Xəbər lenti


“Problemi həll etməyin açarı onların (Qərb ölkələrinin – Ovqat.com) əlindədir. Əgər həqiqətən də onlar bugünkü münaqişənin danışıqlar yolu ilə bitməsini istəyirlərsə, sadəcə bir qərar qəbul etməlidirlər - silah və texnikanın tədarükünü dayandırmaq, bu qədər”.

 

Ovqat.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin dünən hərbçilərlə görüşündə deyib.

 

Ukraynanın əks-hücuma keçdiyi bir zamanda Putindən bu cür “sülhpərvər” təklifin gəlməsi təsadüfi olmaya bilər. Görünür, Putin də sonunda bu müharibənin Rusiyanı tükəndirəcəyini anlayıb, çıxış yolunu “ağ bayraq” qaldırmaqda görüb.

 

Rusiya liderini “ağ bayraq” qaldırmağa vadar edən əsas səbəblərdən biri də Ukraynanın son günlər başlatdığı əks-hücum əməliyyatına NATO dövlətlərinin verdiyi reaksiyadır. Keçirilən hərbi əməliyyatlarda nə qədər çox Qərb hərbi texnikalarını sıradan çıxararsa, NATO ölkələrinin basqısı ilə Ukraynanın bir o qədər tez masaya əyləşdirə biləcəyini inanan Rusiya rəsmiləri dünən xəyal qırıqlığına uğradılar. Cəhbədə ABŞ istehsalı olan 16 ədəd “Bredley” zirehli maşının vurulmasına Pentaqondan “əvəzini verəcəyik” mesajı gəldi. Almaniya da eyni şəkildə ilin sonuna qədər Ukraynaya 100-dən artıq Leopard tankı göndərəcəyini açıqladı.

 

Ardınca da Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Polşa lideri Anjey Dudu Parisdə bir araya gəldi. Ukrayna savaşının müzakirə olunduğu görüşdə Kiyevə bacardıqları qədər dəstək verilməsi qərarı çıxdı. Toplantıdan sonra keçirilən mətbuat konfransında çox önəmli mesajlar verən Makron Ukraynanın qalib kimi danışıqlar masasında oturmasını istədiklərini gizlətmədi: "Biz bunun (əks-hücum əməliyyatlarının mümkün qədər uğurlu olmasını istəyirik ki, sonra daha yaxşı şəraitdə danışıqlar mərhələsinə başlaya bilək" . 

 

Görünür, Putinin hərbçilərlə görüşündə səsləndirdiyi məlum sözlər də Makrona verilmiş cavab idi. O, dolaylı üslubla Qərb ölkələrinə danışıqlar masasına oturmaq istəyirlərsə, Ukraynaya silah verməyi dayandırmağı təklif edib. Faktiki olaraq bu əslində “mən danışıqlara hazıram” kimi anlaşıla bilər.

 

Qeyd edək ki, Ukraynanın bir neçə gün öncə başlatdığı əks-hücum əməliyyatları tıxaca ilişib. Artıq nə Ukrayna, nə də rus ordusu irəliləyə bilir. Mütəxəssislər bunu Ukraynanın cəbhə xəttində qarşılaşdığı 3 qatlı istehkamla əlaqələndirirlər. İddialara görə, Ukrayna artıq bu istehkam xətlərindən birini keçə bilib. Digər iki istehkam xətti də keçilərsə, onun qarşısında sərhədlərə qədər uzanan daha asan maneələr qalacaq. Bəlkə də bu ağır perspektivlə üzləşmək istəməyən Putin indiki güclü zamanında danışıqlar masasında oturmağa çalışır.

 

Bəs, onun bu təklifi, özünün də tez-tez vurğuladığı kimi, Ukraynanın xaricdəki güclü himayədarları tərəfindən qəbul olunacaqmı? Təbii ki, məqsəd əgər Rusiyanı potensial olaraq çökdürməkdirsə, çətin. Böyük ehtimalla, rus işğal ordusu Ukraynadan tam çıxmayanadək NATO ölkələri Kiyevin danışıqlar masasına oturmasını istəməyəcəklər. Necə ki, dəfələrlə gündəmə gətirilən bu kimi təkliflərə ABŞ Dövlət Departamentinin sədri Antoni Blinken belə cavab vermişdi: “Müharibəni Rusiya bitirərsə, müharibə bitəcək, Ukrayna bitirəcəksə, Ukraynanın özü bitəcək”.

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 872          Tarix: 14-06-2023, 10:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma