Azərbaycan tərəfinin təşəbbüsü ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.
Ovqat.com-un məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan dünən bu barədə açıqlama verib.
İddianı Azərbaycan Xarici İşlər Nazirliyi də təsdiq edib, amma bunun səbəblərinə tam aydınlıq gətirilməyib. Sadəcə, ifadə olunub ki, "Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında növbəti görüşünün dəqiq tarixinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır". Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə onu da qeyd edib ki, “bir qayda olaraq, görüşün dəqiq tarixinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur”.
Ayxan Hacızadənin bu fikirlərindən anlaşılır ki, təxirə salınmanın əsl təşəbbüskarı Azərbaycan yox, görüşün təşkilatçısi olan tərəfdir. Görüşün ABŞ tərəfindən təşkil olunduğunu nəzərə alsaq belə çıxır ki, təklif əslində Vaşinqtondan gəlib, Azərbaycan tərəfindən ermənilərə çatdırılıb. Turan agentliyi müxbirinin iyunun 8-də ABŞ Dövlət Departamentindəki mənbəyə istinadən yaydığı məlumat da bu iddianı təsdiqləyir. Mənbə bildirib ki, təxirə salınma “sırf” texniki səbəblərə görə baş verib:
“Ararat Mirzoyanla Ceyhun Bayramov arasında görüş əvvəlcədən planlaşdırıldığı kimi, iyunun 12-də və hətta gələn həftə də keçirilməyə bilər”.
Mənbənin sözlərinə görə, söhbət sırf “logistika və qrafik” səbəblərindən gedir. Maraqlıdır ki, ABŞ Dövlət Departamenti görüşün Azərbaycan tərəfinin təşəbbüsü ilə təxirə salınması barədə hər hansı münasibət bildirməyib.
Bəs, Vaşinqton görüşünün təxirə salması nə ilə bağlı ola bilər?
Fikrimizcə, Dövlət Departamentinin səbəb kimi “logistika və qrafik” problemlərini göstərməsi sadəcə bəhanədir. Əsl səbəb tərəflərin bu görüşə hazırlığının yetərli səviyyə olmamasından qaynaqlana bilər. Belə ki, rəsmi İrəvan nə qədər Qarabağ və eksklavlar da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, bu fikirlər bəyanatdan o tərəfə keçmir. İstər Qarabağdakı separatçı rejim, istərsə də rəsmi İrəvandan verilən bir sıra bəyanatlar erməni tərəfinin danışıqlarda səmimiyyətini şübhə altına alır. Təsadüfi deyil ki, Paşinyanın bu tipli bəyanatları Ermənistandakı Rusiyaya bağlı qüvvələr tərəfindən ciddi etirazla qarşılanır. Hətta onu vətənə xəyanətdə günahlandırırlar.
Üstəlik, Rusiya “sülhməramlıları”nın nəzarəti altında olan Qarabağdan da danışıqların nəticəsini tanımayacaqlarına dair açıqlamalar gəlir. Qondarma qurumun “rəsmi”ləri açıq şəkildə “öz müstəqillikləri” uğrunda mübarizə aparacaqlarını bəyan edirlər. Xüsusilə Rusiyanın Qarabağdakı emissarı Ruben Vardanyan Qarabağ ermənilərini Azərbaycana qarşı mübarizəyə qızışdırır.
Ermənistan tərəfi isə danışıqlarda əldə olunan razılaşmaların faktiki olaraq pozulmasının məsuliyyətini öz üzərindən atır, bunu Qarabağ separatçılarının mövqeyi kimi əsaslandırır. Bununla da qalmır, Qarabağ ermənilərinin “hüquq və təhlükəsizliyinə” beynəlxalq zəmanət istəyir. Bir nov, status məsələsini bir başqa tərzdə ifadə edir.
Ən pisi isə odur ki, yalançı sülh ritorikasında özünə beynəlxalq himayədarlar da tapır. Ermənilərin əsas himayədarı, təbii ki, Rusiyadır. Putin ötən ilin oktyabr ayında keçirilən “Valday” forumunda Kremlin Qarabağ məsələsinə baxışını bu şəkildə ifadə etmişdi: “Erməni xalqı və ya Ermənistan rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin bütövlükdə Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınmasını nəzərdə tutan Vashington variantını seçməlidir, buyursunlar, özləri bilərlər. Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağın öz xüsusiyyətləri var və bu xüsusiyyətlər gələcək sülh müqaviləsində nəzərə alınmalı, danışılmalıdır, bu da mümkündür. Amma təbii ki, Azərbaycanla razılaşdırmaq lazımdır. Bu razılaşmaların qarşı tərəf - Azərbaycan üçün də məqbul olması lazımdır”.
Göründüyü kimi, Putin Azərbaycanın Qarabağ üzərində suverenliyini şübhə altına alaraq erməni separatçılarını qızışdırmaq yolunu seçir. O, Azərbaycan və Ermənistan arasında bağlanması gözlənilən sülh sazişinə Qarabağ məsələsini də salmağı təklif edir, amma problemin həllini gələcək nəsillərə saxlamağı məsləhət görür. Bu isə o deməkdir ki, rus “sülhməramlıları” Qarabağ problemi öz həllini tapmayanadək bölgədə qalmalıdır. Putin bu təşəbbüsü qaldırmaq səlahiyyətini İrəvanın üstünə atmaqla faktiki olaraq özünü tərəfsiz göstərməyə çalışır. Beləcə, Paşinyanı ermənilər və beynəlxalq qurumlar qarşısında çətin vəziyyətə salmaq istəyir.
Təsadüfi deyil ki, Paşinyanın Putinə cavabı özünü çox gözlətməmişdi. Ermənistan Baş naziri Putinin bu bəyanatından az sonra Rusiya prezidentinin əsl məqsədinə eyham vuraraq demişdi: "Mən Soçidə sülhməramlıların mandatının 10, 15 və ya 20 il uzadılması ilə bağlı sənəd imzalamağa hazıram. Rusiya Prezidentinin belə bir təşəbbüslə çıxış etməsini təklif edirəm. Mənim özüm də bu təklifi verə bilərəm, amma Rusiya tərəfi onu dəstəkləməlidir".
Paşinyanın fikirlərindən belə anlaşılmışdı ki, Putin əslində Qarabağ problemini dondurmaqla rus “sülhməramlı”larının mandatının 20 ilə qədər uzadılmasını istəyir. Amma bunun məsuliyyətini Ermənistanın üzərinə atır. İrəvan isə bu məsuliyyəti üzərinə götürə bilər, amma gərək Rusiya bu məsələdə onu dəstəkləyə.
Təsadüfi deyil ki, Putinin bu sözlərindən bir neçə gün sonra - ötən ilin oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli görüşündə Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya “sülhməramlı” qüvvələrinin mandatının uzadılması məsələsi də müzakirə olunmuş, amma yekun qərar verilməmişdi. Yəqin ki, Azərbaycan tərəfinin bu təkliflə razılaşmaması planın həyata keçməsini əngəlləmişdi. Görüşdən sonra mətbuat açıqlaması verən Vladimir Putin bildirmişdi ki, “sülhməramlıları”n mandatının uzadılması ilə bağlı qərar sülh müqaviləsinin bağlanmasından, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasından asılıdır. Beləcə, “sülhməramlıların” mandatının uzadılması məsələsi qeyri-müəyyən zamana saxlanılmışdır.
Dərd burasındadır ki, Rusiyanın maraqlarına xidmət edən bu mübahisələrə Avropa dövlətlərindən də dəstək verənlər var. Xüsusilə Fransa prezidenti Emmanuel Makronun açıq şəkildə ermənilərin tərəfini tutacaq şəkildə müzakirələrə müdaxilə etməsi faktiki olaraq Rusiyanın işinə yarayır. Xatırlayırsınızsa, Brüsseldə keçirilən ilk görüşdə iştirak edən Makronun bu danışıqlardan sonra mətbuata verdiyi ermənispərəst açıqlamalar Azərbaycan prezidenti İlham Əliyevin sərt reaksiyasına səbəb olmuşdu. “Bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”, - ölkə başçısı bildirmişdi.
Nə yazıq ki, Ermənistan liderinin təkidi ilə Makron son Kişinyov müzakirələrinə də qatılmış, sammitdən sonra yenə öz ampluasında qalaraq növbəti dəfə arapozucu açıqlamaları ilə yadda qalmışdı. O, bildirmişdi ki, Avropa liderləri Ermənistan və Azərbaycanı bütün öhdəliklərinə, xüsusən də hərbi əsirlərin tezliklə azad edilməsinə əməl etməyə çağırıblar. Görüşdə həmçinin Qarabağda yaşayan ermənilər üçün hüquq və təminatların müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb. Fransa prezidentinin bu iddialarına yenə Azərbaycan XİN-dən sərt cavab gəlmişdi. “Fransa Prezidenti tərəfindən birtərəfli qaydada görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir və təhrif edir. Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir”, - XİN sözçüsü Ayxan Hacızadə Makrona cavabən bildirmişdi.
Görünən budur ki, Qarabağ erməniləri həm Rusiyadan, həm də Avropadan aldıqları dəstəkdən həvəslənir və Azərbaycan reinteqrasiya olunmaq istəmirlər. Separatçıların bu mövqeyi İrəvan tərəfindən də açıq-aşkar dəstəklənir. Bu da istər-istəməz danışıqların davam etdirilməsini mənasızlaşdırır. Zənnimizcə, Vaşinqton danışıqlarının qeyri-müəyyən vaxta təxirə salınmasının əsas səbəbi bu ola bilər.
Danışıqların təxirə salınması qərarı verilən gün Azərbaycan XİN-nin və Müdafiə Nazirliyinin rəsmi saytlarında dərc olunan məlumatlar da bu ehtimalı gücləndirir. Belə ki, XİN-in rəsmi saytında dünən Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası zamanı səsləndirdiyi iddialara cavab dərc olunmuşdu. Cavabda bildirilirdi: “Ermənistan Təhlükəsizlik Şurasının katibinə xatırladırıq ki, Ermənistan Üçtərəfli bəyanat çərçivəsində öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən tam olaraq hələ də çıxarmayıb və bu qüvvələrin Azərbaycan ərazisində mövcudluğu beynəlxalq hüququn bütün norma və prinsiplərinin pozuntusu olmaqla yanaşı, ciddi təhdid mənbəyidir”.
Azərbaycan Müdafiə Nazirliyi də dünən Qarabağın separatçı qüvvələrinin təxribatçı fəaliyyətini davam etdirdiyini bildirmişdi. Məlumata görə, “saat 11:25-dən 18:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Füzuli, Xocalı və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə atəşə tutub.
Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər”.
Hər iki rəsmi açıqlama göstərir ki, danışıqların indiki mərhələsində bir sıra razılıqlar əldə edilsə də, Qarabağ ermənilərinin “hüquqları və təhlükəsizliyi” bəhanəsi ilə Azərbaycan tərəfinə ciddi təzyiqlər olunur. Bu da rəsmi Bakı üzərində separatçı qüvvələri tam ram etmək məsuliyyəti yaradır. Rametmə prosesinin danışıqlar, yoxsa anti-terror əməliyyatı vasitəsilə həyata keçirilməsi, təbii ki, separatçıların mövqeyindən asılı olacaq. Mümkündür ki, ABŞ-dakı danışıqlardan sonra bu əməliyyatın keçirilməsi məqsədəuyğun görülməyib və erməni separatçıları ilə münasibətləri tam aydınlaşdırdıqdan sonra Vaşinqtona getməyə qərar verilib.
Prinsipcə, bu, ABŞ-ın da maraqlarına uyğundur. Ağ ev fərqindədir ki, Qarabağ separatçıları əslində Rusiyanın kuklalarıdır və Moskvanın tapşırığı ilə Azərbaycan-Ermənistan danışıqlarını pozmağa çalışırlar. Makronun təkcə Cənubi Qafqazda deyil, demək olar ki, bütün geosiyasi məsələlərdə ABŞ-Böyük Britaniya iradəsinə qarşı getməsi də sirr deyil və Avropa liderləri tərəfindən birmənalı qarşılanmır. Məsələyə bu aspektdən nəzər salanda Vaşinqtonun məsələyə niyə bu qədər səssiz yanaşmasının səbəbləri ortaya çıxır.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: