Prezident İlham Əliyev dünən Şuşada keçirilən Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransındakı çıxışında Çin-ABŞ rəqabətində Azərbaycanın yeri məsələsinə də münasibət bildirib.
Ovqat.com-un məlumatına görə, o, bu barədə sualı cavablandırarkən daha çox ABŞ-Azərbaycan münasibətlərindən danışıb və amerikalı diplomat Mətyu Brayzənin erməni məkrinə məruz qalan maraqlı həyat hekayəsindən bəhs edib.
Çıxışdan bir çoxlarımız üçün indiyədək sirr olan maraqlı çıxarışı təqdim edirik.
Hafiz Paşayev: Növbəti sual verən Birləşmiş Ştatların “İrs Fondu”nun (The Heritage Foundation) nümayəndəsi Viktoriya Koutsdur.
Viktoriya Kouts: Cənab Prezident, həm Bakıda, həm də Şuşada səmimi qəbula görə minnətdaram. İnanılmaz fürsət yarandı. Əgər Devidin 907-ci düzəlişlə bağlı təhlilini anlasam əla olardı, çünki özüm həmin məsələnin məngənəsində qalmışam. Atanızın və Sizin rəhbərliyinizlə Azərbaycanı yeni əsrə gətirən yola nəzər salsaq və 2024-cü ildə başlayacaq yeni dövrə baxsaq, siz “Bir kəmər, bir yol” təşəbbüsünü qeyd etdiniz. Bu məsələ, həmçinin sənədlərdə yazılır və bəzən Birləşmiş Ştatlar ilə Çin Xalq Respublikası arasında güclü gərginlik yaradır. Burada toqquşmalar da ola bilər. Fikrimcə, bizim üçün heç də təəccüblü deyil ki, Azərbaycan kimi ölkələr həm Şərq, həm də Qərb istiqamətlərinə nəzər salır. Biz, həmçinin eyni qaydada ABŞ olaraq həm Sakit okeanın, həm də Atlantik okeanının sahillərinə baxırıq. Seçim baxımından Birləşmiş Ştatları tərəfdaş kimi götürsəniz, irəliyə doğru addımlayan Azərbaycana gəldikdə, məncə biz daha çox sizinlə fəal işləməliyik və Çin Xalq Respublikasına aid xoşagəlməz məsələlər barədə mülahizə irəli sürməkdən çəkinməliyik. Bu, mənim rəyimdir və onu məhz burada səsləndirirəm.
Münasibətlərimizdə 907-ci düzəlişi lazımsız və xoşagəlməz meyar kimi götürsək, biz enerji super gücü statusunu qazanmaq məqsədilə ABŞ olaraq Azərbaycan tərəfindən tərəfdaş kimi seçilmək üçün nə etməliyik? Sizin fikrinizcə, Birləşmiş Ştatların hökumətinin və özəl sektorumuzun ən yaxşı iştirakı hansı formada ola bilərdi?
Prezident İlham Əliyev: Əslində, tam əminliklə düşünürəm ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyi həqiqətən böyük təəssürat bağışlayır. İndicə müzakirə etdiyimiz 907-ci düzəlişə, eləcə də Azərbaycanın ərazi bütövlüyünə aid məsələlərin və bəzi ifadələrin həssas olmasına gəldikdə, deməliyəm ki, bu, heç də həll oluna bilməyən ziddiyyətlərin mövcudluğundan xəbər vermir. Əksinə, Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var. Əvvəlcə, enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, Birləşmiş Ştatlar enerji təchizatı marşrutlarının şaxələndirilməsində və Avropa Komissiyasının, qeyd etdiyim kimi, bu gün pan-Avropanın qaz təchizatçısı olan Azərbaycanı hər zaman dəstəkləyib. Həmin illəri yaxşı xatırlayıram, çünki 1990-cı illərdə mən SOCAR-da işləyirdim və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin həyata keçirilməsində ABŞ-ın dəstəyinin nə dərəcədə vacib olduğunu çox yaxşı bilirəm. Həmin boru kəmərinə qarşı çıxan şəxslər də az deyildi. Çox güclü ermənipərəst kampaniya aparıldı. Əgər səhv etmirəmsə, onlar hətta “BTC Campaign” adlı QHT də yaratmışdılar. Onlar hər ünvana məktub göndərirdilər. Yeri gəlmişkən, əfsuslar olsun ki, həmin məktubların bəziləri işlədi. Məsələn, Dünya Bankı Bakı-Tbilisi-Ceyhanın tikintisinə vəsaitin ayrılmasını bir il yubatdı, guya ətraf mühitlə bağlı narahatlıqlar var idi. Onlar bundan bəhanə kimi istifadə edirdilər ki, layihə ətraf mühitə ziyan vuracaq. Halbuki Bakı-Tbilisi-Ceyhan təxminən 20 ildir ki, istismar olunur və bir damcı neft belə düşüb ətraf mühitə ziyan vurmayıb. Başqa sözlə desək, Birləşmiş Ştatlar bizə həmin çətinlikləri dəf etməkdə yardımçı oldu.
Əgər qaz haqqında danışsaq, bəli, hər zaman amerikalı tərəfdaşlarımızla zarafat edirik ki, Azərbaycan qazının zərrəsi də ABŞ bazarına çıxmayacaq. Lakin Birləşmiş Ştatların Cənub Qaz Dəhlizi ilə bağlı Azərbaycanın planlarına verdiyi dəstək çox əhəmiyyətli oldu. Həmin dəhlizin icrasında bir çox maneələr oldu, özü də gözlənilməz mənbələrdən. Məncə bu, artıq sirr deyil, lakin bəhanə yenə də ətraf mühitlə bağlı idi. Bu dəfə Bakı-Tbilisi-Ceyhandakı kimi tısbağalardan söhbət getmirdi. Zeytun ağacları dillərində idi. Görürsünüz, onlar necə də “yaradıcı” yanaşırlar. Əslində, Bakı-Tbilisi-Ceyhanda tısbağaların qayğısına qalan eyni qrup insanlar idi. İtaliyada zeytun ağaclarına gəldikdə, biz öz araşdırmamızı apardıq və Cənub Qaz Dəhlizinə qarşı həyata keçirilən bu kampaniyanın arxasında kimlərin durduğunu müəyyənləşdirdik. Əfsuslar olsun ki, bizim İtaliyanın əvvəlki hökumətləri və bəzi yerli orqanları ilə yazışmamızda çətin vaxtlar da oldu. Bütün əlaqələri izlədik, çünki layihənin reallaşmaması üçün bu kampaniyanın arxasında kimin durduğunu bilməli idik və tapdıq. Lakin bunu demək istəmirəm və bəlkə də söyləmək tez olardı. Ancaq vaxt gələcək və hər şey aydın olacaq. Bununla belə, sonra nə baş verdi və mən televiziyada onun şahidi oldum. Əvvəlcə deməliyəm ki, İtaliya Prezidenti cənab Sercio Mattarella böyük dəstək verdi və o, prosesi irəliyə doğru aparmaq üçün ciddi işlər gördü. Çünki İtaliyada və Aralıq dənizi regionundakı digər ölkələrdə bir sıra zeytun ağaclarının yerinin dəyişdirilməsi dövri əsaslarla baş verir. Beləliklə, bu halda həmin zeytun ağacları, əfsuslar ki, narahatlıq mənbəyi oldu. Yeri gəlmişkən, onlar köçürüldü və əminəm ki, həmin ağaclara indi heç bir təhlükə yoxdur. Sonra Birləşmiş Ştatların ovaxtkı Prezidenti Donald Tramp İtaliyanın Baş naziri ilə mətbuat konfransında açıq dedi ki, siz layihəni dəstəkləməlisiniz. Bu, dönüş nöqtəsi oldu və zeytun ağaclarının yerdəyişməsi ilə bağlı bütün narahatlıqlar dərhal aradan qalxdı və bizə yaşıl işıq yandırıldı. Birləşmiş Ştatlar bu cür işləyir. Burada indi söylədiyimi bəlkə ilk dəfədir ki, deyirəm. Düşünürəm ki, nəyə görə bunu sirr kimi saxlamalıyıq? İkimənalılıq nə üçün qalsın? Xeyr.
Bizim Birləşmiş Ştatlarla çox dərin münasibətlərimiz var və xüsusən də indi mən Prezident Baydendən bir neçə çox müsbət məktub almışam. Ukraynaya humanitar yardımımızla əlaqədar mən Prezidentdən və Dövlət katibi Blinkendən ictimaiyyətə açıqlanan mesajlar almışam. Azərbaycan Türkiyə ilə birgə Əfqanıstandan ən son çıxan iki ölkədən biri oldu və biz Əfqanıstanda lap əvvəlcədən olmuşuq. 2003-cü ildən bəri biz İraqda olduq və qayıdışla bağlı Birləşmiş Ştatlardan aldığımız mesaja qədər orada qaldıq. Tanınma prosesi başladıqdan əvvəl biz hətta Kosovoda olduq. Təhlükəsizlik, enerji, ticarət və hazırda bərpaolunan enerji sahələrində, ümid edirik ki, Amerika şirkətləri Azərbaycanın bərpaolunan enerji mənbəyinə çevrilməsi kimi böyük layihədə iştirak edəcəklər. Çünki Azərbaycanda külək və günəş enerjisinin təsdiqlənmiş ehtiyatları 200 qiqavata yaxındır. Beynəlxalq Maliyyə Korporasiyasının təsdiqlədiyi kimi, onun 157 qiqavatı Xəzərin bizə aid olan hissəsində külək enerjisinin həcmini əks etdirir.
Bəlkə də mən bir daha təfərrüatlara keçirəm, lakin heç kəs düşünməsin ki, 907-ci düzəliş və bəzi digər məsələlər təsir edir. Onlar xırda məsələlərdir. Bəlkə əvvəllər bu, daha həssas məsələ idi, amma indi o, xırda görünür. Lakin biz hər zaman daha geniş miqyasda baxmalıyıq. Müəyyən məyusedici məqamlar ola bilər. Əlbəttə, təəssüf edirik ki, erməni ailəsi olan senator Menendez hər zaman Azərbaycana hücum çəkir. O, erməni lobbisi deyil, anti-Azərbaycan lobbisidir. Təəssüf edirik ki, Adam Şif kimi insanlar Azərbaycanla bağlı ədavət dolu fikirlər yayır. İndi isə, o, “Dağlıq Qarabağı” tanımaq üçün “qətnamə” çıxarmağa çalışır. Əgər qəbul olunsa, həmin “qətnamə”nin dəyəri Fransa Senatının və Məclisinin qəbul etdiyi “qətnamə”lər qədər olacaq. Bir sözlə, biz bu insanları tanıyırıq və bilirik ki, onları erməni lobbisi maliyyələşdirir. Bilirik, çox güman ki, bu cür işbirliyinin kökü heç də saf deyil. Bu, mümkündür. Lakin Menendez, Şif və ya Şerman kimi adamların olması münasibətlərimizə təsir etməməlidir. Yeri gəlmişkən, Amerika səfiri Mətyu Brayzə ilə bir hal yaşandı. O, sonuncu görüşdə iştirak etmişdir. Ermənipərəst senatorlar onun təyin olmasına imkan vermədi, çünki o, çox ermənipərəst deyildi və onun həyat yoldaşı türkdür. Siyasi vicdanın səviyyəsini təsəvvür edin. Belə çıxır ki, əgər insanın yoldaşı türkdürsə, o, Azərbaycanda səfir ola bilməz?! Mətyu Brayzənin diplomatik karyerası heç oldu. Bu insan Dövlət Departamenti üçün ən azı bir neçə onillik xidmət etmişdir. Bir insan - həmin ermənipərəst şəxs onun karyerasını heçə endirdi. Bu məsələni biz, əlbəttə ki, nəzərə alırıq, lakin nə Menendez, nə Şif, nə də ki, onlar kimi hər hansı digər insan ABŞ ilə Azərbaycan arasındakı münasibətlərə təsir edə bilməyəcək. Münasibətlərimiz çox tarazlıdır, möhkəmdir, qarşılıqlı hörmətə əsaslanır və əminəm ki, bu, gələcəkdə də belə olacaq.
Paylaş: