Türkiyə üçün Asiyaya açılan qapı olduğunu qeyd etdi. O həm də Orta Koridorun inkişafının Türkiyə və regional ölkələr üçün əhəmiyyətinə toxundu. 


ŞƏT-in zirvə görüşündə Ərdoğanın "Bəşər Əsəd Özbəkistana gəlsəydi onunla görüşəcəkdim" açıqlaması diqqət çəkdi. Türkiyə son aylarda Misir, BƏƏ, S.Ərəbistanı ilə yanaşı Suriya ilə də münasibətləri düzəltməyə çalışır. Əsas məqsəd Türkiyədəki Suriyalı qaçqınları geri göndərməkdir. İddialara görə, burda Putinin də rolu vardır. Ərdoğan avqust ayındakı açıqlamasında qeyd etmişdi ki, Əsədə qalib gəlmək kimi problemimiz yoxdur, dövlətlərarası siyasi dialoq və diplomatiya dayandırılmamalıdır. Bununla yanaşı, Türkiyə MİT sədri H.Fidanın bir neçə dəfə Suriya kəşfiyyat orqanı rəhbəri ilə, Türkiyə XİN-in isə Suriya XİN ilə görüşdüyü məlumdur. Diplomatik münasibətlərin qurulması üçün Suriyanın başlıca şərti Türkiyənin Suriyadakı silahlı qruplara dəstəyini kəsməsidir. 



Sentyabrda Türkiyə ilə Qətər arasında 2021-ci il martda imzalanan Qətər hərbi təyyarələrinin Türkiyədə yerləşdirilməsi müqaviləsi qüvvəyə mindi. Müqaviləyə əsasən, ümumilikdə 36 hərbi təyyarə (Rafale), karqo təyyarələri və helikopterlər 250 pilot ilə birlikdə Türkiyədə yerləşəcəkdir. İddialarına görə, Türkiyənin məqsədi hərbi donanmasını Fransanın Rafale təyyarələri hesabına böyüdən Yunanıstana qarşı təcrübə qazanmaqdır. 


Oktyabrın 4-də Türkiyə XİN Mövlud Çavuşoğlunun Liviya səfərində iki ölkə arasında neft və hidrokarbon sahəsində çox mühüm bir müqavilə imzalandı. Müqaviləyə əsasən, Türkiyə Liviyanın dəniz sahəsində neft və təbii qaz quyuları axtarışını həyata keçirəcəkdir. Bu müqavilə Misir, Yunanıstan və Fransa tərəfindən etiraza səbəb oldu. Onlara görə, Liviyanın indiki hökumətinin beynəlxalq aləmdə belə bir müqavilə imzalamaq hüququ yoxdur. Lakin, Çavuşoğlu, Liviyanın hökumətinin beynəlxalq tədbirlərə dəvət edildiyini və hətta Ərəb Liqasına Liviyanın indiki hökumətinin sədrlik etdiyini qeyd edərək bu iddialara tutarlı cavab verdi.


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi





Ana səhifəyə qayıt        Baxış: 5 813          Tarix: 14-10-2022, 04:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma