Xəbər lenti


 

Artıq yarım ildir ki, Rusiya məqsədlərinə çatmaq üçün “Vardanyan layihəsini” (“VL”) işə salmışdır. Layihənin hansı hədəfləri izlədiyini, hədəflərə nə dərəcədə çatdığını və nəticə etibarı ilə tərəflərin nə əldə etdiklərini sistemləşdirmək məqsədəuyğundur.

 

“Vardanyan layihəsinin” hədəfləri 

 

“Vaşinqton razılaşması” (assimetrik) Bakı-Xankəndi və (simmetrik) Ermənistan-Azərbaycan danışıqlarını bir-birindən ayırdı. “VL” Rusiyanın regionda maraqlarını təmin edən və Qarabağ ermənilərini danışıqlarda təmsil edən subyekt olmalı idi.

 

• “VL” Qarabağ ermənilərinin subyektliyini artırıb Azərbaycana reinteqrasiyasına mane olmalı idi.

 

• “VL” Qarabağ ermənilərinin konsolidasiya və beləliklə müqavimət səviyyəsini artırıb, mövcud reallıqla barışmağa mane olan yalançı ümidlər formalaşdırmalı idi.

 

• “VL” KİV ilə yaxın əlaqə quraraq Qarabağ erməniləri məsələsinin beynəlmiləlləşməsinə nail olmalı idi.

 

• “VL” Azərbaycanın təbii sərvətlərinin talan edilməsi sayəsində “yerdə” alternativ gəlir mənbələri yaradıb, Xankəndinin İrəvandan, yəni Paşinyandan asılılığı azaltmalı idi.

 

• “VL” Ermənistan SQ qalıqlarının Qarabağdan çıxarılmasına mane olmalı idi.

 

• “VL” gələcəkdə Ermənistana təsir vasitələrini artırmaq üçün “layihənin” uğurlu olmasını təmin etməli idi.

 

Nə dərəcədə reallaşdı?

 

Qarabağ erməniləri məsələsi beynəlmiləl xarakter aldı. Məsələ ilə bağlı erməni diasporu və Ermənistan havadarları konsolidasiya olundu. Lakin, məsələnin beynəlmiləlləşməsi Azərbaycana münasibətdə sanksiyalara gətirmədi. Danışıqlar davam edir və ABŞ, Rusiya, Aİ timsalında bütün vasitəçilər danışıqlar prosesində iştirak edir.

 

Bakı “VL”-dən necə istifadə etdi?

 

Azərbaycan “VL”-in reallaşmasına səbrlə yanaşıb, paralel olaraq itkilərin sıfıra enməsi üçün “yerdə” və siyasi-diplomatik arenada məqsədə/məntiqəuyğun addımlar atdı. “VL” Bakının (onsuz da) atacağı addımları sürətləndirdi. 

 

Laçın yolundakı ekoloji aksiya Qarabağa minaların, silah-sursatın və Ermənistan hərbçilərinin daxil olmasının qarşısını aldı.

 

Yataqların istismarı və bununla da Azərbaycan ərazilərindəki istənilən qanunsuz iqtisadi fəaliyyət dayandırıldı. Başqa sözlə desək, Qarabağ ermənilərinin alternativ gəlir mənbəyi kəsildi. Hazırda Qarabağ erməniləri iqtisadi cəhətdən tam olaraq İrəvandan, yəni Paşinyandan asılıdırlar.

 

• Bakı Vardanyanla danışıqlara getmədi, əksinə onun Qarabağdan getməsini tələb etdi. General Volkov Vardanyanı “diplomatik nümayəndə” kimi irəli çəkə bilmədi. 

 

• Azərbaycan Qərbə, xüsusilə Vaşinqtona göstərdi ki, Xankəndi ilə dialoq tələbi “VL”-in reallaşmasına gətirdi. Bu tələbin prinsipial olaraq müdafiə edilməsi “VL”-in uğurunu Ermənistan üzərinə də yaya bilər. Beləliklə, prioritet sülh sazişi oldu.

 

Ekoaksiya nəzarət buraxılış məntəqəsi (NBM) məsələsini aktuallaşdırdı. Bu məsələ Münhendə, özü də Rusiyaya yox, Ermənistan rəhbərliyinə rəsmi təklif kimi verildi. 12 dekabra qədərki rejim daha olmayacaq. Bakının “qırmızı xəttlərini” keçmək lazım deyildi ki, Bakı da Moskvanın “qırmızı xəttini” keçsin!

 

Konsolidasiya yerinə həm Qarabağ erməniləri, həm də Ermənistan daxilində parçalanma baş verdi. Vardanyanın özü, postlarında “daxili müqavimətdən” bəhs edir. 

 

• “Müqavimət simvolu” kimi Qarabağ ermənilərinin ümidlərinə ən böyük zərbəni elə Vardanyan vurdu. Ən azından Vardanyana qədər Qarabağ erməniləri talonlardan istifadə etmirdilər və Laçın yolu üzrə rahat hərəkət edirdilər. 

 

Hazırda Qarabağdakı infrastruktur sıradan çıxıb, yaxın vaxtlarda isə qaçılmaz olaraq Azərbaycan infrastrukturuna qoşulacaqdır. Qarabağ ermənilərinin subyektliyi yalnız yaddaşda qalacaq. Qarabağ ermənilərinin müqavimət səviyyəsi Ermənistan SQ qalıqlarının çıxarılması/məhv edilməsi və Vardanyanın getmə/həbsindən sonra heç bir əhəmiyyət kəsb etməyəcək.

 

“VL” onsuz da qəliz olan Ermənistan-Rusiya münasibətlərini daha da kəskinləşdirdi. Layihə Rusiya üçün də toksik oldu, belə ki, hadisələr hətta Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə də nəzarətdən çıxır. RSK-nın Laçın yolundakı yeganə real eksklüzivliyi isə perspektivdə NBM formasını almaq üzrədir.

 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi




Ana səhifəyə qayıt        Baxış: 5 788          Tarix: 2-03-2023, 12:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma