ABŞ-ın Rusiyadan sonra növbəti hədəfi olan Çin digər hədəf ölkə İranla əzəli düşməni Səudiyyə Ərəbistanını bir araya gətirib.
Ovqat.com-un məlumatına görə, Səudiyyə Ərəbistanı və İranın nümayəndə heyətləri Pekində aparılan danışıqlardan sonra iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və bir-birində səfirliklər açmaq barədə anlaşıblar.
Səudiyyə Ərəbistanı, İran və Çinin birgə bəyanatında bildirilir ki, tərəflər dövlətlərin suverenliyinə hörmət etdiklərini və onların daxili işlərinə qarışmadıqlarını bir daha təsdiqləyib, diplomatik əlaqələrin bərpasına qərar veriblər. Yayılan ortaq bəyanatda barışıq prosesini həyata keçirmək və detaları dəqiqləşdirmək üçün iki ölkənin xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşəcəkləri vurğulanır.
İxtilafların qardaşlıq bağları çərçivəsində dialoq və diplomatiya yolu ilə həlli üçün Birləşmiş Millətlər Təşkilatının və İslam Əməkdaşlıq Təşkilatının əsasnamələrinin prinsip və məqsədlərinə əməl ediləcəyi bildirilən bəyanatda qeyd olunur ki, İran və Səudiyyə Ərəbistanının yüksək səviyyəli danışıqları Tehran-Ər-Riyad münasibətlərinin normallaşdırılması üçün Çin səlahiyyətliləri vasitəsilə martın 6-da Pekində başlayıb. Danışıqlar İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamhani ilə Səudiyyə Ərəbistanının milli təhlükəsizlik üzrə müşaviri Musaid əl-Ayban arasında baş tutub.
Tehran və Ər-Riyad 2021 və 2022-ci illərdə iki tərəf arasında dialoq raundlarına ev sahibliyi etdiyinə görə İraq və Omana minnətdarlıqlarını bildiriblər, həmçinin Çin hökumətinə danışıqlara ev sahibliyi etdiyinə, danışıqların uğurlu alınması üçün göstərdikləri səylərə görə təşəkkür ediblər.
Tərəflər həmçinin 2001-ci il aprelin 17-də imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinin və 27 may 1998-ci ildə imzalanmış iqtisadiyyat, ticarət, investisiya, texnologiya, elm, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair müqavilənin yenidən aktivləşdirilməsi barədə razılığa gəliblər.
Paylaş: