Xəbər lenti

 


 

“Kreml bizi inandırmağa çalışır ki, “Artsax”ın Azərbaycandan kənarda saxlanması mümkündür. Baxmayaraq ki, əslində bu artıq belə deyil. Düşmən artıq bütün strateji əhəmiyyətli yüksəkliklərə - Qafandan Cermuka qədər nəzarət edir. Yeni müharibə bizim üçün əsl fəlakət olacaq”.

 

Ovqat.com-un məlumatına görə, erməni yazar Razmik Akopjanyanın “ABŞ-dan başqa alternativ yoxdur: Tarixi dönüş vaxtıdır” sərlövhəli məqaləsində belə deyilir.

 

Azərbaycan-Ermənistan arasında aparılan danışıqları şərh edən müəllif Qarabağda yüksək vəzifəyə gətirilən erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanı Moskvanın İrəvana təyin olunmuş canişini adlandırıb. Aktuallığını nəzərə alıb məqalənin tərcüməsini təqdim edirik.

 

ABŞ dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini bu günlərdə baş tutmalı olan danışıqların yeni raundu üçün Vaşinqtona dəvət edib. Gözlənilən hadisədir. Bir çox səbəblərə görə. Əvvəla, ona görə ki, Cənubi Qafqaz ABŞ üçün asan və sadəcə olaraq burada möhkəmlənmək fürsətini tamamilə əldən verməyə razılaşa bilməyəcək qədər vacib regiona çevrilib.

 

Ölkəmizin baş naziri Nikol Paşinyanın Soçi danışıqları zamanı Rusiya prezidenti Vladimir Putinə Amerika planından əl çəkməyəcəyini söyləməsi barədə məlumatın nə dərəcədə doğru olduğunu bilmirəm. Axı Paşinyan rəsmən tamam başqa söz dedi. Ən azından Rusiyanın planını rədd etmədi.


Xatırladım ki, bu plan “Artsax”ın statusunu, onun sakinləri üçün təhlükəsizlik zəmanətlərini və Rusiya sülhməramlılarının məsuliyyət zonasında qalma müddətinin uzadılmasını nəzərdə tutur. Amma məsələ ondadır ki, Putinin sözləri artıq çoxdan vədlərin yerinə yetirilməsinə zəmanət vermir. Əslində, bu halı bir daha Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qeyd etdi.

 

Qriqoryanın sözlərinə görə, Rusiya Soçi bəyanatına Qarabağın adının daxil ediləcəyini vəd etsə də, bu baş tutmadı. O, həmçinin bəyan etdi ki, Ermənistan bir neçə dəfə Rusiyanın təkliflər paketinə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini daxil etməyə cəhd edib. Amma əvvəl hər şeyin belə olacağına söz verən Rusiya tərəfi sonda vədi yerinə yetirməyib.

 

Biz sülhməramlıların yerləşdirilməsi ilə bağlı açıq şəkildə bildirmək istəyirdik ki, Qarabağda sülhməramlılar yerləşdirilib, lakin məlum oldu ki, bu da Soçidəki yekun bəyanatda yer tapmayıb”, - Qriqoryan bildirib. Bundan sonra, nəhayət, məlum oldu ki, Rusiya belə qərarların qəbulunu nəinki istəmir, hətta buna çalışmır da.

 

Sadəcə Ermənistanı şantaj etmək kifayətdir. Bu şantaj indi pik həddindədir.

 

Yerevanda şənbə günü keçirilən mitinq indiki, qanuni yolla seçilmiş hökumətə bu cür təzyiqlərin bir hissəsidir. Bütün dünyada tanınan və ölkəni demokratiya və sivilizasiyaya doğru aparan, yəni Rusiyadan uzaqda dayanan hökumətə. Hər kəs bunu görür və artıq Rusiya Ruben Vardanyan tərəfindən də İrəvana qarşı hərəkətə keçib.


Kreml onu Ermənistandakı canişini kimi görür. Düzdü, Kreml Ermənistanın öz prioritetləri olan suveren, müstəqil dövlət olması barədə düşünmək belə istəmir. Sərhədlərimizin ruslar tərəfindən qorunduğu, Rusiya Federasiyasından dəhşətli iqtisadi asılılıq vəziyyətində olmağımız Kremli daha çox qane edir.

 

Reallıqda Kreml Azərbaycandan hər hansı güzəşt tələb etmək fikrində deyil. Çünki Ankara Bakının arxasında dayanır. Və artıq bütün dünya Ərdoğanın “taxıl sövdələşməsi” ilə bağlı hərəkətlərindən nümunə götürərək əmin olub ki, Rusiya Federasiyasının sadəcə olaraq Türkiyəyə müqavimət göstərmək gücü yoxdur. Bu, Bakının getdikcə daha sərt mövqe tutmasını izah edir. Amma indi biz onun haqqında deyil, indi gördüyümüz blefdən danışırıq.

 

Kreml bizi inandırmağa çalışır ki, “Artsax”ın Azərbaycandan kənarda saxlanması mümkündür. Baxmayaraq ki, əslində bu artıq belə deyil. Düşmən artıq bütün strateji əhəmiyyətli yüksəkliklərə - Qafandan Cermuka qədər nəzarət edir. Yeni müharibə bizim üçün əsl fəlakət olacaq. ABŞ-ın planı isə ondan ibarətdir ki, fəlakətdən qaçmaq və Ermənistanı xilas etmək vacibdir. Sadəcə olaraq Artsaxı xilas etmək üçün heç bir variant yoxdur. Heç kim. Bu, sərt reallıqdır. Kim bunu inkar edərsə, yalançı və təxribatçıdır.

 

Məsələn, Marqarita Simonyan Ermənistanda cəmi bir neçə dəfə olduğunu fəxrlə bəyan edir, lakin ölkəmizlə bağlı açıq şəkildə təxribat xarakterli açıqlamalara yol verir. Bizimki, onun yox.


Simonyanın ölkəsi Ana Rusiyadır. Normal, sivil dövlətlərə giriş artıq onun üçün bağlıdır. Xoşbəxtlikdən Ermənistan da belə dövlətlər sırasındadır.

 

Deməli, Simonyan və digər rusiyalı təxribatçılar, o cümlədən erməni soyadlılar bizi “Rusiyasız itirəcəksiniz” faktı ilə qorxudurlar. Bu baş verməyəcək! Heç kim icazə verməyəcək. İlk növbədə ABŞ. Onlar Ermənistanı tamam başqa cür görürlər. Qonşularla açıq hərbi münaqişənin olmaması və demokratik. Bu, Rusiyanın Ermənistanı görmək istədiyinin tam əksidir. Və burada sadəcə seçimimiz yoxdur. Hər şey daha aydındır.




Ana səhifəyə qayıt        Baxış: 5 704          Tarix: 7-11-2022, 10:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma