Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam J. Börns bu ayın əvvəlində Ukraynaya gizli səfər edib.
Ovqat.com-un məlumatına görə, ABŞ-ın dünyaca ünlü “The Washington Post” nəşri bu barədə bildirib.
Nəşrin iddiasına görə, səfər zamanı Ukrayna rəsmiləri ona Rusiyanın işğal etdiyi əraziləri geri almaq, ardınca Moskva ilə atəşkəs danışıqlarına başlamaq kimi iddialı strategiyalarını açıqlayıblar. Səfər barədə məlumatlı olan səlahiyyətlilər bildiriblər ki, Ukraynanın hazırladığı yeni strategiyanın ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılır.
“Börnsün əvvəllər bildirilməyən səfərinə prezident Vladimir Zelenski və Ukrayna kəşfiyyatının yüksək səviyyəli rəsmiləri ilə görüşlər daxil idi. Bu, Ukrayna qüvvələrinin çoxdan gözlənilən əks-hücum əməliyyatında erkən üstünlük əldə etmək üçün mübarizə apardığı, lakin Qərb tərəfindən təlim keçmiş və təchiz olunmuş hücum briqadalarının əksəriyyətini hələ də cəbhə xəttinə yerləşdirmədiyi bir vaxtda, münaqişənin kritik anında baş verib”,-məlumatda bildirilir.
“The Washington Post”a açıqlama verəb ABŞ rəsmilərindən biri faktı təsdiqləyib: “Börns bu yaxınlarda Ukraynaya səfər etdi, o, bir ildən xeyli əvvəl Rusiyanın son təcavüzü başlayandan bəri müntəzəm olaraq etdiyi kimi, tərəf müqabilləri ilə anonimlik şərti ilə danışdı. Məqsəd Bayden administrasiyasının Ukraynanın özünü müdafiə etməsinə kömək göstərməsi üçün kəşfiyyat məlumatlarını bölüşmək öhdəliyini bir daha təsdiqləmək idi”.
Xəbərdə bildirilir ki, Ukrayna rəsmiləri görüşlərdə əks-hücumun indiyə qədərki sürətinin tənqid edilməsindən məyus olduqlarını bildiriblər və “Kiyevdəki hərbi planlaşdıranlar Börnsü və digər tərəfdaşlarını payıza qədər əhəmiyyətli əraziləri geri almaq məqsədinə inandırıblar. Yeni strategiyada artilleriya və raket sistemlərini Rusiyanın nəzarətində olan Krımın sərhədi yaxınlığında yerləşdirmək və Ukraynanın şərqinə doğru irəliləmək nəzərdə tutulur”.
Xəbərdə Ukrayna rəsmilərinin indiki şəraitdə Moskva ilə sülh danışıqları perspektivinin mümkün olmadığına inandıqları ifadə olunur. Adı çəkilməyən Ukraynanın yüksək rütbəli rəsmilərdən biri deyib: “Rusiya ancaq təhlükə hiss etdiyi halda danışıqlar masasına oturar”.
O da qeyd olunur ki, Börnsün səfəri “Vaqner” lideri Yevgeni Priqojinin Rusiya müdafiə qurumuna qarşı uğursuz üsyanından bir qədər əvvəl baş tutub. ABŞ kəşfiyyatı iyunun ortalarında Priqojinin bir növ silahlı hücum planlaşdırdığını aşkarlasa da, bu mövzunun Zelenski və digər Ukrayna yetkililəri ilə müzakirə olunmadığı vurğulanır.
Bəs, Ukraynanın bu planları belə qısaldılmış müddətdə həyata keçirə biləcəkmi?
Nəşrin iddiasına görə, CIA Börnsün əks-hücumun perspektivləri ilə bağlı qiymətləndirməsini soruşduqda şərh verməkdən imtina edib.
Məlumatda həmçinin Ukrayna qoşunlarının və zirehli texnikasının geniş və sıx şəkildə minalanaraq möhkəmləndirilmiş səngərlərdə hərəkət edərkən ağır itkilər verdiyi də qeyd olunur. Bildirilir ki, çətin relyef Ukrayna qoşunlarını Rusiyanın hava və raket hücumları qarşısında aciz qoyub.
Bildirildiyinə görə, Zelenski etiraf edib ki, əks-hücum “istəniləndən daha yavaş” gedir və digər Ukrayna rəsmiləri Qərb tərəfindən təchiz edilmiş bəzi Leopard-2 tanklarının və Bradley döyüş maşınlarının məhv edildiyini təsdiqləyiblər.
Lakin Ukraynanın müdafiə naziri Oleksey Reznikov “əsas hadisənin” hələ qarşıda olduğunu deyərək şübhələri rədd edib, ölkənin ali hərbi komandiri, general Valeri Zalujnı isə hücumun “mümkün qədər ciddi cəhdlə həyata keçirildiyini” iddia edərək hər kəsi səbirli olmağa çağırıb.
Hərbi analitiklər isə deyirlər ki, Ukraynanın Moskvanı danışıqlara məcbur etmək planı rus ordusunun gücləndirilmiş müdafiəsini nəzərə aldıqda xeyli iddialı görünür.
Bir çox qərb ölkələri də təkid edir ki, Ukraynanın əks-hücum əməliyyatında irəliləyiş demək olar, nəzərə çarpmır və daha sürətli nəticələr istəyir. Polşalı deputat Vitold Yan Vaşçikovskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu oktyabra qədər uğurlu alınmasa, o zaman Avropa müharibəni “dondurmaqda” israr edəcək.
Buna cavab olaraq Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı “hər metrin qanla alındığını” vurğulayaraq, tərəfdaşlarını “müharibədən şou düzəltməməyə” çağırıb.
Qərb ölkələrinin narazılığı fonunda Börnsün Ukraynaya səfərinin əsl məqsədi anlaşılır. Görünür, Ukraynanın əsas sponsoru sayılan Vaşinqton da irəliləyişin ləngliyindən narahatdır, problemi yerində araşdırmaq və Zelenski hökumətinin planlarını öyrənmək üçün Börns Kiyevə gəlməyə qərar verib. Xatırladaq ki, ABŞ indiyədək Ukraynaya ən azı 75 milyard dollarlıq silah-sursat verib.
Ovqat.com
Paylaş: