Xəbər lenti


İyunun 28-də saat 01:30-dan etibarən Azərbaycan Silahlı Qüvvələri artilleriya zərbələri və PUA-lardan da istifadə etməklə Ağdərə və Xocavənd istiqamətində erməni mövqelərini atəşə tutub.

 

Ovqat.com xəbər verir ki, məlumatı qondarma “DQR”-nin “Müdafiə Nazirliyi” yayıb.

 

Məlumata görə, erməni tərəfdən 4 nəfər ölüb.

 

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtonda başlayan sülh danışıqları ərəfəsində Qarabağda bu cür insidentin çıxmasına ən az maraqlı tərəf rəsmi Bakıdır. Danışıqların pozulmasını ən çox istəyən isə separatçılar və onları dəstəkləyən rus “sülhməramlıları”dır. Görünür, separatçıların təxribatına cavab verən Azərbaycan Ordusu bir neçə erməni diversantını zərərləşdirmək məcburiyyətində qalıb və qondarma qurum bundan öz məqsədləri üçün istifadə edərək, Vaşinqton danışıqlarını təxirə salmağa çalışır.

 

Azərbaycan Müdafiə Nazirliyinin dünən axşam yaydığı rəsmi məlumat insidentin separatçılar tərəfindən başladıldığını təsdiqləyir. Məlumatda bildirilirdi:

 

“İyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.

 

Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.

 

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.

 

Qeyd edək ki, Vaşinqton görüşünə Rusiya rəsmiləri də qarşı çıxır, hətta ölkənin xarici işlər naziri Sergey Lavrov regionda Rusiyanın hansısa “legitim maraqlarından” bəhs edirdi. Lavrovun iddiasına görə, Vaşinqton görüşü bu maraqları nəzərə almadığından Moskva onun nəticələri ilə razılaşa bilməz. Zənnimizcə, Lavrovun və digər rus rəsmilərinin bu fikirləri Qarabağda bu gecə baş verən və bir neçə separatçının zərərsizləşdirilməsi ilə nəticələnən insidentin çıxış səbəbini izah edir.

 

Xatırladaq ki, Ovqat.com-un bir müddət əvvəl etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Qarabağ erməniləri son zamanlar təxribat məqsədli əks-hücuma hazırlaşırdılar. Hətta bunun üçün Qarabağ əhalisinin yaşını cavanlaşdırmaq siyasəti yürüdür, 50 yaşdan yuxarı erməniləri Ermənistana göndərir, 30-35 yaşlı xüsusi təlim görmüş təxribatçıları gətirirdilər. 

 

Məlum olduğu kimi, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci ilin 9 noyabr tarixində imzalanan bəyanata görə, Qarabağda heç bir erməni silahlısı saxlanıla bilməz. Ermənilər isə nəinki bu öhdəliyə əməl etmirlər, əksinə “Dağlıq Qarabağ müdafiə ordusu”ndan danışırlar. Üstəlik, bütün bunlar İrəvanın Azərbaycanın torpaq bütünlüyünü və suverenliyini tanıdığını bəyan etdiyi bir zamanda yaşanır. Separatçıların bu ikiüzlü siyasəti Azərbaycana beynəlxalq qanunları rəhbər tutaraq anti-terror əməliyyatı keçirmək imkanı verir.

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 939          Tarix: 28-06-2023, 07:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma