Xəbər lenti
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərindən sosial şəbəkələr əsir düşmüş və öldürülmüş rusiyalı hərbçilərin fotoşəkilləriylə doluydu. Cəsədlərin mübadiləsi məsələsi hələ mart ayında ciddi aktuallıq qazanmış, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya hakimiyyətindən onları götürməyi xahiş etmişdi. Mübadilə prosesi zaman-zaman baş versə də, bu proses üçün vahid mexanizm hazırlanmadı. Adları itkin düşənlər siyahısında olan Rusiya hərbçilərinin yaxınları aylardır doğmalarının taleyilə bağlı rəsmilərdən cavab almağa çalışırlar – hətta onların həlak olduğunu bildikləri hallarda da. BBC Xarkovun işğaldan azad edilmiş kəndindəki tarixçələrin nümunəsində bəzi belə axtarışlar haqqında bilinənləri təqdim edir.
Mayın əvvəlində ukraynalı könüllü Vyaçeslav İlçenko doğulub-böyüdüyü yerə - Xarkov mərkəzindən 20 km aralıdakı Malaya Roqan kəndinə gedib. Bu, dairəvi şəhər yolunun yanındakı, Ukrayna ordusunun mühüm logistika mərkəzi Çuquyevə aparan magistral yolun üstündəki kiçik qəsəbədir.
"Sizin həyətinizdə Tuvadan olan bir oğlanı basdırmışıq. Axmaq tək qalmışdı, biz ona təslim olmağı təklif etdik, amma o bizə qumbara atdı. Ona görə də məcburən vurduq, sonra da dəfn etdik".
Vyaçeslav rusiyalı əsgərin məzarını tapıb, amma valideynlərinin yox, qonşularının həyətində. Ukrayna hərbçiləri rusiyalı hərbçinin ölümüylə bağlı eyni əhvalatı həmin evin sahibi Stanislava danışıblar. Stanislav özü BBC-yə bildirib ki, Malaya Roqan işğal ediləndə o, Xarkovda olub və məzarı kənd azad ediləndən sonra evinə qayıdanda görüb.
Məzarın üstündə bir ucu çöldə qalmış yaşıl rəngli rezin çəkmə, bir də taxta xaç olub. Xaçın üstünə vurulmuş fanerdə bu sözlər yazılmışdı: “Burda rusiyalı işğalçı Namçal Artış Çedder Ooloviç dəfn edilib”. Aşağıdakı sətirdə daha kiçik hərflərlə onun doğulduğu yer və tarix qeyd edilib. Hərbçiyə aid ordu nişanı isə xaça asıblarmış. Vyaçeslav mətn yazılmış lövhəni bloqu üçün videoya çəkib, sonra nişanı götürüb. Həmin vaxt o, yerli sakinlərdən öyrənib ki, Malaya Roqanda rusiyalı hərbçilərə aid başqa məzarlar da var. Həmin küçədə - üç evdən sonrakı həyətin zirzəmisində daha bir rusiyalı əsgərin cəsədi, küçənin sonunda isə üç cəsəd olan çuxur tapılıb.
Artış Namçal Rusiyanın müdafiə naziri Sergey Şoyqunun həmyerlisidir. Tuvadan olan bu 22 yaşlı gənc orduda xidmət etməzdən əvvəl doğma Sarıq-Sepdə (Respublikanın paytaxtı Qızıl şəhərindən 90 kilometr aralıda yerləşən, 4000 nəfər əhalisi olan kənd) musiqi məktəbində oxuyub. Sonra Tuvayla həmsərhəd olan Xakasiyanın Abakan şəhərində musiqi kollecinə daxil olub. Həmin dövrdə müxtəlif tədbirlərdə çıxış edib, qonşu respublikalara qastrollara gedib, öz mahnılarını lentə alıb.
Artış Darya adlı qızla vətəndaş nikahında olub, 2019-cu ildə onların bir uşağı doğulub. Az sonra o, studiya açaraq orda həm öz mahnılarını, həm də digər ifaçılar üçün bəstələdiyi mahnıları lentə alıb. Öz “YouTube” kanalındakı paylaşımların birində deyib ki, bu studiya üçün avadanlığı - mikrofon, səs kartı və digər cihazları almaq üçün bacısı kredit götürüb - "heç olmasa bir normal mahnı yazdırsın" deyə. “Vkontakte”dəki səhifəsində Artış "konsertlərin təşkili", "foto və videoların redaktəsi", “melodiyaların yazılması" (1000 rubl) və “vokalın yaxşılaşdırılması” (500 rubl) kimi xidmətlər təklif edib.
Artış öz mahnısını ifa etdiyi sonuncu klipi 2020-ci ilin sentyabrında, orduya getməzdən bir qədər əvvəl yayımlayıb. "Dəyişiklik küləyinin zamanı gəldi, sadəcə möhtəşəmdir. Eşidirsənmi, qardaş, bu, təmiz havadır, bir bax" – bu sətirlər həmin mahnıdandır.
Payızda Artış hərbi xidmətə yollanıb, bundan əvvəlsə “Vkontakte”dəki qrupunda "Musiqi leybli karyeramı bitirim, yoxsa yox?" yazaraq sorğu keçirib.
Tezliklə həmin səhifəyə Artışın kazarmada xidmət yoldaşıyla birlikdə çəkdirdiyi şəkillər yerləşdirilib. Qrupdakı son paylaşım (3 yanvar 2022-ci ildə) onun hərbi forma, rezin çəkməli şəklidir.
Daryanın sözlərinə görə, Artış orduya çağırışla gedib, hərbçi olmaq istəməyib.
“Orda nəsə hoqqa çıxarıb və yəqin ki, rəhbərlik onu müqavilə bağlamağa məcbur edib və Artış da razılaşıb”. Onu Smolensk yaxınlığındakı Yelnya şəhərində yerləşən tank bölüyünə göndəriblər, ordan Artış arada evə də gəlib. 2022-ci ilin fevral ayında həyat yoldaşına zəng vuraraq onları Ukraynaya göndərdiklərini deyib. Martın 10-da təkrar zəng vurub, bu dəfə Ukraynadan. “Dedi ki, sağ-salamatam”.
Artışın əsgər yoldaşlarının qohumları da eyni xronologiyanı təsvir edirlər. İrinanın əri, 21 yaşlı müqaviləli hərçi Dmitri də Ukraynaya fevralın sonunda yollanıb. Onlar bir neçə ay əvvəl – oktyabrda evləniblərmiş. “Onun gedib-gəlmələri ucbatından heç ikicə ay da normal yaşaya bilmədik” – İrina belə deyir.
2022-ci ilin əvvəlində Dmitri həyat yoldaşını valideynlərinin yanına göndərib. Fevralın 26-da isə Belqorod vilayətindəki düşərgədən (Ukraynaya getmək ərəfəsində) zəng edib.
“Martın 10-da zəng vurub dedi ki, hər şey yaxşıdır, heç atəş də açmırıq, eləcə səngərdə otururuq”.
Rusiya ordusunun 26 fevralda Ukrayanaya girib Xarkov istiqamətində irəliləmiş başqa bir bölüyündə xidmət etmiş Aleksey həyat yoldaşı Natalyanı dərhal xəbərdar edib ki, əlaqə saxlamaq imkanı olmayacaq. “Martın 13-də zəng vurdu, dedi ki, hər şey yaxşıdır. vəziyyət g.t də olsa, normaldır”.
BBC-nin tanış olduğu yazışmalardan belə məlum olur ki, Rusiya hərbçiləri Malaya Roqan kəndinə fevralın artıq 27-də çatmış ola bilərdilər. “Qardaşım ora getmişdi. Çoxlu rusiyalı hərbçi varmış Roqanda. Gedəndə problem olmayıb, qayıdanda tankın lüləyini onlara tuşlayıblar, atəş altına düşüblər, ordan iməkləyə-iməkləyə çıxıblar” – Malaya Roqan kəndinin sakini qardaşının səfərini 2 mart tarixli yazışmada belə təsvir edib.
“Valideynlərimin həyətinə bir tank girib, rusiyalı hərbçilər evin zirzəmisində yaşamağa başlayıblar. Raşistlərin nisbətən adekvat olanlarından imişlər, “Ata, burdan get” deyiblər. Valideynlərim də dostlarının yanına – kəndin o biri başına gediblər” – könüllü Vyaçeslav İlçenko belə deyir.
Rusiyalı həbçilərin yerli sakinlərin evlərində yaşadığını və hərbi texnikanı həyətlərdə saxladıqlarını BBC-yə kəndin digər sakinləri də deyiblər.
Ötürücü xətlərin zədələnməsi kəndin işıqsız və rabitəsiz qalmasına səbəb olub, ərzaq və dərman tədarükündə fasilələr yaranıb. Atəşlərdən qorunmaq üçün sakinlər zirzəmilərdə gizləniblər, bir qrupu isə məktəbə yerləşib. “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının məlumatına görə, rusiyalı hərbçilərdən biri martın 13-də məktəb binasına daxil olub və ailəsiylə orda gizlənmiş qadını guya bir neçə də zorlayıb.
Qadın hüquq müdafiəçilərinə deyib ki, hərbçi onu döyüb və bıçaqla üzünü, boynunu, saçlarını kəsib.
Ukrayna Prokurorluğu da Rusiya hərbçilərini Malya Roqanda müharibə cinayətləri törtətməkdə - kənd işğaldan azad edildikdən sonra cəsədləri tapılmış yerli sakinləri öldürməkdə günahlandırıb. Yerlilərin danışdıqlarına istinad edən Ukrayna KİV-i rusiyalı hərbçilərin evləri qarət etdiklərini və insanları evlərindən çıxardıqlarını yazıb. Bundan başqa, Xarkov vilayəti adminsitrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, Rusiya artilleriyası Xarkova məhz Malaya Roqandan “sürəkli atəş açıb”. Kənd təxminən bir ay işğal altında qalıb.
Martın 25-də Xarkov qarnizonunun rəhbəri Sergey Melnik Malaya Roqanın və ətrafdakı digər kəndlərin “təmizlənənəcəyini” açıqlayıb. 25-27 mart tarixlərində Ukrayna Silahlı Qüvvələri (USQ) hücuma keçib, Malaya Roqanda döyüşlər başlayıb və artıq bir neçə gün sonra Rusiya hərbçilərinin yaxınlarına mümkün itkilər barədə xəbərlər çatmağa başlayıb. Onların bəziləriylə, o cümlədən, 21 yaşlı müqaviləli hərçi Dmitrinin arvadı İrinayla hərbçilərin xidmət yoldaşları əlaqə saxlayıb.
“Komandir müavini mənə dedi ki, martın 26-da döyüş olub. Onlar evin zirzəmisindən çıxıblar, atışma və dəhşətli bombardman olub deyə başa düşüblər ki, orda qala bilməzlər. Mənim ərim arxada gedirmiş, güllə diz qapağına dəyib, yıxılıb. Komandir müavini deyir ki, onu daşımağa çalışıblar. Amma ərim hündürboy, 130 kilo çəkisi olan adamdır. Məncə, yoldaşları onu götürmək istəməyiblər, düşünüblər ki, belə yüklə qaça bilməyəcəklər. Ona görə də ərimi orda qoyub getdiklərini düşünürəm”.
Alekseyin həyat yoldaşı Natalya da ərinin hərbçi yoldaşlarıyla danışıb:
“Mənə dedilər ki, onların olduğu zirzəmiyə qumbara atılıb. Ukraynalılar təslim olmağı təklif ediblər. Ərim deyib ki, yaralıyam, indi çıxmağa çalışacam. Sonra bizimkilər də qumbara atıblar və fürsət tapıb qaçıblar. Amma Aleksey ağır yaralı olub, ayağa dura bilməyib, çoxlu qəlpə olub bədənində. Bunu xilas olmuş yoldaşları deyiblər mənə”.
Artışın həyat yoldaşı Daryayla və bəzi başqa qadınlarla Ukrayna hərbçiləri də əlaqə saxlayıblar. Martın 25-də Daryanın “VKontakte”dəki hesabına tanımadığı bir istifadəçidən “Raşist Ukrayna torpağında gəbərdi” yazılmış, ərinin pasportunun şəkli də əlavə edilmiş mesaj gəlib. Darya soruşub ki, “Sizdə bu məlumat hardandır”. Ona elə gəlib ki, pasport Artışın əlindədir (Qadın BBC əməkdaşına “Barmağı oxşayırdı” yazıb), ona görə də ərinin öldüyünə axıra qədər inana bilməyib.
Ukrayna Silahlı Qüvvələri Malaya Roqanı işğaldan azad edəndən sonra itkin düşmüş bəzi Rusiya hərbçilərinin taleyi barədə müəyyən məlumatlar əldə etmək mümkün olub. Martın 26-da ukraynalı jurnalist Yuri Butusovun və digərlərinin “Teleqram” hesablarında onlara aid video-görüntülər paylaşılıb. Bu görüntülərdən birində ukraynalı hərbçi yerə uzanmış hərbi formalı kişiləri təpikləyir, digərində soyundurulmuş əsirləri pikapın baqajına doldururlar. 27 marta qədərki tarixdə ukraynalı hərbçilər olduğu təxmin edilən şəxslərin əsir düşmüş rusiyalı hərbçiləri güllədiklərini əks etdirən video paylaşılıb.
BBC-nin təxmininə görə, video Malaya Roqandakı süd zavodunun yaxınlığında çəkilmiş ola bilərdi. “Libertion”, “Observer” və “Le Monde” nəşrlərinin bu yaxınlardakı araşdırmaları həmin ehtimalı təsdiqləyir. Daha əvvəl USQ-nin Baş komandanı Valeri Zalujnı videonun saxta olduğunu açıqlamışdı. Ukraynanın prezident ofisi rəhbərinin məsləhətçisi Aleksey Arestoviç rusiyalı əsirlərlə bağlı insidentin araşdırılacağını vəd edib, amma nəticələr barədə məlumat verilməyib.
Müxtəlif mənbələrdə Malaya Roqan ərazisində 27 rusiyalı hərbçinin əsir düşdüyü bildirilir. Aprelin 9-da USQ-nin Strateji Kommunikasiya Mərkəzi açıqlayıb ki, Rusiya ordusu geri çəkiləndən sonra Ukrayna hərbçiləri kəndin yaxınlığında qardaşlıq məzarlığı tapıblar.
Cəsədlərin qaytarılması niyə bu qədər gecikib?
Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Kiyev rusiyalı hərbçilərin cəsədlərinin götürülməməsi barədə dəfələrlə danışıb. Martın 3-də Ukrayna Dəmir Yolları cəsədlərin saxlanması və daşınması üçün 20 refrijerator (vaqon-soyuducu) ayıracaqlarını açıqlayıb. Martın sonunda Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı jurnalistlərə müsahibəsində deyib ki, Kiyev həlak olnaların cəsədlərinin təhvil verilməsi üçün danışıqlar aparmağa çalışır, amma Moskva buna cavab olaraq “hansısa kisələri təklif edir”.
Ukrayna müharibəsində ölən cəsədlərin qaytarılması
İki ay sonra Ukrayna Dəmir Yollarının rəhbəri Aleksandr Kamışin vaqonlarda ən azı 270 cəsədin saxlandığını bildirib. "Ruslar özünüküləri döyüş meydanlarında qoyurlar və biz bu cəsədləri saxlamaq üçün – vaqon-soyuducuları uyğun temperaturla təmin etmək üçün hər gün bir avtomobilə 100 litr dizel yanacağı yandırırıq" – Kamışin “Meduza”ya açıqlamasında belə deyib.
Cəbhə xəttinin sürətlə dəyişdiyi situasiyalarda ölənlərin təxliyəsi, itkin düşənlərin axtarışı problemləri tez-tez ortaya çıxır. Geri çəkilən bölmələr həlak olmuş və ağır yaralanmış yoldaşlarını götürməyə heç də həmişə vaxt tapa bilmirlər; kəşfiyyata getmiş, artilleriya atəşi nəticəsində üstünə torpaq tökülmüş və ya zərbənin gücüylə kənara atılmış hərbçiləri isə sadəcə tapa bilmirlər.
“Cəbhə xətti tez-tez dəyişən hallarda döyüşən tərəflər öz cinahlarını düşmən hücumundan qorumaqda çətinlik çəkirlər. Bu, həlak olanların cəsədlərinin evakuasiyası əməliyyatlarına da təsir edir. Bəzən bu, mümkünsüz və ya çox riskli olur” – müdafiə və təhlükəsizlik üzrə Kraliyyət Araşdırmalar İnstitunun eksperti Samuel Krenni-Evvans belə deyir.
O əlavə edir ki, “Ukraynadakı müharibədə gördüyümüz şərtlərdə, adətən, ölülərin yox, dirilərin problemləri prioritet təşkil edir. Həmişə əsas diqqət onların – dirilərin sağ qalmasına və təmin edilməsinə yönəlir”.
Ekspert qeyd edir ki, öz itkin düşmüş hərbçilərini axtarmaq əvvəllər də SSRİ və Rusiya üçün problem olub. İkinci dünya müharibəsində iştirak etmiş şəxslərin 1 milyonu hələ də itkin düşmüş hesab olunur. Üstəlik, onilliklərdir ki, bu döyüşçülərin axtarılması və dəfn edilməsi işiylə könüllülər məşğul olur. Əfqanıstandakı müharibədə 264 sovet əsgəri, iki Çeçenistan müharibəsində isə 200 rusiyalı hərbçi itkin düşmüş sayılır.
Donbasda 2014-2015-ci illərdə gedən döyüşlər zamanı cəsədlərin qaytarılması problemiylə həm Ukrayna, həm də “DXR” və “LXR” təmsilçiləri üzləşiblər. Cəbhə xətti onda da tez-tez dəyişib.
Hərbi əməliyyatlar davam edən günlərdə hər iki tərəfin hərbçiləri operativ şəkildə razılaşma əldə edərək həlak olanların cəsədlərini mübadilə ediblər. Döyüşlər səngiyən ərazilərdə isə cəsədlərin axtarışı, eksqumasiyası və qaytarılmasıyla Ukraynanın “Qara tülpan” təşkilatının könüllüləri məşğul olub. Daha əvvəl onlar İkinci dünya müharibəsində həlak olanların qalıqlarını tapıb dəfn ediblər. 2014-2018-ci illərdə “Qara tülpan” Kiyevin nəzarətində olan əraziyə 800-dən çox ukraynalı hərbçinin cəsədini gətirə bilib. Donetsk və Luqanska neçə cəsədin verilməsiylə bağlı dəqiq məlumat yoxdur, təxminən onlarla cəsəd göndərildiyi bildirilir.
Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan sonra Moskva və Kiyev arasında daimi danışıqlara nail olmaq heç cür mümkün olmayıb. Bu, həlak olanların cəsədlərinin mübadiləsi məsələsinə də təsir edib. Hərbçilərin cəbhə xəttindəki qeyri-formal razılaşmaları isə nadir hallarda mücbət nəticələnib. “Qara tülpan” təmsilçilərinin sözlərinə görə, hələ ki Rusiya tərəfi öz nəzarətindəki ərazilərdə Ukrayna könüllülərinin təhlükəsizliyinə təminat vermir. Kiyevin nəzarət etdiyi yerlərdə isə rusiyalıların cəsədlərini toplamaqla Ukrayna DİN-nin nəzdindəki xüsusi idarə məşğul olur, eksqumasiya prosesində “Qara tülpan”çılar da iştirak edirlər.
“Cəsədin harda olduğu məlum deyil”
Yaxınlarının cəsədlərini tapmayanlar təkcə Malaya Roqanda döyüşmüş rusiyalı hərbçilərin doğmaları deyil. 22 yaşlı müqaviləli hərbçi Andreyin Podmoskovyedən olan nişanlısı Aleksandra deyir ki, onun həlak olduğu barədə bildiriş valideynlərinə aprelin 4-də gəlib. Döyüş yoldaşları ailəyə deyiblər ki, Andrey martın 29-da Ukraynadan Rusiya sərhədinə doğru irəliləyən zirehli transportyorlar kolonunda olub, Çerniqov vilayətində isə içində onun da olduğu maşın minaya düşüb. Hərbçilər Andreyin qalıqlarının bir hissəsini toplaya biliblər, hətta valideynlərindən DNA testi də götürülüb, amma nəticələr uyğun gəlməyib.
“Əvvəlcə bölmədən dedilər ki, cəsədləri xüsusi təyinatlılar götürüb, indi Rostovda olmalıdırlar. Bir həftə sonra başladılar deməyə ki, cəsədlər hadisə yerində qalıb, götürə bilmirlər” – Aleksandra belə deyir.
Andeydən başqa həmin maşında daha 4 nəfər olub.
“Bu qrupdan ancaq bir hərbçinin arvadı ərinin ölməsi faktını qəbul etdi və məhkəmə vasitəsilə ödəniş ala bilmək üçün sənədlər hazırlamağa başladı. Digər üçü bizimlə birlikdə nail olmağa çalışırlar ki, onlara yaxınlarının ya ölüsünü, ya da dirisini qaytarsınlar”.
Rusiya hərbçilərinin Ukrayna ərazisində qalan cəsədlərinin taleyi barədə elə də çox informasiya yoxdur. Belə görünür ki, rusiyalı hərbçilərin aktiv döyüş əməliyyatları olmuş yaşayış məskənlərindəki cəsədlərini yığıb Rusiyaya göndərmək üçün onları refrijeratorlara yığırlar. Jurnalist Vladimir Zolkin aprelin 25-də həmin vaqonların videosunu paylaşıb (yerlərini açıqlamadan). Kadrlarda cəsədlərin vaqonlara doldurulduğu, məhkəmə-tibb ekspertlərinin onlardan bəzilərinə baxış keçirdiyi görünür (Paltarlarını kəsib sənəd, qeyd kitabçası, tatu və digər tanınma nişanələri axtarırlar).
Həlak olanlardan birinin üzərindən “hərbi bölmə komandirinin” “şəxsi heyətə” müraciəti tapılıb, orda “milliyyətçi birləşmələrin sinizmlə qadınları və uşaqları öldürdüyü” qeyd olunub. “İnsanın üzərindən tapıla biləcək bütün şeyləri axtarırlar. Bu prosedurda məhkəmə-tibb eksperti və fotoqraf iştirak edir, həlak olmuş hərbçiylə bağlı forma doldurulur. Belələri o qədər çoxdur ki, sadəcə dəhşətdir” – Vladimir Zolkinlə həmmüəllif olan Dmitri videonu belə şərh edir.
Ukraynada döyüşlərdə ölənlərin cəsədlərinin qaytarılması
Ukraynanın Rəqəmsal İnkişaf Nazirliyi BBC-yə bildirib ki, həlak olmuş rusiyalı hərbçilərin şəxsiyyətini müəyyən etmək üçün həm də üztanıma texnologiyasından istifadə edilir. Bu proqram onların fotolarına əsasən sosial şəbəkələrdə uyğun istifadəçi profillərini tapa bilir. Alqoritm ölmüş hərbçinin videodakı fotosu vasitəsilə onun “Vkontakte”dəki profilini tapıb, məlum olub ki, o, Tomskdan olan 21 yaşlı Daniil Qrinkodur. Yerli mətbuatın yazdığına görə, Qrinko aprelin 10-da, Tomsk yaxınlığında yerləşən doğma kəndində dəfn edilib.
Mayın 16-da Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fyodorov CNN kanalına müsahibəsində deyib ki, departament artıq 300-dən çox belə halı araşdırıb və həlak olmuş hərbçilərlə bağlı məlumatı onların yaxınlarına ötürüb.
May ayında Ukrayna mülki-hərbi əməkdaşlığının rəhbəri Vladimir Lyamzin yüzlərlə cəsəd olan vaqon-soyuducunun yanında dayanaraq bildirib ki, “Ukrayna cəsədləri təcavüzkara verməyə hazırdır”, amma bu məsələylə bağlı Rusiyayla Ukrayna arasında “heç bir dialoq yoxdur”” .
BBC 25 martdan sonra yaxınlarıyla əlaqəni itirmiş cəmi 7 ailəylə danışa bilib. Onların hamısı təsdiq edib ki, Ukraynada vuruşan qohumları Malaya Roqanda olublar, onlarla əlaqə kəsilib, xidmət etdikləri hərbi hissədə onları itkin düşmüş hesab edirlər.
“Mən prezident Putinə yazdım, cavab verdilər ki, Müdafiə Nazirliyinə sorğu göndəriblər, araşdıracaqlar, amma sonra səs çıxmadı. Qırmızı Xaç Komitəsinə də yazdım - heç nə demirlər. Hərbi hissədə də heç nə demirlər” – İrina belə deyir.
“Sərt şəkildə dedilər ki, əriniz itkin düşüb, bəsdir, daha zəng vurmayın, biz onun itkin düşməsiylə bağlı heç bir sənəd verə bilmərik” – Natalya hərbi hissədən ona belə cavab verildiyini bildirir.
Qadınların bəziləri USQ-nin yaydığı videoları araşdırırlar, digərləri martın əvvəlində kəndə girmiş Ukrayna hərbçilərini sosial şəbəkələr vasitəsilə taparaq onlardan öz ərləri haqqında məlumat almağa çalışırlar. Amma itkin düşənləri hələ ki bu yolla da tapmaq mümkün olmur.
Amma Malaya Roqanda həlak olmuş rusiyalı hərbçilərin bəzilərinin cəsədləri artıq Rusiyadadır. Natalyanın dediyinə görə, onları aprel ayında Rostovdakı hospitala gətiriblər, may ayında qohumlarından DNT nümunəsi götürüblər, kimlərin nəticələri uyğun gəlibsə, qalıqları təhvil veriblər. Məsələn, hələ aprelin 8-də Çelyabinsk vilayətində Aleksandr Bespalovu – Rusiya ordusunun Malaya Roqanda olmuş hissələrindən birinin komandirini dəfn ediblər.
May ayının ortalarında Ukrayna hərbçilərindən və kriminalistlərindən ibarət komanda rusiyalı hərbçilərin cəsədlərinin eksqumasiyası üçün bu kəndə gəlib. Onlar üstünə Artış Namçalın adı yazılmış məzarı da açıblar. “Vikna-novini” nəşrində çalışan jurnalistlərin videoreportajında Artışın adına olan “Promsvyazbank” kartı görünüb, onlar bu sənədin cəsədin yanından tapıldığını deyiblər. İnternetdə məzarda olan cəsədin videosu da yayılıb.
Artışın həyat yoldaşı Darya da həmin kadrları görüb, amma ərinin ölümünə inanmayıb. Dediyinə görə, məzardan çıxarılan cəsədin forması Artışın bədən quruluşuna oxşamırmış. Darya məzarın üstündəki xaça asılmış hərbi nişanın nömrəsini də əldə edib və hərbi hissəylə əlaqə saxlayıb, ordan ona deyiblər ki, bu, Artışın nişanındakı nömrə deyil.
Xarkov vilayətində toplam 62 rusiyalı hərbçinin cəsədi tapılıb, onlardan 12-si Malaya Roqanda aşkar edilib.
İtkin düşmüş rusiyalı hərbçilərin ailələri öz qohumları haqqında məlumat gözləməyə davam edirlər. Ailələr hansı cavabı eşitmək istəyərdilər sualına İrina dərhal cavab verir: “Ora onlar göndəriblər, özləri də qaytarsınlar. Ya ölülərini, ya dirilərini. Heç bir insan hardasa bir məzarının belə olmamasına layiq deyil. Bu ağlasığmaz bir şeydir, sanki yer yarılıb, ərim içinə girib. Mən başa düşürəm ki, o ya orda həlak olub, ya da möcüzəli şəkildə sağ qalıb. Amma artıq möcüzəyə də inanmaq olmur, gör nə qədər vaxt keçib. Bütün kənd boyu küçələrdə neçə-neçə cəsəd qalıbmış, amma heç kim onları ordan götürmür. Bu da doğru deyil axı. Həlak olanları yaxınlarına qaytarmaq lazımdır ki, insan kimi dəfn olunsunlar. Axı hərbi hissə başa düşür ki, adamlar orda həlak olublar”.
“Hələ ki o, ancaq sözdə yoxdur. Kənddən çıxmayıb, gəlməyib. Aparıblar, amma çıxarmayıblar. Amma məndə tam bir hissiyyat var ki, ərim əsirlikdədir. Mən bilirəm ki, o, təslim olmağa hazırlaşıb” – Natalya belə deyir.
Darya iki aydan çox ümid edib ki, Artış sağdır, bəlkə də ağır yaralanıb və əsir götürülüb. Ona görə də ərini axtarmağa davam edib.
Situasiyanı qəlizləşdirən həm də odur ki, hərbi hissə ancaq şifahi cavab verir, ona görə də itkin düşmüş hərbçilərin həyat qoldaşları hakimiyyətin vəd etdiyi kompensasiyanı ala bilmirlər. Qanun həlak olmuş hərbçilərin qohumlarına bir neçə növ ödəniş nəzərdə tutur: sığorta təminatı, birdəfəlik ödəniş və aylıq ödənişlər.
Martın əvvəlində prezident Vladimir Putin sığorta təminatının və həlak olmuş hərbçilərin ailələrinə birdəfəlik müavinətin 7,4 milyon rubldan çox olduğunu açıqlayıb. Bu ödənişləri almaq üçün ailə ölüm haqqında şəhadətnamə, sığorta halını yaratmış hadisə haqqında hərbi hissədən arayış və hərbi qulluqçunun ölüm faktı haqqında raportun surətini təqdim etməlidir (Siyahı Rusiya Silahlı Qüvvələrinin Baş hərbi-siyasi idarəsinin kataloqundan götürülüb).
Döyüş əməliyyatları zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçuya görə aylıq müavinət ala bilmək üçün ya onun hərbi xidmətdə ölməsini təsdiq edən sənəd, ya da itkin düşmüş və ya ölmüş olaraq tanınması haqqında məhkəmə qərarı da tələb olunur.
Hərbçilərin rəsmi olaraq ölmüş kimi tanınması, çox güman, yalnız müharibə bitdikdən sonra mümkün olacaq. Rusiya Federasiyası Mülki Məcəlləsinin 45-ci maddəsinə əsasən, itkin düşmüş hərbi qulluqçu hərbi əməliyyatlar başa çatandan iki il sonra məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Amma əsas sual budur ki, hansısa bir məhkəmə tapılmayan hərbçini itkin düşmüş hesab edəcəkmi, ya da Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın ölmüş iştirakçısı kimi tanıyacaqmı və bu nə qədər vaxt aparacaq.
Rusiya Müdafiə Nazirliyi BBC Rusiya Xidmətinin Malaya Roqanda tapılmış cəsədlərlə bağlı mübadilə planının olub-olmamasıyla bağlı sorğusuna cavab verməyib.
İyunun 4-də Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi bildirib ki, Zaporojye vilayətindəki cəbhə xəttində cəsədlərin mübadiləsi prosesi baş tutub. Nazirlik “160-ı 160-a” dəyişdiklərini qeyd edib. Dörd gün sonra qurum yeni mübadilə haqqında məlumat verib – bu dəfə "50-ni 50-yə" dəyişiblər. Artış və Dmitrinin cəsədləri, böyük ehtimal, birinci mübadilə zamanı götürülənlər arasında olub.
Daryanın BBC-yə dediyinə görə, Artışın nəşi iyunun 8-də Rusiyaya gətirilib. Yerli mətbuat onun iyunun 11-də, Qızıl şəhərinin Şöhrət Xiyabanında dəfn olunduğunu yazıb. Artışın döyüş yoldaşı Dmitrinin cənazəsi də bir neçə günə Rusiyaya çatdırılmalıdır.
Aleksandranın Çerniqov vilayətində atəş altına düşən nişanlısı isə hələ də itkin sayılır.
*Müsahiblərin xahişilə təhlükəsizlik baxımından həm onların, həm də ərlərinin adları dəyişdirilib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar