“Kreml erməni və rus xalqları arasında çoxəsrlik dostluq tarixinin üstündən xətt çəkir. Putin və komandası bilərəkdən Böyük Pyotrun göstərişlərinə xəyanət yoluna qədəm qoyublar”.
Ovqat.com xəbər verir ki, bu sətirlər erməni nəşri “ArmenianReport”-un “Gələcək nəsillərə məsləhət” sərlövhəli yazısındandır.
Müəllifi bəlli olmadığından nəşrin redaksiya yazısı kimi qəbul etdiyimi məqalədə daha sonra vurğulanır: “Kreml xalqımıza qarşı xəyanətkar hərəkətlərinin qiymətini başa düşməyə borcludur. Putin deyəsən unudub ki, ruslar İstanbulu vaxtilə Çarqrad adlandırıblar. O, Türkiyə ilə Rusiya arasında çoxlu sayda müharibələrin olması faktlarına məhəl qoymur. Əslində o, bu müharibələrdə həlak olmuş əcdadların xatirəsinə xəyanət edir”.
Qısası, müəllif başda Putin olmaqla bütün Kreml rəsmilərinə xatırladır ki, türklərlə ruslar əzəli düşməndirlər və I Pyotr tərəfindən əsası qoyulan rus imperializmi özünün Cənubi Qafqaz, Anadolu siyasətində erməni müttəfiqliyinə arxalanıb. Ermənilərin əli ilə türklərin qanını töküb, işğal etdiyi ərazilərdən türk izini silib. Bu xidmətin müqabilində isə I Pyotrun xeyir-duasını, rəğbətini qazanıb. Hətta rus imperiyasının qurucusu öz sələflərinə ermənilərə himayədarlıq etməyi tapşırıb və bununla bağlı vəsiyyətnamələr yazıb.
Maraqlıdır ki, bu təkcə “ArmenianReport” nəşrinin fikri də deyil. Azərbaycan-Ermənistan münasibətlərindən və Rusiyanın sözügedən münaqişədə sərgilədiyi “laqeyd”likdən gileylənən bütün müəlliflərin hamısı ruslara I Pyotrun ermənilərlə bağlı vəsiyyətlərini xatırladır və müasir rus liderlərinin təkcə ermənilərə deyil, həm də “böyük atalarına” xəyanət etdiklərini vurğulayırlar. Sual oluna bilər: I Pyotrun ermənilərlə bağlı hansı tövsiyələri olub ki, indiki rus rəsmiləri onu yerinə yetirmək istəmirlər?
Tarixi mənbələr həqiqətən də I Pyotrun ermənilərin tarixi Azərbaycan ərazilərinə yerləşdirilməsi barədə həm fərmanının, həm də vəsiyyətinin, olduğunu göstərir. Onlardan biri “Ermənilərin Rusiya imperiyasında məskunlaşdırılması haqqında fərman”dır. Sənəd 1724-cü il noyabrın 10-da imzalanıb və general-mayor Kropotova göndərilib.
Fərmanda deyilir: “Onları (erməniləri)... istədikləri əraziyə aparın, rahat, lazımi vəsaitlərlə təchiz olunmuş və yaşaya biləcəkləri yerlərdə məskunlaşdırın və digər məsələlərdə onlara hər cür köməklik göstərin... Biz erməni xalqını öz xüsusi imperiya mərhəmətimizə sığınmış şəxslər kimi qəbul etmişik”.
Məktubda həmçinin göstəriş verilir ki, erməni xalqı “Müqəddəs Xaç qalasına, Sulak, Ağraxanı və Terek çaylarının kənarına məskunlaşdırılsın, güclü mühafizə altında saxlanılsın. Ermənilərlə elə davranmalısınız, onlardan heç bir şikayət gəlməsin. Erməni xalqı bizim xüsusi imperiya mərhəmətimiz və qəyyumluğumuz altındadır”.
Tarixi məlumatlara inansaq, elə həmin gün imperator “Erməni xalqının Rusiya dövlətinin himayəsi altına alınması və Qarabağ ermənilərinin yeni ələ keçirilən “fars vilayətlərinə” köçürülməsi haqqında” ikinci dövlət məktubunu yazıb və general Matyuşkinə göndərib.
I Pyotr bu məktubları yazarkən ağır xəstə idi. Bildirildiyinə görə, imperator ən azı 10 ağır xəstəlikdən əziyyət çəkirdi. Ağır xəstə olduğuna görə, heç kimi qəbul etmir, canı ilə əlləşirdi. Onu ölümqabağı “istirahətlərindən ayıran yeganə hadisə erməni nümayəndələrinin saraya gəlməsini eşirməsi olur.
Məlumata görə, ermənilərin onunla görüşmək istədiyini xəbər alan I Pyotr yatağından tez ayağa qalxıb rəsmi paltarlarını geyinir və qonaqlarını qəbul edir. Ermənilərlə bir neçə saat söhbət edən imperator haqqında danışdığımız fərmanları imzalayır və ünvanlarına göndərir. Üzərindən cəmi 3 ay keçməmiş, 1725-ci ilin 8 fevral ayında ölür. Bu mənada onun ölüm qabağı imzaladığı dövlət məktublarını vəsiyyətnamə kimi də qəbul etmək mümkündür.
I Pyotrun zamanında ermənilər rus imperiyasının ən sevimli milləti kimi tanınır. O, erməni tacirlərinə daha rahat alış-veriş şəraiti yaradır. Məhz onun zamanında Rusiyada ilk erməni Apostol Kilsəsinin yeparxiyası formalaşır.
O da maraqlıdır ki, I Pyotrun ermənilərlə bağlı imzaladığı ilk fərman (general-mayor Kropotova göndərilən məktub) 298 il sonra, yəni 2022-ci ildə hərraca çıxarılıb 33 milyon 400 min rubla satılır.
Qaynaq: Melqunov G.: “Böyük Pyotrun İrana yürüşü”, 1874; “Beynəlxalq hüquqda və dünya siyasətində Dağlıq Qarabağ”. Sənədlər və şərhlər. T.1, 2008
Paylaş: