Xəbər lenti


ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtonda keçirilən görüşləri barədə mediaya bir açıqlama İrəvanda qalmaqala səbəb olub.

 

Ovqat.com-un məlumatına görə, radikal millətçi mövqeyi ilə seçilən Daşnaksütun partiyasından olan deputat Qeqam Manukyan parlamentdə söz alaraq Paşinyan hakimiyyətini rəsmi Bakı ilə gizli danışıqlar aparmaqda günahlandırıb. 

 

Deputatın bu sözləri hakim “Mülki Müqavilə” partiyasının üzvlərini bir xeyli təəccübləndirib. Çıxış edən deputatlar öz həmkarlarına xatırladıblar ki, sülh danışıqları ABŞ-ın dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə və “bütün dünyanın gözü qarşısında” keçirilir. Üstəlik, danışıqlar hələ bu gün başlayıb. Belə olan təqdirdə hansı gizli sövdələşmələrdən söhbət gedə bilər? Ümumiyyətlə, “gizli sövdələşmə” deyəndə Manukyan nəyi nəzərdə tutur?

 

Hakim partiya təmsilçilərinin bu sualını cavablandıran Manukyan şübhələrinə belə aydınlıq gətirib:

  

“Gizli razılaşmalar ABŞ dövlət katibi Antoni Blinkenin danışıqlarda hər iki ölkədəki etnik azlıqların hüquqları ilə bağlı məsələlərin müzakirə edildiyini söyləməsi və bir növ erməni və Azərbaycanlı etnikləri eyniləşdirməsidir. Gizli razılaşmalar “Artsax” ermənilərinin Azərbaycanın etnik azlığı adlandırılmasıdır. Gizli razılaşmalar Nikol Paşinyan və Arayik Arutyunyanın xain tandeminin Azərbaycanın qeyri-qanuni keçid məntəqəsini legitimləşdirməsidir”.

 

Qeyd edək ki, erməni deputatı hövsələdən çıxaran Antoni Blinkenin bu sözləri olub:

 

“(Danışıqlarda) xoş məqam ondan ibarətdir ki, hər iki ölkənin liderləri də artıq sülhün əldə edilməsində maraqlı olduqlarını bəyan ediblər. Təbii ki, hər iki ölkədə olan etnik azlıqların hüquq və təhlükəsizlikləri ilə bağlı məsələlər də müzakirələrin tərkib hissəsidir. ABŞ hər zaman olduğu kimi, Cənubi Qafqazda dinc, demokratik və çiçəklənən gələcəyin qurulması üçün tövhə verməyə daim hazırdır”.

 




Ana səhifəyə qayıt        Baxış: 5 966          Tarix: 2-05-2023, 16:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma