“Hörmətli redaksiya, Nərimanov rayonunun İbrahim Paşa Dadaşov küçəsində yaşayan bir qrup qonşuları xalqın etibarlı tribunası olaraq qapınıza pənah gətirməyə vadar edən “Azərsu” ASC-nin Nərimanov rayon sukanal idarəsində baş alıb gedən özbaşınalıqlar idarə rəisinin və idarənin digər məmurlarının vətəndaşlara qarşı olan qanunazidd, qərəzli mövqeyidir. Deməyə ehtiyac yoxdur, vətəndaş istifadə etdiyi suyun dəyərini sözsüz ödəməlidir. Qeyri obyektiv səbəbdən ödəmədiyi halda yalnız rayon məhkəməsinin qərarı əsasında vətəndaşın su təchizatı dayandırıla bilər. Amma Nərimanov rayonunda bu proses tamamilə fərqlidir. Vətəndaşın hansı səbəbdən suyun pulunu ödəmədiyi araşdırılmadan vətəndaşa hədə dilində yazılı xəbərdarlıq edilir. Beləliklə də su məmurları bilərəkdən ölkədə sosial gərginlik, prezidentlə xalq arasında dərin uçurum yaradırlar”.
Ovqat.com-a ünvanlanan şikayət məktubunda belə deyilir.
Məktub müəlliflərinin iddiasına görə, “Azərsu” hətta evdə yaşamayan ailələrə belə, su istifadə etdiklərini bildirən bildiriş göndərib onlardan külli miqdarda pul qoparmağa çalışır.
“Bircə faktı xüsusi qeyd etmək yerinə düşər ki, Əmək və əhalinin keçmiş Sosial Müdafiə naziri Səlim Müslümov uzun illər bizlərlə qonşuluq edib. Neçə illərdir onun həbsxana həyatı yaşaması məlumdur. Nərimanov rayon sukanal idarəsində özbaşınalıq elə bir həddə çatıb ki, Səlim Müslümovun həbsxanada cəza çəkdiyi müddəti ona su pulu hesablayıblar. Vətəndaşın ev alandan sonra evdə yaşamadığı da nəzərə alınmır. Sakindən yaşamadığı müddət üçün bağlı qapıdan su pulu tələb edirlər.
Başqa bir misal:
Tofiq İsmayılov adlı ağsaqqal ziyalı 20 ilə yaxındır bizimlə qonşuluq edir. Neçə illər rəhbər vəzifələrdə təmsil olunan zəngin təcrübəli savadlı sanballı bu insan dəyərli məsləhətlərini heç bir qonşudan əsirgəmir. Ən dar, yaman günümüzdə bizə həyan durur, yanımızda olur. Bir neçə gün bundan əvvəl Nərimanov rayon Sukanal İdarəsinin rəisi Ruslan Behbudovun imzası ilə ona hədə-qorxu dilində yazılan xəbərdarlıq təqdim ediblər. Xəbərdarlıqda göstərilir ki, guya Tofiq İsmayılovun işlətdiyi suya görə 371 manat yığılıb qalmış borcu var. Halbuki, intizamlı qaydada su pulunu su sayğacının göstəricisi əsasında ödəyən bu şəxs heç zaman belə bir çirkin əmələ imza atmaz. Şər-böhtan xarakterli bu addım rayon Sukanal İdarəsinin növbəti təxribatıdır.
Sual olunur! Ağsaqqal nə etməlidir, həm sayğacın sərfiyyat göstəricisini ödəməlidir, həm də Sukanal İdarəsinin qanunsuz tələbini təmin etməlidir?
Bu günlər dünyanın əksər ölkələri yaranan su qıtlığı kimi böyük fəlakətlə üz-üzədir. Lakin “Azərsu” ASC sudan qənaətlə istifadə ilə bağlı əhali arasında heç bir təbliğat işləri aparmır. Əgər su qıtlığı dərinləşərsə isti yay aylarında yoluxucu xəstəliklərin yayılması ehtimalı qaçılmaz olacaq. “Azərsu” ASC-də və yerli orqanlarında vəziyyət biz düşümdüyümüzdən daha acınacaqlıdır. Çünki bu quruma hələ də ağsaqqallıq edən keçmiş sədr Qorxmaz Hüseynovdur.
Hörmətli redaksiya, biz qonşuların haqq səsini ictimailəşdirməyinizi geniş xalq kütləsinə çatdırmağınızı səmimi qəlbdən xahiş edirik.
Dərin hörmətlə,
Nərimanov rayonunun İbrahim Paşa Dadaşov küçəsi 50-də yaşayan bir qrup sakin
Paylaş: