Ruslar Baxmutda “yandırılmış torpaq “ taktikasına keçiblər.
Ovqat.com-un məlumatına görə, şəhərdəki vəziyyəti dəyərləndirən Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı General-polkovnik Aleksandr Sırski belə deyib.
Sırskinin iddialarının nə qədər həqiqət olub-olmadığı yəqin ki, döyüş meydanlarından gələn xəbərlərlə müəyyənləşəcək. Əgər bu məlumat doğrudursa, milyondan çox əsgəri olan Rusiyanın Ukraynada həyata keçirməyə çalışdığı “yandırılmış torpaqlar” taktikası Əhəmənilər kralı III Daranın Makedoniyalı İsgəndər qarşısındakı acizliyini xatırladır.
Məlum olduğu kimi, Makedoniyalı İsgəndər uzun illər boyu onun ölkəsinə meydan oxuyan Əhəmənilər dövləti ilə haqq-hesab kəsməyə gələndə III Daranın generalları öz krallarına “yandırılmış torpaqlar” taktikasına keçməyi məsləhət görürlər. Dara bu təklifi eşidəndə dəliyə dönür:
- Necə yəni, Yandırılmış torpaqlar taktikasına keçək? İsgəndərin ordusu nə qədərdir ki, biz onun qarşısında bu taktikaya əl ataq?
Qeyd edim ki, yandırılmış torpaqlar taktikası düşməni ərzaqsız, təchizatsız buraxmaq üçün işğal olunacağı düşünülən əraziləri yandırıb yaxmaq, körpüləri, komminikasiya xətlərini dağıtmaq planını nəzərdə tutur. Ruslar bu taktikadan Napoleona qarşı istifadə etmiş və Fransanın güclü ordusunu Moskvadan qovmağa nail olmuşdu. III Daranın miladdan əvvəl 380-330-cu illərdə yaşadığını hesaba qatsaq, iranlıların bu taktikdadan 3000 il əvvəl istifadə etdiklərini görə bilərik.
III Daranın generalları onun sualına belə cavab verirlər:
-32 min əsgərlə üstümüzə gəlirlər.
Dara lap əsəbiləşir və bu təklifi ilk dəfə dilə gətirən generala tapşırıq verir:
-40 min əsgərini götür, İsgəndəri ordusu ilə bərabər cəhənnəmə göndər.
General çar-naçar qoşunlarını alıb İsgəndərin qabağına çıxır. İsgəndər əsgərlərinin az olmasına baxmayaraq, onu asanlıqla məğlub edir. Dara bu hənanın o hənadan olmadığını anlayıb 100 min qoşunla özü İsgəndəri qarşılamağa gedir. Özünə o qədər arxayın olur ki, hərəmini də yanına alıb onları maraqlı döyüş səhnələri ilə feyzyab etdirmək fikrinə düşür. İsgəndər bu dəfə də ona qalib gəlir. Döyüş meydanından qaçaraq canını qurtaran Dara hərəmini özü ilə aradan çıxarmağa macal tapmır. Yoldaşları, qızları İsgəndərin əlinə keçir. İsgəndər onlardan diplomatik silah kimi istifadə etməyə başlayır. Daraya məktub yazaraq bildirir ki, ailəsinə qovuşmaq istəyirsə, onun təbəəliyini qəbul etsin. Əhəmənilər kralı isə bu təklifi qəbul edə bilməyəcəyini, sülh sazişi müqabilində ona qızını və cehiz olaraq isə 3 ton qızıl verəcəyini bildirən cavab məktubu yazır. İsgəndərin bu təklifə cavabı çox ağır olur:
-Qızın onsuz da əlimdədir. İstədiyim zaman sənin rizan olmadan onunla evlənərəm. Qızıla gəlincə, səni məhv edəndən sonra nəinki 3 ton qızıl, bütün xəzinəni mənimsəyəcəyəm. Namusunu xilas etmək istəyirsənsə döyüşə hazırlaş.
III Dara İsgəndərlə çarpışmaqdan başqa heç bir çarəsinin qalmadığını görüb döyüşə hazırlaşır. İmperiyanın müxtəlif yerlərindən 250 min əsgər yığıb İsgəndərin üstünə gedir. Döyüşdən əvvəl isə yandırılmış torpaqlar taktikasını həyata keçirir. Yəni Dəclə çayının şərq hissəsindəki kəndləri yandırır.
İsgəndərlə III Daranın qoşunları indiki Mosul ətrafında, Qavqamela çölündə üz-üzə gəlirlər. Daranın ordusu İsgəndərin ordusundan dəfələrlə çox olmasına baxmayaraq, bu müharibədə də məğlub olur. Tarixi mənbələrə inansaq, Daranın ordusu Makedoniyalılardan 50 dəfə çox itki verir.
Makedonların bu qeyri-bərabər döyüşdə uğur qazanmasının bir neçə səbəbi vardı. Başlıca səbəb onların Əhəmənilərlə müqayisədə daha müasir silahlarla təchiz olunması və III Daranın qoşunundakı skif və kadusi tayfalarından olan əsgərlərin canü-könüldən savaşmaq istəməsi idi. Çünki onlar da müstəmləkə zülmünə məruz qaldıqları Əhəmənilər imperiyasının bir an çökməsini istəyir, dolayısıyla III Daranın məğlubiyyətini arzulayırdılar.
Ukrayna qarşısında yandırılmış torpaqlar taktikasına keçən Rusiyanın da əslində bu aciz duruma düşməsində bu iki səbəbin önəmli rolu var. Əvvəla, Rusiya Ukrayna ilə döyüşə 80-ci illərdən qalma köhnə texnikalarla girib və NATO ölkələrinin ən müasir silahları ilə üzləşiblər. Üstəlik, özlərinə bu döyüşdə ətçəkən maşının ağzına atılmış qurbanlıq kimi baxan rus gəncləri müxtəlif yollarla savaşdan yayınmağa çalışırlar. Bir çoxları müharivənin qorxusundan hətta Rusiyanı tərk edib xarici dövlətlərə qaçıblar. Moskva da rusların yerinə “qara millətlərin” nümayəndələrini müharibəyə göndərir. Onlar isə bu milli ayrıseçkilikləri görüb Rusiyanın bir an əvvəl dağılmasını arzulayırlar.
Yeri gəlmişkən, Azərbaycanı zəif görüb üstümüzə kərəzlənən İran da həm müttəfiqi Rusiyadan, həm də öz qədim tarixindən dərs almalıdır. Unutmamalıdır ki, dini lider Ayətullah Xamaneyi Əhəmənilər kralı III Daradan daha güclü deyil və müasir müharibələr daha çox sürprizlərlə doludur. Ən əsası isə, İran ordusunun içərisində xeyli sayda Azərbaycan türkü var və onlar Tehranın ermənipərəst siyasət naminə öz qardaşları ilə döyüşməyə çox da həvəs göstərməyə bilərlər. Digər milli azlıqlar da həmçinin. Mən hələ hərbi-texniki üstünlükdən və Azərbaycanın başqa avantajlarından danışmıram.
Heydər Oğuz
Paylaş: