Xəbər lenti


 

Qarabağlar kənd bələdiyyəsinin "kəndxudası" sakinlərin suyunu kəsib öz təsərrüfatını suvarır 

 

“20 ildir, Gəngərli rayonunun Qarabağlar kəndinin bələdiyyə sədri Nurəddin Babayev kəndin bir neçə artezian quyusunu öz dədəsinin malı kimi mənimsəyib, mənim kimi kasıb sakinlərin həyətyanı sahələrini suvarmağa imkan vermir. Nəticədə əkin sahələrimiz yanıb məhv olur”.

 

Bu sözləri adının açıqlanmasını istəməyən kənd sakini Ovqat.com-a ünvanladığı məktubunda bildirir.

 

Şikayətçinin iddiasına görə, Nurəddin Babayev bələdiyyə torpaqlarını öz əmlakı kimi əkib becərir, hətta bu ərazidə quşçuluq fabriki belə yaradıb. Di gəl ki, sözdə onun seçiciləri olan kənd sakinlərinə su belə vermir. 

 

Qarabağlar sakini bu şikayətlə dəfələrlə Kəngərli rayonu İcra Hakimiyyətinə müraciət edib. Heç bir nəticə əldə edə bilməyib. Əlacsız qalıb Naxçıvan MR Ali Məclisinə üz tutub. Ali Məclisin yetkililərindən biri Kəngərli İcra başçısının müavini ilə danışıb. Deyib ki, insafınız olsun, ayın bütün gününü siz torpaqlarınızı suvarırsınız, 1 gün də sadə camaata su verin. Rayon rəhbərliynin nümayəndəsi guya təkliflə razılaşıb, amma şikayətçiyə suyu az gələn arteziandan istifadə etməyi məsləhət bilib. Üstəlik, bu artezandan həyətinə şlanklarla su aparmağı vətəndaşın öhdəsinə buraxıb. Niyə? Çünki Qarabağlar kəndinin bələdiyyə sədri müasir kəndxudadır və onun maraqlarına toxunmaq olmaz.

 

Şikayətçinin əsl anlamadığı da budur; dünyanın hər yerində bələdiyyələr xalq tərəfindən seçilir və xalqa xidmət edir. Azərbaycanda necə olur ki, bələdiyyə sədrləri öz uçotlarında olan torpaqların mülkədarına çevrilir və kənd əhalisinin suyunu kəsərək öz təsərrüfatını suvarır?

 

Ümidvarıq ki, Azərbaycan rəhbərliyi Qarabağlar kənd sakininin bu qəliz sualına cavab tapar və bizi də məlumatlandırar. Biz də öz növbəmizdə sizi xəbərdar edərik.

 

Qarabağlar kəndinin bir də “möcuzəvi” bir bulağı var: Baxşəli bulaq. Hər şikayətdən bir gözündən su gəlir. 

 

Hər halda kənd sakininin məktubundan belə anlaşılır. Şikayətçinin yazdığına görə, iki ildir, bu bulaq quruyub. Amma buna baxmayaraq, kəndlilər nə vaxt rəhbərliyə şikayətə getsələr, bulağın gözü açılır, su axmağa başlayır

 

Bulaq 150-200 il bundan əvvəl kəndin xeyirxah sakini Bəxşəli adlı adam tərəfindən çəkilib. O vaxtdan son iki ilə qədər bulaqdan davamlı su axıb. Kəndin bir çox sakinləri həm içməli, həm də təsərrüfatlarını sulamaq üçün lazım olan suyu bu bilaqdan götürüblər.

 

Son iki ildə bulağın şikayətdən şikayətə axmasını kəndlilər bir amillə izah edirlər: Bulağın gözü kənd bələdiyyəsinin sədri Nurəddin Babayevin quşçuluq fabrikinin yerləşdiyi əraziyə düşür. İki il bundan əvvəl kəndxuda Nurəddin bəy öz quşçuluq fabrikində quyu qazıb. Bulağın da quruması və şikayətdən şikayətə çalışması həmin gündən başlayıb. Güman olunur ki, bələdiyyə “kəndxudası” Nurəddin Babayev bu bulağın suyunu da hansısa yolla mənimsəyib və öz təsərrüfatının istifadəsinə verib.




Ana səhifəyə qayıt        Baxış: 6 375          Tarix: 8-07-2023, 14:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma