Xəbər lenti


 

Blinkenin Mərkəzi Asiya turnesi Qazaxıstandan başladı. Bu Qazaxıstana birinci səfər olsa da, “C5+1” formatı çərçivəsində artıq dördüncü görüşdür. Səfərədə bütün maraqlı tərəflərin gözləntiləri bir-birindən hissolunan dərəcədə fərqlidir.

 

İqtisadi faktor

 

Qazaxıstan ABŞ üçün vacib tərəfdaşdır. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 37,2% artıb, $3,05 mlrd.-a çatdı. Qazaxıstanda ABŞ kapitalının iştirakı ilə 590 müəssisə fəaliyyət göstərir. 1991-ci ildən bəri ABŞ-dan Qazaxıstana birbaşa investisiya axını $62 mlrd. təşkil etmişdir. Bu göstərici üzrə ABŞ Niderlanddan sonra ikinci yerdə qərarlaşır. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra ABŞ-ın Qazaxıstana marağı daha da artmışdır. Əgər 2021-ci ildə birbaşa investisiyalar $3,1 mlrd. həcmində idisə, son 9 ay ərzində ABŞ-dan Qazaxıstana birbaşa investisiyalar 58,8% artıb, $5 mlrd.-a çatmışdır. Qazaxıstanın Avropa İttifaqı ilə də münasibətləri yüksələn xəttlə inkişaf edir. 2017-ci ildə Qazaxıstan Aİ vətəndaşlarına vizasız rejim tədbiq etdi, 2020-ci ildə isə Astana və Brüssel arasında genişlənmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında razılaşma imzalandı. Qazaxıstan neftinin 70%-dən çoxu Aİ ölkələrinə ixrac olunur. Rusiya-Ukrayna müharibəsinə qədər Qazaxıstanın Aİ-nın neft idxalında payı 6% idi, müharibədən sonra isə 7%-dir. Aİ Qazaxıstanın əsas ticarət tərəfdaşı (40%) və əsas investorudur (48%). 

 

Maraq və gözləntilər

 

Yuxarıda sadalanan göstəricilər Qərbin Qazaxıstana təsir dərəcəsini aydın nümayiş etdirir. Qazaxıstanda Blinken təkcə öz ölkəsini yox, bütövlükdə Qərbi təmsil edir. Bazar ertəsi Qazaxıstan fond birjası (KASE) Yandex başda olmaqla bir sıra Rusiya şirkətlərinin səhmlərini siyahıdan çıxarmaq qərarına gəldi. Ardınca Astana Rusiyadakı ticarət nümayəndələyini də ləğv etdi. Bütün bunların Blinkenin səfər öncəsi edilməsi Rusiyanın siyasi və intellektual isteblişmentini çox narahat etdi. Unutmayaq ki, səfər Aİ-nin Rusiyaya qarşı sayca 10-cu sanksiya paketinin qəbul olunduğu vaxta təsadüf edir. 10-cu sanksiya paketində Brüssel vurğunu əvvəlki paketlərdə mövcud boşluqların doldurulmasına edib. Bildiyimiz kimi, Astana Rusiyanın paralel idxalında aparıcı ölkələrdən biridir. Ehtimal ki, paralel idxal və sanksiyalardan yayınma Blinkenin Qazaxıstanda qaldıracağı əsas mövzulardan olacaqdır.

 

Vaşinqton-Astana-Bakı

 

ABŞ-ı maraqlandıran digər vacib məsələlər enerji təhlükəsizliyi və logistikadır. Rusiyanın neftinə və neft məhsullarına tədbiq edilən qiymət həddləri yalnız Qazaxıstan, Azərbaycan və s. bu kimi alternativ enerji mənbələrinin fasiləsiz axını şəraitində effektiv olur. Qazaxıstanın Aİ-na ixrac olunan nefti Rusiya ərazisindən keçir. Rusiya keçən il bir neçə dəfə bu axına fərqli bəhanələrlə mane olmağa çalışdı. Qazaxıstan isə buna cavab olaraq, Azərbaycana müraciət edib, boru kəmərlərimiz vasitəsilə sınaq axın həyata keçirdi. İctimai Diplomatiya və Dünya Siyasətinin Təhlili Mərkəzinin rəhbəri A.Vorobyova görə, Blinkenin səfərinin məqsədlərindən biri Qazaxıstan neftinin Rusiya ərazisindən yan keçərək Aİ-yə çatdırılmasına nail olmaqdır. Bunu isə yalnız Azərbaycan vasitəsilə həyata keçirmək mümkündür. 

 

Əfqanıstandan çıxdıqdan sonra ABŞ-ın Mərkəzi Asiya regionunda mövqeləri xeyli zəiflədi. Rusiya və İranla rəqabət + Çin ilə qəliz münasibətlər + Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsi ABŞ-ın Mərkəzi Asiyaya çıxış imkanlarını məhdudlaşdırıb, Azərbaycandan asılılığını artırdı.

 

Nəticə

 

Qazaxıstan prezidenti yanında strateji tədqiqatlar institutunun müdir müavini S.Kuşkumbayevə görə, Astana Rusiya-Ukrayna/Qərb qarşıdurması ilə bağlı mövqeyini dəfələrlə ikitərəfli və çoxtərəfli formatlarda Vaşinqtonun diqqətinə çatdırıb. Bu səbəbdən Blinkenin Qazaxıstanı Rusiyaya qarşı çevirmə və ya sanksiyalara qoşulmağa məcbur etmə səyləri arzuolunan nəticə verməyəcək. Bununla belə, ABŞ daha incə siyasət yeridib, “C5” ölkələrinə qlobal və regional baxışını təqdim edib, onların dəyişən qüvvələr balansında düzgün nəticə çıxarmasına ümid edə bilər.

 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi





Ana səhifəyə qayıt        Baxış: 5 840          Tarix: 2-03-2023, 08:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma