İran Xəzər dənizi vasitəsilə Rusiyaya 100 milyon güllə və 300 minə yaxın mərmi göndərib.
Ovqat.com-un məlumatına görə, bu iddianı “Sky News” telekanalı irəli sürüb.
Nəşr təhlükəsizlik mənbələrinə istinadən bildirir ki, sursatlar Rusiya bayrağı altında iki yük gəmisi tərəfinən daşınıb. Yanvarın 10 və 12-də İran limanını tərk edib Rusiya limanlarına gedən gəmilərdə təxminən 200 konteyner silah olub.
Konteynerdə 5,56 mm, 7,62 mm, 9 mm, 12,7 mm və 14,5 mm çaplı 100 milyona yaxın patron, 300 minə yaxın mərmi daşındığı bildirilir. İddialara görə, daşınmalara reaktiv yaylım atəşi sistemləri, minaatanlar və pulemyotlar üçün sursatlar daxildir. Mənbə qeyd edib ki, Moskva sursatların pulunu nağd şəkildə ödəyib.
Bundan əlavə, yüklər arasında 10 minə yaxın zireh və dəbilqə də yer alıb.
Yeri gəlmişkən, gəmilərin hərbi yük apardığı Həştərxan limanı Xəzərin qərb sahillərində, yəni Azərbaycanla eyni paraleldə yerləşsə də, İran öz gizli silah daşımalarını şərq sahilindən - Türkmənistana daha yaxın sulardan keçirib.
“Rusiya İrandan “arxa baza” kimi istifadə etməkdə davam edir”, - qaynaq iki ölkə arasında sıx hərbi əlaqələri bu cür qiymətləndirir.
Paylaş: