Xəbər lenti


 

Ermənistanı Rusiyaya bağlayan yeganə quru yolu “Yuxarı Lars” magistralı yenidən bağlanıb. 

 

Ovqat.com-un məlumatına görə, magistral pis hava şəraiti ucbatından keçilməz hala düşüb.

 

Əslində Yuxarı Lars keçidinin keçilməz hala gəlməsi nadir hadisə deyil. Keçid xüsusilə qış, yaz, payız mövsümlərində tez-tez bağlanır. Azərbaycanla kommunikasiya əlaqələrinin açılmasında maraqlı olmayan və ümidlərini Yuxarı Lars kimi keçilməz aşırımlara bağlayan ermənilər hər zaman olduğu kimi, indi də sözügedən magistral üzərində tikilməsinin və yolun genişləndirilməsinin xəyallarını qururlar. Onlarda bu ümidi yaradan isə Avrasiya İnkişaf Bankının Yuxarı Lars yolu ilə bağlı hazırladığı plandır. Bankın mətbuat xidmətinin erməni mediasının sorğusuna verdiyi cavabda bildirilir ki, qurum Yuxarı Lars keçid məntəqəsinin genişləndirilməsinə sərmayə qoya bilər.

 

"Yuxarı Lars keçid məntəqəsindən keçən avtomobil yolu, əslində, Ermənistan Respublikasını Aİİ ölkələri ilə birləşdirən yeganə yoldur. Onun genişləndirilməsi Şimal-Cənub yol marşrutunun inkişafı üçün prioritetlərdən biridir", - Bankın ötən ilin 25 dekabrında yaydığı rəsmi açıqlamasında deyilir.

 

Bank həmin açıqlamasında qeyd etmişdi ki, yolun ötürmə qabiliyyətini artırmaq, sürücülər üçün əlverişli şərait yaratmaq, yol hərəkəti təhlükəsizliyini yaxşılaşdırmaq və nəqliyyat vasitələri yaratmaq məqsədilə yolkənarı infrastrukturun və topdansatış-logistika kompleksinin tikintisinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasının Texniki Yardım Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi imkanları nəzərdən keçirilir.

 

"Əgər texniki-iqtisadi əsaslandırma maliyyələşdirilərsə, biz lazımi və ən çox tələb olunan infrastrukturun optimal tərkibini əldə edəcəyik, daha sonra isə lazımi infrastrukturları tikəcəyik. İnvestorun müraciətinə artıq bu il baxılacağını gözləyirik", - bildirilən açıqlamada vurğulanmışdı ki, müraciətlərə müsbət baxılacağı təqdirdə, texniki-iqtisadi əsaslandırmanın hazırlanması 2023-cü ilin birinci yarısında tamamlana bilər. 2023-cü ilin birinci yarısının yarısı artıq geridə qalıb. “Yuxarı Lars” yolunun inşası barədə isə hələ hələ də müfəssəl məlumat yoxdur. Əgər bu layihənin inşasına qərar verilərsə, həmin yolda ən azı 9 km. tunel çəkilişinə başlanılacaq.

 

Məlumata görə, indiki mərhələdə Rusiya investorundan müraciət qəbul edilib. Amma başqa ölkələrdən investorların cəlbi də istisna deyil.

 

Avrasiya İnkişaf Bankının (AİB) İdarə Heyətinin sədr müavini Denis İlyin erməni media orqanlarının sualını cavablandırarkən bildirib ki, bank Ermənistana ildə təxminən 100 milyon dollar sərmayə qoymağı planlaşdırır. İlyinin sözlərinə görə, bankın Ermənistanla bağlı nəzərdən keçirdiyi layihələr arasında İrəvan metrosu, Yuxarı Lars yolu, ZMKK, Amulsarın genişləndirilməsi və s. kimi proyektlərin maliyyələşdirilməsi də var.

 

Göründüyü kimi, ermənilərin böyük ümidlə baxdıqları AİB-in Yuxarı Lars magistiralına maliyyə ayırması belə dəqiq deyil. Xüsusilə Rusiya ilə Avropa ölkələri arasında münasibətlərin getdikcə pisləşdiyi, nəqliyyat-kommunikasiya əlaqələrinin tamamilə dayandırıldığı bir şəraitdə AİB-in Yuxarı Lars yoluna investisiya ayırması da inandırıcı görünmür. Çünki ermənilər bu yolun Qərbə açılan yeganə qapıları olduğunu iddia etsələr də əslində həmin marşrut Ermənistanı Rusiyaya bağlayır. İrəvanın Qərbə açılan daha optimal yolu var - Türkiyədən keçmək. Qərb ölkələri də İrəvanın Rusiyanın təsirindən çıxıb Türkiyə vasitəsilə Avropaya bağlanmasında maraqlıdırlar.

 

Prinsipcə, Yuxarı Lars marşrutu indiki şəraitdə nə Gürcüstan, nə də Rusiya üçün vacib əhəmiyyət kəsb etmir. Rusiyanın Cənubi Osetiya və Abxaziyanı işğalından sonra Gürcüstan bu ölkəylə ticari əlaqələri xeyli azaltmış, Avropaya yönəlmişdir. Rusiya isə Cənub-Şimal marşrutunun Xəzər dənizi və Azərbaycan üzərindən keçməsində maraqlıdır. Çünki Hindistandan İranı keçərək Xəzər dənizi və ya Azərbaycan üzərindən Rusiyaya uzanan bu alternativ daha qısa, rentabelli və çoxşaxəlidir. Belə ki, Zəngəzur dağlarının dolanbac yollarından yalnız avtomobillə keçmək olar. O da ilin soyuq aylarında əsasən bağlı qalır. Həmin ərazidən dəmir yolu inşaatı üçün km-lərlə tunellər tikilməlidir ki, bu da nəqliyyatın rentabelliyini azaldır. Azərbaycan və Xəzər dənizi ilə Rusiyaya keçən alternativ yol isə həm avtomobil, həm dəmir yolu, həm də dəniz yolu üçün nəqliyyatı üçün əlverişlidir. Üstəlik, Cənub-Şimal marşrutunun Ermənistan üzərindən Gürcüstana, ordan isə Qara dəniz vasitəsilə Avropaya keçməsi alternativ nəqliyyat imkanları da yaradır ki, Moskva öz ərazisindən yan keçən marşrutlara o qədər də isti baxmır.

 

Bütün bu neqativ amillər İrəvanın güvəndiyi dağlara qar yağmasını şərtləndirir.

 

Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 7 250          Tarix: 4-03-2023, 11:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma