Xəbər lenti

Masallı rayonu Boradigah qəsəbəsinin  bir qrup müəllimi və sakinləri Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevə ölkənin ən böyük qəsəbələrindən olan bu yaşayış məntəqəsindəki internet problemilə bağlı müraciət ediblər. 
Müraciətdə deyilir: 
“Hörmətli nazir, artıq xeyli müddətdir ki, Boradigah qəsəbəsinin internet təminatında ciddi problemlər yaşanır. Xətlərin köhnə olması səbəbindən tez-tez kəsilmələr baş verir ki, bu həm ciddi problemə, həm də  haqlı narazılığa səbəb olur. Təkcə son günlər hava şəraitilə əlaqədar qəsəbədə yüzlərlə abonentin telefonu  və interneti kəsilib. Boradigahda iki məktəb, bir xəstəxana fəaliyyət göstərir.  Xeyli məktəbli onlayn hazırlıqdan qalır. Bundan əlavə qəsəbənin yüzlərlə sakini işlərilə əlaqəli ya qəsəbə, ya da ölkə xaricində yaşayır ki, internetdəki kəsilmələr onların da ailələrilə əlaqə saxlamasına ciddi problemlər yaradır. 
Cənab nazir, bildiyimiz qədər keyfiyyətli internet imkanı verən GPON sistemi qəsəbəmizin yaxınlığınadək gətirilib. Sizdən xahiş edirik, qəsəbəmizdə də analoji sistemin tətbiqinin sürətləndirilməsilə bağlı göstəriş versiniz”.                           
Hörmətlə, Əlövsət Hüseynov,  Akif Cavadov, Ədalət Əhmədov, Məmməd Məmmədov, Vasif Məmmədov, Vaqif Şərifov, Böyükağa Zeynalov, Yasər Teymurov, Elçin Əhmədov. Cəmi 40 nəfər



Ana səhifəyə qayıt        Baxış: 2 858          Tarix: 7-06-2023, 11:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma