“Ərdoğanın andiçmə mərasimində Paşinyan acınacaqlı vəziyyətə salındı. Və bu simvolik idi”.
Ovqat.com-un məlumatına görə, erməni analitiki Hraçya Qalustyan Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın inaqurasiya mərasimini şərh edərkən bildirib.
Analitikin fikrincə, Ərdoğanın çıxışında erməni liderinin adını çəkməməsi, Paşinyana İlham Əliyevin arxasında yer ayrılması kimi nüanslar təkcə ona qarşı yox, həm də Ermənistana qarşı təhqir idi: “Biz gördük ki, Paşinyan Ermənistanına da elə oradaca yer ayrılmışdı - Türkiyə-Azərbaycan tandeminin arxasında”.
Müəllifin “Alçaldılan Nikol Paşinyan deyil, Ermənistan idi” sərlövhəli məqaləsinin tərcüməsini Ovqat.com oxucularına təqdim edirik. Bəri başdan bildiririk ki, yazıda keçən bəzi ifadələri erməni təfəkkürünün daha rahat anlaşılması üçün olduğu kimi saxlamağa qərar verdik.
Bunu da gördük - Ermənistanın baş naziri Nikol Paşinyanın biabırçılıq badəsini başına qaldırmasını. Onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə getməsi faktının özü dövlətimizin və xalqımızın tarixində növbəti biabırçı ləkədir. Çünki səfər erməni soyqırımını törədən və bu cinayətin bütün dünya tərəfindən tanınan bir dövlətə edilmişdi.
Şəxsən Ərdoğan Türkiyənin Erməni Soyqırımına görə günahını dönə-dönə inkar edən və eyni “arxivləri açaq” adlı hiyləsindən istifadə edən şəxsdir. Müqayisə üçün qeyd edim ki, Holokostun olub-olmaması sualına cavab vermək üçün “arxivlərin açılmasını” təklif etmək Almaniyanın heç bir liderinin ağlına gəlməmişdi.
Amma Ərdoğan təkcə bu mövqeyi ilə “məşhur” deyil. Məhz onun hərbi və siyasi dəstəyi Azərbaycanı və onun prezidenti İlham Əliyevi 2020-ci ilin payızında “Artsax”a (Qarabağ – Ovqat.com) qarşı müharibə aparmağa ruhlandırdı. Türkiyə onilliklər ərzində “Artsax”ın mülki əhalisinin gələcək qatillərini yetişdirirdi. On illərdir ki, Azərbaycanı ən yaxşı silahlarla təmin edirdi və onunla hərbi-siyasi ittifaq bağlayıb.
Ermənistan qarşısında tarixi müttəfiqlik öhdəlikləri olan Rusiyanın biabırçılığı ondan qaynaqlanırdı ki, Türkiyə ilə birbaşa hərbi toqquşmadan çəkinirdi. Məhz bu qorxu səbəbindən Rusiya bizə xəyanət etdi. İndi Ukraynada rus ordusunun məğlubiyyət mənzərəsini görəndə Kremlin bu cür davranışının əsl səbəbləri aydın olur. Amma bunu anlamaq bizim işimizi asanlaşdırmır. Çünki söhbət təkcə Rusiyanın qorxaqlığından getmir.
Söhbət hazırda dövlətimizin başında kimin olmasından gedir. Bu, Ankaranın və Bakının xəyalına belə gətirə bilmədiyi bir xarakterdir. Nikol Paşinyan Türkiyə və Azərbaycanın bütün planlarını həyata keçirdi. Onlarla müharibəni dayandıra bilmədi, uduzdu, təslimiyyət aktina imza atdı, bundan sonra “Artsax”dan rəsmən imtina prosesi başladı.
Biz artıq eşidirik ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, yəni “Artsax”ın müstəqillik və Ermənistana birləşmək hüququndan imtina edir. O, Türkiyə və Azərbaycana yeni “Erməni Soyqırımı”nı həyata keçirmək üçün icazə verdi. Üstəlik, Zəngəzurun faktiki işğalı ilə də razılaşdı. Azərbaycan artıq Zəngəzur dəhlizinin açılışını qeyd edir.
Amma bu da Paşinyan üçün kifayət etmədi. O, Ərdoğanın andiçmə mərasimi üçün Ankaraya uçdu.
Uçdu və orada ictimaiyyət qarşısında alçaldıldı. Əliyevin ölkəmizin baş nazirinə necə güldüyünü hamımız gördük. Hamımız başqa bir şeyi də gördük. Ərdoğan andiçmə mərasimində iştirak edən digər dövlət və hökumət başçılarını sadalayanda Paşinyanın adını çəkmədi.
O, bir sıra ölkələrin, xüsusilə Azərbaycan, Bolqarıstan, Venesuela, Qazaxıstan, Qırğızıstan, Pakistan və Özbəkistanın prezidentlərinə və hökumət başçılarına, NATO-nun baş katibi Yens Stoltenberqə, hətta bir sıra Afrika ölkələrinin rəhbərlərinə minnətdarlığını bildirdi və onları salamladı. Bu zaman Türkiyənin dövlət telekanalı TRT qonaqları nümayiş etdirirdi və kadrlarda Paşinyan da görünürdü.
Ərdoğanın həyat yoldaşı və köməkçiləri, görünür, kiməsə təşəkkür etməyi unutduğunu onun diqqətinə çatdırdılar. Bundan sonra o, bəzi siyasətçilərə, eləcə də prezidentliyə keçmiş namizəd Sinan Oğana müraciət etdi. Lakin yenə də Paşinyanı xatırlamadı. Daha sonra qeyd etdi ki, bütün qonaqları sadalamaq üçün kifayət qədər vaxt olmayacaq .
“Vaxt üçün bir az sıxıntımız var. Daha sonra təntənəli şam yeməyində hamımızla söhbət etmək imkanımız olacaq”, - dedi. Bu bir bəhanə idi. Və hamı gördü ki, Paşinyanı acınacaqlı vəziyyətə salıblar. Ərdoğan İlham Əliyevi qarşılayıb öpəndə Paşinyan sözün əsl mənasında Azərbaycan prezidentinin arxasında dayanmışdı. Bu da simvolik idi. Biz gördük ki, Paşinyan Ermənistanına da elə oradaca yer ayrılmışdı - Türkiyə-Azərbaycan tandeminin arxasında. İndi sual hamımızadır – biz buna icazə verəcəyikmi?
Tərcümə Ovqat.com-a aiddir.
Paylaş: