Meydan TV-nin dünən Gədəbəydən hazırladığı geniş reportaja diqqətlə baxdım. 40 dəqiqəyə yaxın davam edən reportajın ilk 15 dəqiqəsi vətəndaşlarla polislərin arasında baş verən mübahisələrə, hardasa son 25 dəqiqəsi isə rayon icra başçısı Orxan Mürsəlovla sakinlər və jurnalist arasında gedən söhbətə həsr olunmuşdu. Bəri başdan deyim ki, dünən birbaşa translyasiya olunan bu reportajda həm polislərin, həm də icra başçısının insanlarla rəftarını nümunəvi davranış kimi qiymətləndirdim. Xüsusilə icra başçısının qəzəbli kütlənin qarşısına çıxıb ardı-arası kəsilməyən etiraz dolu suallara təmkinlə cavab verməsini təqdirəlayiq hesab etmək olar.
İcra başçısının səsləndirmədiyi ritorik sual
Ötən il avqustun 11-də bu vəzifəyə təyin olunan Orxan Mürsəlovun üzərində dayandığı bir məqam xüsusilə diqqətimi cəlb etdi: “Söyüdlü kəndi ərazisində yaradılan süni göl 11 ildir ki, fəaliyyət göstərir. Bu günə qədər həmin göllə bağlı bizə heç bir şikayət daxil olmayıb. Bu gün isə sakinlər gölün fəaliyyəti ilə bağlı narazılıqlar səsləndirirlər”... İcra başçısı sözünün arxasını gətirməsə də, izləyicinin beynində istər-istəməz bu ritorik sual meydana gəlir: “Mənimi gördülər?”
İnsafən, Orxan bəy dilə gətirmədiyi bu ritorik sualında kifayət qədər haqlıdır. Məlumdur ki, O. Mürsəlova qədər Gədəbəyə İbrahim Mustafayev (28 avqust 2018 – 5 oktyabr 2021), ondan əvvəl isə Ramiz Yediyarov (18 aprel 2012 – 1 iyun 2018) adlı şəxslər rəhbərlik edib. Mübahisəyə səbəb olan göl də Ramiz Yediyarovun zamanında inşa edilib. Di gəl ki, bu gün ekologiyaya və insan sağlamlığına zərər vurmaqda ittiham edilən həmin suni göl əvvəlki icra başçılarının səlahiyyət müddətində heç bir mübahisə doğurmamışdı. Bu da çiçəyi burnunda olan indiki icra başçısının fəaliyyətinin kimlər tərəfindənsə sabotaj edildiyi ehtimalına yol açır. Həmin sabotajın arxasında rayonun keçmiş rəhbərliyinin və ya arxalarında dayanan qüvvələrin nə qədər rol oynadıqları barədə iddia irəli sürmək üçün əlimizdə kifayət qədər dəlil yoxdur. Odur ki, bu suala cavab axtarmağı dövlət qurumlarının ixtiyarına buraxırıq.
Olayların arxasında kim var?
Bizim gəldiyimiz qənaət isə Gədəbəydəki etirazların hansısa güc mərkəzləri tərəfindən qızışdırılmasıdır. Prinsipcə, indiki icra başçısı da yerli sakinlər və jurnalistlər tərəfindən irəli sürülən iddiaların manipulyativ xarakterli şayiələr olduğunu bildirməklə bizim ehtimalımıza haqq qazandırır. Orxan Mürsəlov Söyüdlü kənd camaatının dilə gətirdiyi 2-ci suni göl yaradılması, ərazidə xərçəng xəstəliyinin geniş şəkildə yayılması və uşaqların xəstə doğulması və s. barədə iddiaları inkar edir, bəzi statistik bilgilərlə öz fikirlərini təsdiqləməyə çalışırdı. Haqlı olaraq bildirirdi ki, buna yalnız mütəxəssislər cavab verə bilər və ərazidə tədqiqat aparmaq üçün onları rayona dəvət edib. Dediyinə görə, suni gölün taleyi və bundan sonra fəaliyyət göstərib-göstərməyəcəyi mütəxəssislərin bu araşdırmalarından sonra bəlli olacaq. Üstəlik, kənd nümayəndələri də istəsələr həmin tədqiqat peosesinə qatıla bilərlər.
Fikrimizcə, icra başçısı öz vədinin arxasında dayanarsa və yerindəcə obyektiv araşdırmalar aparılarsa, həqiqətən çox faydalı iş görülmüş olar, nəticədə Söyüdlü kənd sakinlərini narahat edən bir çox suallara aydınlıq gətirilər.
Bu sözləri deyərkən, mən heç də müxtəlif şayiələrlə ayağa qaldırılmış Söyüdlü kənd sakinlərinə qarşı dövlət orqanlarımızın olduqca kübar davrandığını iddia etmək fikrində deyiləm. Hesab edirəm ki, insidentin ilk günü polis əməkdaşlarından birinin heç bir lüzum olmadan ağbirçək qadının üzünə bibər qazı sıxması bağışlanmaz haldır və həmin polis nəfəri öz layiqli cəzasını almalıdır. İnsafən, DİN də öz əməkdaşının bu fəaliyyətini bəyənmir, onun kobud səhvə yol verdiyi etiraf edir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev dünən hadisə ilə bağlı açıqlama verərək bildirib ki, qadının üzünə bibər qazı sıxan polis əməkdaşıyla bağlı araşdırma aparılır və onun əməlinə hüquqi qiymət veriləcək. Düzdür, şöbə rəisi polisin emosiyaya qapılaraq bu lazımsız addımı atdığını da sözlərinə əlavə edib. Lakin hesab edirəm ki, ekstreminal vəziyyətlər polisin bu davranışına haqq qazandırmır. Əksinə, polislər işə götürülərkən onların əsəblərinin bu kimi hallara dözümlülüyü yoxlanılmalı və bütün sınaqlardan üzüağ çıxaranlar polis paqonu taxmalıdırlar. Bütün hallarda mən öz əndazəsini aşan həmin polis əməkdaşının cəzalandırılacağını gözləyirəm.
Etiraz aksiyasında iştirak edənlərin əllərində çoxdan hazırlanmış şüar və plakatlar tutması da baş verənlərin anidən ortaya çıxmadığını, üzərində ciddi şəkildə işlənildiyini təsdiqləyir. Şəkilli plakatlarda irəli sürülən şüarların xaricdən maliyyələşdirilən media qurumları tərəfindən dərhal çəkilib servis edilməsi, bəzi sakinlərin “biz azadlıq istəyirik” kimi manipulyativ fikirlər səsləndirməsi, yəqin razılaşarsınız müxtəlif mənalara çəkilməyə uyğundur və yəqin ki, bəzi beynəlxalq çevrələr bu yanlış təqdimatlardan ölkəmizin əleyhinə istifadə edəcəklər.
Fikrimcə, məhz bu səbəbdən Gədəbəydə baş verən hadisələri anidən baş vermiş narazılıq kimi qiymətləndirmək olmaz. O başqa məsələdir ki, bu insidentin baş verməsində ən məsum tərəf Söyüdlü sakinləridir. Onlar öz kəndlərində ekoloji tarazlığın pozulduğuna, əhalinin sağlamlığının təhlükə altında buraxıldığına inandırılıblar. Bu iddiaların nə qədər haqlı olub-olmadığı hazırda araşdırma mərhələsindədir və ümid edirik ki, dövlət qurumları ortaya çıxan bir çox suallara aydınlıq gətirəcək və onu ictimaiyyətlə bölüşəcəklər. Təsadüfi deyil ki, rayon icra başçısı yayılan bəzi iddiaların heç bir əsasa söykənmədiyini bildirir və əlimizdə onu təkzib edəcək sənəd olmadığından Orxan Mürsəlovla hələlik razılaşmaq məcburiyyətindəyik.
Gədəbəydə baş verən qalmaqalın zamanlaması, yerli və beynəlxalq ictimai rəyə təlqin etdiyi bəzi fikirlər də təxribat ehtimalını gücləndirir. Təsəvvür edin, bu hadisələr o zaman baş verir ki, beynəlxalq ictimaiyyət Qarabağ ermənilərini bölgə üzərində Azərbaycanın suverenliyini qəbul etməyə həvəsləndirir, bizimlə dialoq qurmağa çağırırlar. Hətta Ermənistan Baş naziri belə, mediaya verdiyi açıqlamalarda dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağ və 8 ekslavımızın bizim əraziyə aid olduğunu bildirib. Məlumatlara görə, Vaşinqton və Brüsseldə keçirilən sülh danışıqlarında iki tərəf arasında çox önəmli razılıqlar əldə edilib. Amma hələ də öz cavabını tapmayan məsələlər də var və müzakirə edilən əsas mövzulardan biri də ermənilərinin hüquq və azadlığının necə təmin olunamasıdır. Sözsüz ki, ermənilər tərəfindən danışıqlar masasına gətirilən bu arqument səbəb yox, bəhanədir. Separatçıların iddiasına görə, Azərbaycan öz “doğma” vətəndaşlarının belə, insan hüquqlarını pozur, bəs, 30 ildən artıq ona düşmən kəsilən və ayrılıq bayrağı qaldıran ermənilərin Azərbaycanın suverenliyi altındakı taleyi necə olacaq? Beynəlxalq müstəvidə belə müzakirələrin getdiyi bir zamanda Gədəbəydə etiraz edən ağbirçək bir ananın üzünə sıxılmış bibər qazı sanki qəsdən erməni dəyirmanına su tökməyə bənzəyir.
Yeri gəlmişkən, son zamanlar Rusiya da Qarabağ mövzusunu qaşımağa çalışır, özünün Azərbaycan və Ermənistan üzərində “qanuni maraqları”nın olmasından dəm vurur. Yadınızdadırsa, ötən ilin oktyabr ayında “Valday” Diskussiya klubunun plenar iclasında Rusiya prezidenti Vladimir Putin açıq şəkildə Vaşinqtonda aparılan danışıqlara qarşı çıxır, həmin müzakirələrdə Qarabağ ermənilərinin maraqlarının qorunmadığını bəyan edirdi. “Biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyə hazılaşmırıq. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa variantını seçmək lazımdır, başa düşdüyüm qədər bu Vaşinqton planıdır. Hansı ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar”,- deyə Rusiya lideri bildirirdi. Bənzər fikirləri bir müddət əvvəl Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da dilə gətirmişdi: “Təəssüflər olsun ki, ABŞ-ın və Aİ-nin gördükləri işlərdə biz artıq razılığın əldə olunmasına kömək etmək arzusunu yox, regiona nüfuz etmək, Rusiya Federasiyasının qanuni maraqlarını sıxışdırmaq istəyini görürük. Ümid edirəm ki, İrəvan və Bakıdakı tərəfdaşlarımız bunu başa düşürlər”. Gədəbəydəki son insident də Rusiyanın bu arapozucu ritorikası fonunda baş verirdi.
Üstəlik, Gədəbəy hadisələri baş verdiyi eyni gündə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentinin yaratdığı istintaq komussiyasının iclasında 44 günlük müharibədə yol verilən yanlışlıqlarla bağlı deputatlar qarşısında hesabatla çıxış edirdi. Bununla da özünü hesabatdan çəkinməyən lider, ölkəsini isə öz liderini məşhər ayağına çəkməyi bacaran demokratik dövlət kimi beynəlxalq ictimai rəyə sırıyırdı. Beləcə, demokratik dəyərləri əlində rəhbər tutan Qərb dövlətlərin rəğbətini qazanmağa çalışırdı. Bizdə isə sanki qəsdən qızışdırılmış Gədəbəy sakinləri ilə etirazçıların üzünə heç bir lüzum olmadan bibər qazı sıxan polis əməkdaşı Azərbaycanın anti-demokratik sifətini daha qabarıq formada ortaya qoyurdu.
Ən əsası isə, Qarabağda talan olunan təbii sərvətlərimizə və bunun nəticəsində pozulan ekologiyamıza sərt təpki göstərən ekofəallarımız bu dəfə Gədəbəydə gözə dəymirdilər. Halbuki onlar qışın soyuğuna, yayın istisinə baxmadan Laçın yolu üzərində sözün həqiqi mənasında əsl qəhrəmanlıq göstərərək ekologiyamızın keçiyində dayanmışdılar. Azərbaycan dövlət orqanları bu yol üzərində öz keçid-buraxılış məntəqəsini qurduqdan sonra dirənişlərinə son vermişdilər. Hazırda ermənilər ekofəallarımızın bu təşəbbüsünə də kölgə salmaq, onu Azərbaycan dövləti tərəfindən hazırlanmış şou kimi təqdim etmək istəyir, onların bu mübarizəsini Qarabağı blokadaya salmaq, humanitar dəhlizi bağlamaq cəhdi kimi təqdim edirlər. Nə yazıq ki, kimlərinsə Gədəbəydə törətdiyi təxribata ekofəallarımızın məcburi laqeydliyi də erməni arqumentini gücləndirir.
Bütün bunlara ümumi kontekstdən nəzər salanda görürük ki, Gədəbəydə qəsdən yaradılan suni göl qalmaqalı Azərbaycanın Qarabağda yürütdüyü siyasətin nəticələrini sıfırlamaq, erməni və rus dəyirmanına su tökmək məqsədi daşıyır.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: