Xəbər lenti


 

“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin mayın 14-də verdiyi bəyanatda qeyd olunub ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü (29,8 min kvadrat kilometr), Ermənistan isə Azərbaycanın ərazi bütövlüyünü (86,6 min kvadrat kilometr) tanıyır.

 

Ovqat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 18-də hökumətin iclasından əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən üçtərəfli sammitin yekunlarını təqdim edərkən deyib.

 

“Mən bunu Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin yekunlaşdırılması, habelə sərhədin delimitasiyası baxımından regionda sabitliyin və sülhün bərqərar olması istiqamətində mühüm addım hesab edirəm. Amma təbii ki, növbəti addım demarkasiya və delimitasiya üçün hüquqi qüvvəyə və əhəmiyyətə malik olan konkret əsasların müəyyən edilməsi və razılaşdırılması olmalıdır”, - Nikol Paşinyan bildirib.

 

Baş nazir Avropa İttifaqı Prezidentinin mayın 14-də keçirilmiş üçtərəfli görüşün yekunlarına dair bəyanatında hüquq və təhlükəsizliyin təmin edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətlə əməkdaşlıq çərçivəsində Bakı və Qarabağ erməniləri arasında dialoqun vacibliyini vurğulamasına da xüsusi diqqət yetirərək bildirib: 

 

Bu, Azərbaycanla münasibətlərin hüquqi və hərtərəfli həlli və regionda uzunmüddətli sülhün bərqərar olması üçün zəruri olan prosesdir. Ona görə də bu, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını xeyli sürətləndirəcək”.

 

Baş nazir onu da vurğulayıb ki, Brüsseldə Ermənistanla Azərbaycan arasında dəmir yolunun bərpası ilə bağlı müəyyən müsbət anlaşma formalaşıb.

 

“Ancaq əvvəlki təcrübəmi nəzərə alaraq, mən bu məsələ ilə bağlı hər hansı konkret məlumatdan çəkinirəm. Bir daha qeyd etmək istərdim ki, Ermənistan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndində və 11 yanvar tarixli üçtərəfli bəyanatda da suverenlik, yurisdiksiya, bərabərlik və tərəflərin qarşılıqlı münasibəti prinsipləri qeyd edilmişdi”, - deyə baş nazir bildirib.

 

Göründüyü kimi, Brüssel görüşündə Azərbaycanla Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanımaları barədə razılıq əldə edildiyini bildirən Paşinyan bu məsələdə belə, erməni xislətini yerə qoymaq istəmir, Bakı ilə Xankəndi arasında reinteqrasiya danışıqlarını beynəlxalq müstəviyə çıxarmağa çalışır. Halbuki bu iddia Azərbaycanın öz torpaqları üzərində suverenliyinə kölgə salmaq deməkdir və Prezident İlham Əliyev çıxışlarında buna imkan verilməyəcəyini dəfələrlə hər kəsin diqqətinə çatdırıb.

 




Ana səhifəyə qayıt        Baxış: 6 151          Tarix: 18-05-2023, 20:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma