Xəbər lenti


 

Azərbaycanın İran səfirliyinə qarşı törədilmiş terror hadisəsinə görə iki dövlət arasında onsuz da gərgin olan münasibətlər tamamilə qopma halına gəldiyi bir zamanda Tehran-Dəməşq əlaqələrində də böhran yaşanmağa başlayıb. 

 

Ovqat.com-un məlumatına görə, İranın enerji alışında Suriyaya tətbiq etdiyi güzəştləri ləğv etmək qərarından sonra rəsmi Dəməşq öz “starteji müttəfiqi”nə verdiyi Aralıq dənizinə çıxış marşrutunu öz nəzarətinə keçirmək barədə düşünür. Bu isə İranın Qərbə açılan mühüm bir qapısını itirməsi və Livana logistik dəstəkdən (“Şiə hilalı” strategiyasından) məhrum olması anlamına gəlir.

 

Belə ki, İranın İraq və Suriyadakı əsas hədəfi hər iki ölkədən keçərək Aralıq dənizinə çıxmaq idi. Tehranın “şiə hilalı” strategiyasının şimal yarımqövsünü təşkil edən bu hədəf son illər İraqda İrana qarşı başlayan etiraz aksiyaları ilə qırılma nöqtəsinə gəlmişdi. Bu etiraz aksiyaları səngiməmiş, indi də İran-Suriya münasibətlərində də yeni böhranlar yaşanmaqdadır.  Böyük Britaniyada ərəb dilində yaymlanan “Şərqül-əvsat”ın əldə etdiyi məlumata görə, Dəməşq hazırda iranyönlü silahlıların nəzarətində olan və Suriya ərazisindən keçən Tehran-Bağdad-Dəməşq-Beyrut avtomobil yolunda öz nəzarətini gücləndirməyə çalışır. “Bu isə İranın uzun müddətdir həyata keçirməyə çalışdığı Aralıq dənizinin sularına çıxmaq səylərinin qarşısını almaq deməkdir”, - nəşr bildirir.

 

“Şərqül-əvsat” İraq və Suriya müharibəsinə qatılmaqla İranın əldə etdiyi magistral yolu marşrutu barədə yazır: “Tehran-Beyrut magistral yolu İranın paytaxtından başlayır, Bağdada, oradan Ramadiyə və İraqın qərbindəki Əl-Qaim şəhərinə uzanır. Daha sonra ölkənin şərqindəki Əbu Kamal şəhərindən Suriya ərazisinə keçir. Ardınca da bu yol şimal-qərbə əl-Məyadin şəhərinə, sonra isə Deyr əz-Zora yönəlir. Buradan biri şimal-qərbə - Aralıq dənizi sahillərindəki Hələb və Latakiyaya, digəri isə cənub-qərbdəki şərq səhrasına, oradan Palmira şəhərinə gedir. Palmirada iki qola ayrılan yol biri Homs şəhərinə, digəri isə Dəməşq çölündəki Şərqi Kalamun bölgəsinə qədər uzanır”.

 

Nəşrin bildirdiyinə görə, bu marşruta Suriyadakı İran qüvvələri və onların yaraqlıları üç ildən artıqdır ki, nəzarət edir. “İraq və Suriya arasındakı əl-Qaim-Əbu Kamal keçidi Tehran üçün strateji əhəmiyyətə malikdir və İran bu yoldan Livandakı müttəfiqi Hizbullah döyüşçüləri üçün ən mühüm quru hərbi təchizat xətti kimi faydalanır. Eyni şəkildə bu yol İranın öz torpaqlarını Suriya Aralıq dənizindəki sahillərinə birləşdirən mühüm ticarət xətti kimi tanınır”.

 

“Şərqül-əvsat”ın məlumata görə, Dəməşqə bağlı təhlükəsizlik qüvvələri artıq bu magistral yolun keçdiyi Deyr əz-Zor çölündə, o cümlədən İran silahlı qüvvələrinin sıx şəkildə yerləşdirildiyi Əbu Kamal və Əl-Məyadin şəhərlərindəki bazalar və qərargahlarda fəaliyyətini gücləndirib. Bu qüvvələr bir müddət əvvəl göstəriş alıblar ki, sözügedən ərazilərdə iranlılara məxsus mülklərə istifadə iznlərinin verilməsini dayandırsın, İran qüvvələri və milisləri tərəfindən qərargah kimi istifadə olunan hökumət binalarında nəzarəti bərpa etsin. Təlimatlar həmçinin İran qüvvələrinin və zabitlərinin, onların silahlı birləşmələrinin həmin ərazilərdə mülki şəxslərdən daşınmaz əmlak alması nəticəsində əmlak əməliyyatları üzərində əsaslı yoxlamaların aparılması qərarını ehtiva edir.

 

Eyni məlumata görə, bu göstərişlərin icrası təkcə Deyr əz-Zor və onun kəndləri ilə məhdudlaşmır, həmçinin Hums əyaləti və kəndlərinə də şamil olunur.

 

1979-cu ildən bəri mövcud olan və "strateji müttəfiqlik" olaraq xarakterizə edilən Suriya-İran münasibətləri Suriya hökumətinin nəzarəti altında olan bölgələrdə ötən ilin dekabrın əvvəlində yeni yanacaq böhranı ilə geriləmə başladı. 11 ildən artıqdır ki, Suriyada davam edən müharibə başlayandan bəri Dəməşqə minlərlə döyüşçü, silah və sursatla silahlı müxalif qruplara qarşı dəstək verən İran əvvəlki illərdən fərqli olaraq, son yanacaq böhranını aradan qaldırmaq üçün müttəfiqinə neft göndərmədi və enerji mübadiləsinin davamı üçün ön şərt olaraq borclarının qapadılmasını istədi. Halbuki İran daha əvvəl Suriyaya ərzaq məhsulları, neft məhsulları və neft daşıyan gəmiləri maliyyələşdirmək üçün “kredit xətləri” ayırmışdı. Nəticədə son böhran hökumətin nəzarətində olan əraziləri az qala iflic vəziyyətinə saldı, qiymətlərin əhəmiyyətli dərəcədə artmasına səbəb oldu və bazarlarda durğunluq yaratdı. Bütün bu neqativ hallar isə İran prezidenti İbrahim Rəisinin dekabrın 27-nə planlaşdırılan, amma baş tutmayan Dəməşqə səfəri ərəfəsində yaşandı. Görünür, İran prezidenti Suriyaya pul tələb etməyə gəlirdi.

 

Bildirildiyinə görə, İbrahim Rəisi səfərdən əvvəl Suriya tərəfinə bir sıra tələblər və müqavilə layihələri təqdim etmişdi. Layihələrdə İranın neft, qaz, fosfat layihələri və kommunikasiyalar sahəsində suveren maliyyə güzəştləri ilə yanaşı, “bölgədəki varlığını gücləndirən strateji hərbi mövqe” və “Aralıq dənizində strateji dayaq” istəyi də yer alırdı. Bundan əlavə, Suryada iranlılara yerli vətəndaş kimi davranılacağı tələb olunurdu.

 

Nəşrin iddiasına inansaq, Suriyanın əksər ekspertləri İranın bu tələblərini müstəmləkəçilik istismarı kimi qiymətləndirir və Tehranla əlaqələrin kəsilməsini daha məqsədəuyğun sayır. 

 

Ovqat.com-un fikrincə, Bəşər Əsəd rejiminin İranın üzünə bağladığı kommunikasiya əlaqələri təkcə avtomobil yollarını əhatə etmir. Bəlkə də ondan daha vacib bir məsələ də var: İran bu qərarla İraq və Suriya üzərindən Aralıq dənizinə enerji məhsullarını nəql etmək imkanlarını da itirir. Qonşu dövlətin neft və qaz ölkəsi olduğunu nəzərə alsaq, bu marşrutun itirilməsi Tehran üçün həyati əhəmiyyət daşıyır. 

 

Zənnimizcə, İranın Suriyadan imtiyaz tələb etməsinin və Bəşər Əsəd rejiminin bu tələblərlə razılaşmamasının mühüm geosiyasi səbəbləri var. Sirr deyil ki, Bəşər Əsəd öz ölkəsini İranın və Rusiyanın enerji maraqlarına qurban etmiş birisidir. 2009-ci ildə Bəşər Əsəd Qətərdən Avropaya qaz nəqli üçün tikintisi planlaşdırılan kəmərin Suriyadan keçməsinə izn vermədi. Nəticədə Suriyada bu günə qədər davam edən vətəndaş müharibəsi başladı. Milyonlarla insanın ölümü və öz yurd-yuvasından didərgin düşməsi bahasına başa gələn vətəndaş müharibəsinin sonunda bu cür nəticələnməsini təkcə İran üçün deyil, həm də Suriya üçün böyük fiasko saymaq olar.

 

Xatırladaq ki, Bəşər Əsədin 2009-cu ildə imtina etdiyi məlum proje 1996-cı ildə ABŞ tərəfindən irəli sürülmüşdü, Almaniya və Avstriya kimi ölkələr tərəfindən dəstəklənirdi. Qətər-Türkiyə boru xətti Avropanı Rusiyanın enerji asılılığından qurtarmağı hədələyirdi. Sözügedən boru kəməri Qətərin Ras Laffan bölgəsindən başlayacaq və əvvəlcə Səudiyyə Ərəbistanı, İordaniya və Suriyadan keçərək Ankaraya uzanacaqdı. Ankaraya çatdıqdan sonra Nabukko xəttinə birləşərək Avropaya qaz nəql edəcəkdi. Beləliklə, Nabukko layihəsi daha səmərəli fəaliyyət göstərəcək və Avropanın təbii qaz təhlükəsizliyini artıracaqdı. 

 

Nabukko layihəsinin çəkilməsinə mane olan ölkələrdən biri də İran idi. Səbəbinə gəlincə, bu layihə təkcə Qətər, Misir kimi Yaxın Şərq ölkələrinin yox, həm də Türkmənistan, Qazaxıstan kimi Mərkəzi Asiya ölkələrinin qazının Avropaya nəqlini nəzərdə tuturdu. Layihənin reallaşdırılması barədə 2000-ci illərdə Türkiyə, Bolqarıstan, Rumıniya, Almaniya, Avstriya kimi ölkələr müqavilələr imzalamışdı. Rusiya və İran bu layihənin qarşısını almaq üçün həm Orta Asiya, həm də Yaxın Şərq ölkələrində görülən işləri dayandırmağa çalışdılar və buna böyük ölçüdə nail oldular. Əvvəlcə Xəzər dənizinin statusunun müəyyən olunmamasını bəhanə gətirib Türkmənistandan və Qazaxıstandan dəniz vasitəsilə Azərbaycana qaz nəqlinə qarşı çıxdılar. Daha sonra isə 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsinə qatıldılar. Əvvəl İranın qarışdığı Suriya vətəndaş müharibəsinə 2015-ci ildən Rusiya da müdaxilə etdi. Rusiyanın müdaxiləsi ilə Bəşər Əsəd öz mövqeyini gücləndirdi və Nabukko layihəsi uzun müddət gündəmdən çıxdı.

 

Rusiyanın Ukrayna ilə müharibəsindən sonra isə vəziyyət tamamən dəyişdi. Həm Avropa ölkələri rus qazından imtina etməyə qərar verdilər, həm də Rusiyadan bu qitəyə nəql olunan qaz kəmərləri partladıldı. “Şimal axını 1 və 2” kəmərlərinin havaya uçurulmasından sonra digər rus layihəsi “Türk axını”nın da eyni aqibətlə üzləşməsinə dair alqı yaradıldı. Beləcə, Nabukko layihəsi ilə razılaşmayacağı təqdirdə Rusiyanın bütün qaz kəmərlərinin partladılacağı mesajı verildi. Maraqlıdır ki, məhz bu xəbərdarlıq jestlərindən sonra Putin “Türkiyənin enerji mərkəzinə çevrilməsi” barədə açıqlama ilə çıxış etdi. Bu isə ““Türk axını” layihəsinə toxunulmaması şərtilə “Nabukko”ya razıyam” demək idi. 

 

İranla Suriya və Rusiya arasında münasibətlərin korlanması da məhz bu hadisələrdən sonra başladı. Əvvəl Astana sammitində Suriya məsələsini İranla bərabər müzakirə edən Türkiyə və Rusiya liderləri bu hadisələrdən sonra ikili əlaqələrə üstünlük vermək qərarına gəldilər. Fikrimizcə, bunun səbəblərindən biri Rusiyanın Avropaya qaz nəqlində ümidinin qalmamasıdırsa, digəri də İranı özünün başlıca rəqibi kimi görməsindən qaynaqlanır. Belə ki, İran yuxarıda da qeyd etdiyimiz kimi, Suriya və İraqda öz enerji və nəqliyyat marşrutunu reallaşdırmağa çalışır. Özünün və Qətər enerji mənbələrini Avropaya daşımaq üçün Aralıq dənizinə çıxmaq istəyir. Baxmayaraq ki, Türkiyəni yan keçərək Aralıq dənizindən Avropaya qaz nəql etmək də düşünüldüyü qədər asan deyil. Bu projedə Aralıq dənizinin dibi ilə Yunanıstana kəmərlərin çəkilməsi nəzərdə tutulur ki, beynəlxalq enerji şirkətləri həmin bahalı planı rentabelsiz elan edib ondan geri çəkildilər. Region dövlətlər yenidən Türkiyə üzərindən qaz nəqlində razılaşdılar.

 

Sözsüz ki, İranın bu projesi rentabelli olsa belə, Rusiyanın işinə gəlmir. Ən azı ona görə ki, həmin layihə də dolayısıyla Rusiyanın Avropanı qazla təmin etmək niyyətinə ziddir və ona alternativ olaraq nəzərdən keçirilir. Belə vəziyyətdə Rusiyanın İranın yararına fədakarlıq etməsinin heç bir məntiqi əsası qalmır.

 

Zənnimizcə, Rusiyanın İranla ortaq fəaliyyətdən uzaqlaşması Bəşər Əsəd rejiminin də mövqeyinə təsir göstərib. Həyatı və hakimiyyəti Rusiyadan asılı vəziyyətdə olan Bəşər Əsəd də artıq 2009-cu ildə yol verdiyi strateji səhvdən geri dönmək niyyətindədir. Bunu isə Rusiyanın Nabukko layihəsinə razılıq verməsi təmin edə bilər. 

 

Üstəlik, Putin Suriya və Türkiyə arasında münasibətlərin bərpa olunması istiqamətində də iş aparır. İran isə Türkiyə-Rusiya-Suriya yaxınlaşmasından narahatdır və bunu gizlətmir də. Məlum olduğu kimi, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan yanvarın 14-də Suriyaya, yanvarın 17-də isə Ankaraya səfər etmiş və öz həmkarları ilə müzakirələrdə Tehranın da bu proseslərə qoşulması tələbini dilə gətirmişdi. Həmin səfərlər zamanı İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş müşaviri Əli Əsgər Hacı açıqlama verərək bildirmişdi ki, Tehran Ankara və Dəməşq arasında aparılan danışıqların gedişatında iştirak etməməkdən narahatdır və İranın iştirakı olmadan Suriya problemi həll edilə bilməyəcək. Diplomat həmçinin Hüseyn Əmir Abdullahiyanın Suriya rəsmiləri ilə bu məsələni müzakirə etdiyini, “Astananın fəaliyyətini necə davam etdirməsi və üçtərəfli görüşün dördtərəfli formata çevrilməsi” mövzusunda müzakirələr apardığını bildirmişdi.

 

Göründüyü kimi, İran beynəlxalq güc mərkəzlərinin ortaq fikrə gəldiyi və Rusiyanın da artıq hesablaşmaq məcburiyyətində qaldığı enerji layihələrində xaric səslə ifasını davam etdirir və bu da onun təklənməsinə yol açır. 

 

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 7 031          Tarix: 29-01-2023, 11:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma