2017-ci ildən 2021-ci ilə qədər Naxçıvan şəhərinin 10 saylı orta məktəbinin direktoru olmuş Anaxanım Axundova redaksiyamıza şikayət məktubu göndərib. Məktubdan belə anlaşılır ki, onun işdən uzaqlaşdırılmasının səbəbi MR Təhsil naziri Plaket Rəhmanla Naxçıvanın baş leşyeyəni Azər Zeynalovun “ölü canlar” siyasətinə qulluq etməməsi olub.
Doğrusu, Anaxanım müəllimənin bu iddialarına təəccüblənmədim. Naxçıvanda hər kəs Azər Zeynalovu baş “leşyeyən” kimi tanıyır. Leşyeyənlər üçün isə “ölü canlar” diri canlardan daha dəyərlidir və onların bu siyasətinə qarşı çıxanlar mütləq cəzalanmalıdırlar. Görünür, Naxçıvanın Təhsil naziri Rəhman Məmmədov da başını başlara qoşmaq istəyib və gedib baş “leşyeyən”ə qoşulub.
Bəs təhsildə “ölü canlar” nədir?
Anaxanım müəllimənin iddiasına görə, “ölü canlar” Naxçıvan məktəblərində keçirilmədiyi halda adına yalandan maaş yazılan xəyali müəllimlərdir. Həmin xəyali müəllimlərin adına yazılaraq mənimsənilən maaşlar yuxarı orqanlardan müfəttişlər gələndə məktəbin təmir işlərinə xərclənmiş kimi göstərilir. Anaxanım müəllimədən də bunu tələb ediblər, məktəb direktoru isə tələblə razılaşmayıb. Dərhal sertifikasiya imtahanı keçirilib və Anaxanım Axundova o “imtahan”da “uğur qazana” bilməyib. Halbuki həmin hadisədən 2 il əvvəl, yəni 2019-cu ildə Azərbaycan Müəllimlər və Direktorlar Şurası tərəfindən Naxçıvan Muxtar Respublikasının məktəb direktorlarının “Məktəbin İdarə Olunması” adlı təlimi və imtihanı keçirilib, Anaxanım müəllimə isə sözügedən imtahanda 100 baldan 89 bal toplayaraq birinci dərəcəli sertifikata layiq görülüb. Görünür, Naxçıvan leşyeyənlərinin tərtib etdiyi imtahanlar ya istənilməyən kadrların işdən uzaqlaşdırılması, ya da dövlət məmurlarından külli miqdarda rüşvət alınması üçün keçirilirmiş.
Naxçıvanda dəbdə olan ilginc qarğış: “Səni görüm, Cavanşir Qəriblinin imtahanına “düşəsən””
Maraqlıdır ki, eyni iddiaları biz başqa şəxslərin dilindən də eşitmişik. Bəzi məmurların sertifikasiya imtahanından 5, 10 bal toplanmasını tənqid atəşinə tutduğum zaman həmin məmurun yaxınları mənə maraqlı qarğış tökmüşdülər: “Kaş, Allahın altında Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin İsmayıl Cavanşir oğlu Qəribli sizdən esse imtahanı götürərdi. Görüm, onun imtahanından neçə alardınız?”.
Çox uzatmadan, Anaxanım Axundovanın redaksiyamıza göndərdiyi şikayət məktubunu olduğu kimi yayımlayırıq.
“Mən Axundova Anaxanım Zöhrab qızı 1970 ci ildə Naxçıvan şəhərində anadan olmuşam. İlk təhsilimi Naxçıvan şəhər Əli Sultanlı adına 10 № tam orta məktəbdə almışam. Həmin məktəbi 1987-ci ildə əla qiymətlərlə bitirib Naxçıvan Dövlət Universitetinin Pedaqogika və Psixologiya fakültəsinin məzunu olmuşam. İxtisasca ibtidai sinif müəllimiyəm. Azərbaycanın tanınmış pedoqoqlar nəslinin, Təhmasiblər nəslinin nümayəndəsiyəm. Məmmədhüseyn Təhmasib,Rza Təhmasib, Məzahir Daşqın, Dilbər Təhməzbəyova, Vahid Axundov kimi tanınmış və nüfuzlu şəxslərin irsini daşıyıram. Babam Vahid Axundov bəstəkar olmuş, 1959-cu il yanvarın 11 də Naxçıvan Dövlət Mahnı və rəqs ansamblını yaratmışdır. “O Naxçıvandır, Nəqşi-cahandır” mahnısının müəllifi Vahid Axundovdur.
Nənəm Dilbər Təhməzbəyova 1941-1945 ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. Azərbaycanın nüfuzlu zabit qadını olaraq Türk dünyası Ensiklopediyasında yer almışdır.
Atam Zöhrab Axundov Prezindent mükafatçısı, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistidir. Uzun illər Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışmışdır. Hal-hazırda təqaüddədir.
Mən 1995-ci ildən Naxçıvan şəhər Əli Sultanlı adına 10 № li tam orta məktəbdə müəllimə vəzifəsində işləyirəm. 2017-ci ildə Naxçıvan şəhər 10 №li məktəbə direktor təyin olundum. Direktor çalışdığım müddətdə iki nazirin idarəçiliyi dövrünü gördüm. Bir il tam rahat və incidilmədən məktəbi yüksək səviyyədə həvəslə və sevə-sevə vəzifəmi icra etdim. Rəhman Məmmədov Təhsil naziri təyin edildikdən sonra təhsildə bir çox dəyişikliklər baş verdi. Belə ki, vaxtı ilə işindən haqlı olaraq uzaqlaşdırılan, özü kimi təhsildən xəbəri olmayan Azər Zeynalovun kadrları və eyni zamanda iş yoldaşı olmuş Rəşad Əlizadəni vəzifəyə gətirdi. Biz direktorun qara günü elə o gündən başaldı. Təziqlər olundu və maliyyə pozğunluğuna yol verməyim tələb olundu. Mən isə bunu etmədim. Dəfələrlə məndən tələb olundu ki, məktəbdə adları olub özləri olmayan “ölü canlar” deyilən şəxslərə aid məvacibin məktəbə xərcləndiyini Ali Məclisin yoxlama monitorinq qrupuna söyləyim. Mən isə bu tələbi rədd edib dedim ki, əmək haqqından hər ay məktəbə xərclədiyim halda məni bu yalana sövq etməyin.
2021-ci ildə aprel ayının əvvəli idi. Naxçıvan şəhər Təhsil şöbəsinin müdiri Baba Əliyev mənə zəng edərək bildirdi ki, Naxçıvan şəhər Təhsil şöbəsinə gəlməyiniz lazımdır. Təhsil şöbəsinə getdim, Baba Əliyev çox təssüflə mənə dedi ki, sizin kimi direktoru itirmək mənə çox çətindir ama bu məndən tələb olunur, sizin ərizənizi almalıyam. Mən səbəbini soruşanda, cavab verərək bildirdi ki, sertifikasiyanı bəhanə edirlər, heç özüm də bilmirəm, nə məsələdir. Mən bildirdim ki, sizin məndən dəfələrlə tələb etdiyiniz “qanunsuz işlərə görə etiraz olaraq aldığım mükafatdır”. Təkidlə ərizəni yazmayacağımı bildirib,nazir Rəhman Məmmədovun məni qəbul etmesini tələb etdim. Lakin, cavab olaraq bildirildi ki, məni nazirin özü yox, müavini Ovni Muradov qəbul edəcək. Ovni Muradov məni qəbul etdi, masanın üzərinə kağızla, qələmi çırparaq təkidlə bildirdi ki, ərizəni yaz.
Ovni Muradov narahat vəziyyətdə dedi: Müəllimə, siz mənim üçün çox yaxşı kadrsınız, amma mənlik bir şey yoxdur, aparat rəhbərindən belə göstəriş gəlib. Mən cavab olaraq bildirdim ki, sizin müavin olaraq aparat rəhbərindən tapşırıq almağınız nə dərəcə doğrudur? O mənim sualımı cavablandırmadan nazirə zəng vurdu və bildirdi ki, Axundova ərizəni yazmır, məni sual atəşinə tutub. Nazir Rəhman Məmmədov “qov getsin və yetmiş ikinci maddə ilə əmək kitabçasına işdən azad olma əmrini verin”, - dedi və əgər istefa ərizəsi yazmazsam ailə üzvlərimin işlədiyi iş yerlərindən qovulacaqları ilə məni hədələdi. Bunun Azər Zeynalovun tələbi olduqunu bildirdi və qeyd etdi ki, sertifikasiya imtihanından keçməyən direktorların vəzifədə işləməsi mümkün deyil. Mən bildirdim ki, 5 bal, 7 bal toplayan direktorlar Rəşad Əlizadənin və Rəhman Məmmədovun rüşvət qılıncının altından keçərək onları razı salıb, istədikləri məbləği verərək bu günə qədər məktəblərdə arxayın şəkildə vəzifələrini icra edirlər.
Məlum oldu ki, bir il əvvəl İsa Həbibbəylinin əmri ilə Rəhman Məmmədova bir neçə kadrların yerləşdirilməsi əmr olunub və bildirilib ki, mütləq adı çəkilən adamlar getməli və siyahı üzrə bu şəxslər vəzifəyə gəlməlidirlər. Qeyd edim ki, Dövlət İmtihan Mərkəzinin rəhbəri də Rəşad Əlizadənin və Rəhman Məmmədovun iş ortağıdır. İstədikləri müəllimi bal toplamadığı halda imtihandan keçirirdilər, mən də bu əməliyyatın günahsız qurbanına çevrildim.
2019-cu ildə Azərbaycan Müəllimlər və Direktorlar Şurası tərəfindən Naxçıvan Muxtar Respublikasının məktəb direktorlarının “Məktəbin İdarə Olunması” adlı təlimində və imtihanından 100 baldan 89 bal toplayaraq birinci dərəcəli sertifikata layiq görülmüşəm. Dəfələrlə məqalələrimi başqa gənc müəllimlərə sataraq onları Qrand Lahiyələrə qoşub reklam edərək Əməkdar Müəllim adını veriblər. Qeyd etmək istəyirəm ki, Naxçıvan şəhər İcra Hakimiyyəti yoxlamalar zamanı məktəbin yaxşı işini qeyd edib və eyni zamanda idarəçilik və təhsilin səviyyəsini yüksəltdiyim üçün məktəb infrastrukturunun qorunub saxlanmasında yaxşı işlərimə görə və məktəbdə çətin tərbiyə olunan şagirdlərin olmadığı üçün, ailə başçılarını itirmiş şagirdlərimə daima qayğı ilə yanaşmamı nəzərə alaraq və vətəndaş tərəfindən heç bir şikayətin olmadığını və dəfələrlə valideynlərin təşəkkürünü bir sözlə problemsiz sağlam bir mühiti yaratdığım üçün, nüfuzlu Ali məktəblərə şagird yetişdirdiyim üçün, hərbi məktəbə qəbul nəticələrinə görə məni Fəxri Adla təltif olunmağımı Naxçıvan Şəhər İcra Hakimiyyəti Ali Məclisə bildirdi. Bundan xəbər tutan Rəhman Məmmədov Azər Zeynalova bildirdi ki,mənim təqdimatım olmadan İcra Hakimiyyəti niyə bu sənədləri sizə göndərib? İclasda qeyd etdi ki, siz karyeranızı o vaxt yüksəldə bilərsiniz ki, mənim razılığım ola. Buna görə də mənim bu fəaliyyətimi geridə qoydular. Dəfələrlə nazirin qəbuluna düşmək istədim, lakin qəbul etmədi.
Fikirləşdim ki, biz vətəndaşın qayğısına qalan, daima xalqına sevə-sevə xidmət edən nüfuzlu bir ailəyik. Doğrusu ləkələnməkdən qorxdum. Bu gün isəçox əzmlə bu məktubu yazıram, inanıram ki, ədalət gec-tez qalib gələcək və bu məktubun həmin zəfərdə mühüm rolu olacaq. Cənab Prezidentimizin Naxçıvana nümayəndə təyin etməsini mediada görəndə anladım ki, səbr - ən dəyərli psixoloji mübarizə silahı imiş. Bunlar bir iftira deyil! 31 illik nüfuzlu müəllim olaraq şagirdlərimi və cəmiyyəti sevib bağrıma basan bir Azərbaycanlıyam.
Hörmətlə: Anaxanım Axundova”.
Paylaş: