Xəbər lenti


 

NATO-nun baş katibi Yens Stoltenberq bu gün Kiyevə gözlənilməz səfər edib.

 

Ovqat.com-un məlumatına görə, belə bir səfərin planlaşdırıldığı əvvəlcədən elan olunmayıb.

 

Məlumata görə, Stoltenberq Kiyevin mərkəzindəki Mixaylovskaya meydanındakı həlak olan ukraynalı hərbçilərin xatirə divarının yanında dayanaraq fotolar çəkdirib. NATO baş katibinin Rusiya hərbi əməliyyatları başlayandan bəri ilk dəfə bu ölkəyə səfər etdiyi bildirilir.

 

Aprelin 20-də elan olunmamış səfərlə Kiyevə gələn NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransı da keçirib. Alyans rəhbəri iyulda keçiriləcək sammitdə NATO ölkələrinin Ukrayna üçün təhlükəsizlik təminatlarını nəzərdən keçiriləcəyini, aprelin 21-də Ramşteyn formatında baş tutacaq görüşdə isə yeni silah təchizatının müzakirə olunacağını bildirib. Ukraynanın NATO-ya üzvlüyünə gəlincə, Stoltenberqin sözlərinə görə, zamanla bu məqsədə də nail olunacaq.

 

“Ukraynanın layiqli yeri Avro-Atlantik ailədədir və zaman keçdikcə bizim dəstəyimiz sayəsində bu məqsədə nail olunacaq”, - deyə cənab Stoltenberq bildirib. Buna cavab olaraq Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, hazırda ölkəni alyansa dəvət etmək üçün heç bir maneə yoxdur.

 

“Liderlərin Ukraynanın NATO-ya üzvlüyü perspektivinin və bu məqsədə doğru hərəkət alqoritminin müəyyənləşdirməsi və belə bu müddət ərzində, yəni NATO-ya üzvlükdən əvvəlki dövr üçün dövlətimizin təhlükəsizlik təminatlarının vaxtı çatıb”, - Zelenski bildirib.

 

Stoltenberq öz növbəsində qeyd edib ki, Ukraynanın təhlükəsizlik təminatları iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitdə müzakirə olunacaq. “Mən başa düşürəm ki, prezident Zelenski NATO-nun Vilnüs sammitində Ukraynanın üzvlüyü və Ukrayna üçün təhlükəsizlik təminatları məsələlərini qaldıracaq, bu, gündəmin prioritetləri arasında olacaq”, - deyə Stoltenberq əlavə edib ki, Ukraynanın qalib gəlməsini təmin etmək lazımdır: “Çünki bu, Ukraynanın gələcək üzvlüyü ilə bağlı mənalı müzakirə aparmağın yeganə yoludur”.

 

Qeyd edək ki, sabah, yəni aprelin 21-də Almaniyadakı Amerikanın Ramşteyn bazasında Ukraynanın hərbi müttəfiqlərinin görüşü keçiriləcək. Bunu bir daha xatırladan Stoltenberq vurğulayıb ki, müttəfiqlər indi daha çox təyyarə, tank, zirehli maşın tədarük edir və NATO-nun Ukrayna fondu təcili dəstək verir. “Və bütün bunlar həqiqətən də bu gün döyüş meydanındakı vəziyyəti dəyişir”.

 

Eyni zamanda, alyansın baş katibinin bidirdiyinə görə, bu gün Ukraynanın ixtiyarında olan bütün silah sistemlərinin düzgün işləməsini təmin etmək daha vacib məsələdi: “Bu o deməkdir ki, Ukraynaya çoxlu sursat tələb olunur. Ehtiyat hissələrinə, təmir işlərinə ehtiyacımız var”, - deyə o əlavə edib.

 

“Bəli, biz yeni silah sistemlərinə ehtiyac olub-olmadığını müzakirə etməliyik. Ancaq artıq təhvil verilmiş silahların normal işləməsini təmin etmək çox böyük bir işdir. Biz bunu sabah Ramşteyndəki görüşdə də müzakirə edəcəyik”, - deyə cənab Stoltenberq fikrini izah edib. 

 

Yens Stoltenberqin Kiyevə səfərindən sonra alyansın geniş yayılmış bəyanatında NATO üzvlərinin Ukraynaya dəstəyinin 150 milyard avronu keçdiyi bildirilir.

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 472          Tarix: 20-04-2023, 19:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma