Xəbər lenti


 

“Son Qarabağ müharibəsində biz yanımızda İsraili gördük, İranı yox” 

 

“İsrailin İrana qarşı hər hansı hərbi müdaxiləsinin Azərbaycana da ciddi təsirləri ola bilər”. 

 

Sülh Araşdırmaları İnstitutunun rəhbəri, politoliq Kamal Əliyev Ovqat.com-a açıqlamasında belə deyib.

 

 

O, xatırladıb ki, İsraildə keçirilən son seçkilərin nəticələrinə görə, Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyası 120 nəfərlik Knessetdə 30-dan çox yer qazanıb: “Doğrudur, yeni hökuməti qurmaq üçün 60-dan çox mandata ehtiyac var. Amma Netanyahu və İtamar Ben Gvirlə birlikdə yaxın tarixdə yeni hökuməti quracaqlar”. 

 

Politoloq qeyd edib ki, Netanyahu Azərbaycana tanış siyasətçidir və Bakı ilə Təl-Əviv arasında münasibətlərin qurulmasında onun xüsusi xidmətləri var: “Yadımdadır, Netanyahu hələ 1997-ci ilin avqustun 29-da Azərbaycana səfər edərək mərhum prezident Heydər Əliyevlə görüşmüşdü. Daha sonra yenə də Netanyahu 2016-cı ilin dekabrın 13-də Bakıda prezident İlham Əliyevlə biraraya gəlmişdi. Ümumiyyətlə, İsrail və Azərbaycan arasında enerji təhlükəsizliyi, hərbi təhlükəsizlik və hərbi-texniki əməkdaşlıq sahəsində ciddi münasibətlər qurulub. Son 44 günlük Qarabağ müharibəsində də İsrail başqa dövlətə satmadığı silahları Azərbaycana satdı.  Bu, olduqca vacib hadisə idi”. 

 

Kamal Əliyev o fikirlə də razıyam ki, İsraildə kimin hökumət başçısı olmasından asılı olmayaraq, Bakı və Təl-Əviv arasında xüsusi münasibətlər var: “Elə İranın son dövrlər Azərbaycana qarşı aqressiv siyasət yürütməsinin səbəblərindən biri də Bakı və Təl-Əviv arasında qarşılıqlı əlaqələrin inkişaf etməsidir. Hərçənd, Azərbaycanla İsrailin əməkdaşlığı İrandakı molla rejiminə qarşı yönəlməyib. Digər tərəfdən, düşünürəm ki, İsrailin İrana qarşı hər hansı hərbi müdaxiləsinin Azərbaycana da ciddi təsirləri ola bilər", - Kamal Əliyev deyib.

 

Həmsöhbətimiz onu da bildirib ki, elə Netanyahunun yeni hakimiyyəti dövründə nəhayət, uzun illərdir gündəmdə olan Azərbaycanın İsraildə səfirlik açması məsələsi də həll edilə bilər: "Məncə, səfirlik məsələsinin birdəfəlik həlli üçün əlverişli dönəmdir. Əgər İran gəlib Qafanda konsulluq açırsa, Azərbaycan hökuməti də Təl-Əvivdə diplomatik nümayəndəlik açmalıdır. İranın nə deməsi, hansı reaksiya göstərməsi maraqlı və vacib deyil. Vacib olan Azərbaycan dövlətinin geopolitik maraqlarıdır. Son Qarabağ müharibəsində biz yanımızda İsraili gördük, İranı yox. Hətta yaxşı olardı ki, İlham Əliyev İsraildəki səfirliyin açılışı üçün Təl-Əvivə getsin", - deyə Kamal Əliyev fikirlərini yekunlaşdırıb.

 

Səməd Yusifov




Ana səhifəyə qayıt        Baxış: 6 501          Tarix: 9-11-2022, 10:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma