Xəbər lenti

 

Son illərdə, dünyada və o cümlədən də, Avropada strateji mühit, geosiyasi konyuktura sürətlə dəyişməkdədir. Xüsusilə, İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük hərbi-siyasi münaqişə olan Rusiya-Ukrayna müharibəsinin başlanması regional və qlobal səviyyədə yeni geosiyasi reallıqlar yaratmaqdadır. Onu da qeyd edək ki, dünyanın ən güclü hərbi-siyasi alyansı olan NATO-nun yeni geosiyasi reallıqlarda strategiyası və davranışları, bütövlükdə Avrasiyada cərəyan edən proseslərə əhəmiyyətli dərəcədə təsir göstərir. Rusiya-Ukrayna müharibəsinin yaratdığı əsas reallıqlardan biri Avropada təhlükəsizlik risklərinin xeyli artmasıdır ki, bu baxımdan, NATO-nun yeni strategiyasında bir sıra vacib məqamlar diqqəti daha çox çəkir. Bu məqamlara keçməzdən öncə, fikrimizcə, Rusiya-Ukrayna müharibəsinin yaratdığı yeni geosiyasi, hərbi-siyasi reallıqlara nəzər salsaq faydalı olardı.

 

2022-ci il fevralın 24-də, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə başlayan müharibənin əsas geostrateji nəticələrindən biri kimi 1990-cı illərin əvvəllərindən formalaşan post-soyuq müharibə dövrünün başa çatmasını qəbul etmək olar. Daha dəqiq desək, son illərdə ABŞ-nin liberal dominantlığını özündə ehtiva edən post-soyuq müharibə dövrünün başa çatması istiqamətində gedən vacib geosiyasi, geoiqtisadi proseslər Ukraynada başlayan müharibə ilə özünün məntiqi yekununa çatdı. Qlobal nizam yenidən böyük güc mərkəzlərinin sərt rəqabət apardığı, qarşıdurma meyillərinin, geniş miqyaslı müharibə risklərinin artdığı düzənə çevrildi. Bir sıra nüfuzlu beyin mərkəzləri və təhlilçilər də Rusiya-Ukrayna müharibəsinin başlanmasını qaydalara əsaslanan dünya düzəninin çökməsinin əsas əlamətlərindən biri kimi dəyərləndirirlər. 

 

Dünya siyasətində baş verən bu köklü dəyişikliklər hətta Birləşmiş Ştatlar tərəfindən də qəbul edilir. Belə ki, 2022-cilin oktyabrında Ağ Ev tərəfindən qəbul edilən Milli Təhlükəsizlik Strategiyasında “post-soyuq müharibə dövrünün bitdiyi” və “əsas güclər arasında rəqabətin getdiyi” açıq-aydın etiraf olunur. 

 

1990-cı illərin əvvəllərində SSRİ-nin çökməsi, soyuq müharibənin başa çatması ilə formalaşan birqütblü dünya nizamı yerini çoxqütblü qlobal sistemə verməkdədir. Yeni dünya düzəninin formalaşması prosesində də böyük güc mərkəzlərinin hər birinin özünəməxsus maraqları və bu maraqları həyata keçirmək üçün strategiyaları var. Məsələn, 1991-ci ildən yeganə fövqəldövlətə çevrilən Birləşmiş Ştatların yeni formalaşmaqda olan çoxqütblü dünya nizamında da əsas strateji hədəfi liderliyini, üstünlüyünü qoruyub saxlamaqdır. Bu məqsədini reallşdırmaq üçün ABŞ Çin, Rusiya, İran kimi qlobal, regional rəqiblərini cilovlamaq”, mövqelərini zəiflətmək və Avro-Atlantik məkanı yenidən öz ətrafında konsolidasiya etmək strategiyasına üstünlük verir. Həmçinin, ABŞ-nin qlobal dominantlığını qəbul etməyən və yaxud, özünü müstəqil oyunçu hesab edən güc mərkəzləri də yeni dünya düzənində xüsusi yer tutmağa çalışır. Bu baxımdan qeyd etmək yerinə düşər ki, artıq bir il dörd aydır ki, davam edən Rusiya-Ukrayna müharibəsinin doğurduğu geosiyasi reallıqlar fərqli güc mərkəzlərinin, dövlətlərin siyasətinə, davranışlarına birbaşa təsir edir. Bir vacib nüansı da qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin doğurduğu geostrateji reallıqlardan biri də ABŞ-nin Avropada rolunun və təsirinin artmasıdır. Proseslərin gedişi onu deməyə əsas verir ki, Rusiyanı birbaşa təhdid olaraq görən Avropa dövlətləri ABŞ-nin hərbi-siyasi “çətiri”nə daha çox ehtiyac hiss edirlər. Bu səbəbdən də uzun illər bir sıra aparıcı Avropa dövlətlərinin təbliğ etdiyi Avropanın “avtonomluğu” ideyası məhz Rusiya-Ukrayna müharibəsi nəticəsində aktuallığını bir qədər itirdi. Bir faktı da əlavə edək ki, müharibə başladıqdan qısa müddət sonra ABŞ Avropaya 20 min nəfərlik əlavə hərbi qüvvə göndərib.

 

Rusiya-Ukrayna müharibəsinin konkret olaraq Avropada yaratdığı hərbi-siyasi reallıqları mahiyyət etibarı ilə ciddi və fundamental hesab etmək olar. Əvvəldə də qeyd etdiyimiz kimi, “köhnə qitə” İkinci Dünya Müharibəsindən sonra bu böyüklükdə müharibə ilə üzləşməyib. Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi Avropada təhlükəsizlik mühitini dəyişməklə qitə dövlətlərini hərbi-siyasi strategiyalarına yenidən baxmağa məcbur edib. Son səksən ilə yaxın dövr ərzində Avropa dövlətləri, xüsusilə də Şərqi-Mərkəzi Avropa dövlətləri özlərini bu qədər böyük təhlükə qarşısında hiss etməyiblər. Avropalıların fikrincə, Rusiyanın Ukraynada mümkün qələbəsi Moskvanın neoimperial istəklərini daha da artıra və nəticədə, qitə dövlətlərinin müstəqilliyinə, ərazi bütövlüyünə ciddi təhlükə yarana bilər. Məhz, Avropalıların və bütövlükdə kollektiv Qərbin bu yanaşması hazırda da davam edən müharibədə Ukraynaya geniş dəstəyin verilməsində əsas rol oynayır.

 

Müharibənin doğurduğu reallıqlardan biri də Avropa dövlətlərinin Rusiya ilə münasibətlərinin köklü olaraq dəyişməsidir. Qərb, demək olar ki, əksər sahələrdə (siyasi, iqtisadi, enerji və s.) Rusiyaya ən ağır sanksiyalar tətbiq etmək və Ukraynaya böyük siyasi, hərbi, iqtisadi dəstək verməklə rəsmi Moskvanı cəzalandırmaq və mövqeyini zəiflətmək strategiyasına üstünlük verir. Yeri gəlmişkən onu da əlavə edək ki, artıq Rusiyaya tətbiq olunan sanksiyalar 14024 - ə çatıb.

 

Yeni hərbi - siyasi reallıqlarda kollektiv Qərbin nümayiş etdirdiyi ümumi mövqe ilk növbədə Avro– Atlantik məkanın əsas hərbi-siyasi strukturu olan NATO-nun

strategiyasında ifadə olunur. Şimali Atlantika Müqaviləsi Təşkilatının Rusiya-Ukrayna müharibəsinə yanaşması və verdiyi reaksiya Alyansın qəbul etdiyi vacib sənədlərdə, atdığı praktiki addımlarda öz əksini tapır. Burada, fikrimizcə, Alyansın qəbul etdiyi və yeni məqamlarla zəngin son Strateji Konsepsiyasını xatırlamaq yerinə düşər. NATO-nun 2022-ci il iyunun 30-da Madriddə qəbul etdiyi Strateji Konsepsiyanı əvvəllər qəbul edilmiş analoji sənədlərdən fərqləndirən məqamları əsasən belə qeyd etmək olar : 

 

a) Rusiya Avro-Atlantik məkanda sülh və sabitliyə, o cümlədən, Alyansa ən böyük və birbaşa təhdid yaradır; 

b) Çin təftişçi, iddialı, dünya iqtisadiyyatında proteksionist siyasətinə görə Alyansın strateji rəqibi hesab edilir; 

c) Hərbi gücün artırılması; 

d) Ortaq dəyərlərin, demokratik siyasi sistemlərin

qorunması; 

e) Alyans üzvü ölkələrdə sosial davamlılığın gücləndirilməsi.

 

Göründüyü kimi, Alyansın qəbul etdiyi yeni Strateji Konsepsiyada Rusiyanın əsas təhdid, Çinin isə strateji rəqib olaraq qəbul edilməsi, hərbi gücün artırılması kimi məsələlər ittifaqın təhlükəsizlik siyasətinin əsas aspektləri kimi qəbul edilə bilər.

 

Haşiyəyə çıxaraq onu da əlavə edək ki, Alyansın daha əvvəlki Strateji Konsepsiyası 2010-cu ildə qəbul edilib və bu Konsepsiyada təhlükəsizlik mühiti dəyərləndirilərək qeyd olunurdu ki, bu gün Avro-Atlantik məkana ənənəvi hücum riski təhlükəsi xeyli aşağıdır. Son illərdə baş verən proseslər, xüsusilə də, 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi NATO-nun Strateji Sənədində təhlükəsizlik amilinin xeyli aktuallaşmasına səbəb olub.

 

NATO-nun yeni təhlükəsizlik siyasətinin əsas aspektlərindən olan hərbi gücün artırılması siyasəti həm Şimali Atlantika bloku, həm də blokun ayrı-ayrı üzvləri tərəfindən yerinə yetirilməkdədir. Məsələn, müharibə başladıqdan sonra Almaniya son yetmiş ildə həyata keçirdiyi müdafiə strategiyasının mahiyyətinə zidd olaraq, qarşıdakı illərdə hərbi xərclərini 100 milyard avro dəyərində artırmaq qərarına gəlib. Eyni zamanda, digər Alyans üzvləri də hərbi büdcələrini artırmaq istiqamətində konkret addımlar atıblar. Və yaxud, 2023-cü ildə bir sıra Avropa və yaxud NATO ölkələrinin hərbi xərclərində ümumilikdə 18 % artım nəzərdə tutulub. 

 

Qeyd edək ki, hələ Rusiya-Ukrayna müharibəsi başlamamışdan əvvəl də alyans üzvlərinin siyasətində hərbi güc amilinin önəmi artmışdır. Belə ki, 2014-2021-ci illərdə kanadalı və avropalı müttəfiqlər hərbi xərclərini 260 milyard dollar dəyərində artırıblar.

 

NATO-nun yeni təhlükəsizlik siyasətini ehtiva edən amillərdən biri də hərbi qüvvələrinin yerləşməsi ilə bağlı olmuşdur. Rusiya-Ukrayna müharibəsi başladıqdan qısa müddət sonra Alyans Şərqi Avropada qırx minlik yeni hərbi qüvvə yerləşdirmişdir. Həmçinin, Polşada Şimali Atlantika bloku əsgərlərinin sayı min nəfərdən on min beş yüz nəfərə qədər artırılıb. 

 

Qeyd edək ki, Alyansın Rusiya ilə sərhədə yaxın bir sıra Şərqi Avropa ölkələrində yeni hərbi bazalarının qurulması da planlaşdırılıb. NATO yaxın perspektivdə yüksək döyüş hazırlıqlı qüvvələrinin də sayını üç yüz minə çatdırmağı da nəzərdə tutur. NATO-nun Avropada hərbi qüvvələrini artırmaqla bağlı qərarları əsasən Alyansın Şərq cinahını gücləndirmək məqsədindən xəbər verir. O da vurğulanmalıdır ki, NATO Şərq cinahını gücləndirmək siyasətini 2014-cü ildən, Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində vüsət götürən münaqişəyə müdaxilə etməsi səbəbindən pisləşən Moskva-Brüssel münasibətlərindən dərhal sonra daha fəal reallaşdırmağa başlayıb.

 

NATO Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra da Moskvanın kəskin etirazlarına baxmayaraq özünün genişlənmə siyasətini davam etdirmişdir. Və bu siyasət, Alyansın təhlükəsizlik strategiyasının dəyişməz elementi kimi xarakterizə edilir. Madriddə qəbul edilmiş son Strateji Konsepsiyada da NATO-nun genişlənməsi təşkilatın tarixi uğuru kimi qeyd olunur və Alyansa üzv olmaq istəyən, onun hərbi-siyasi kriteriyalarına cavab verən, ortaq dəyərləri bölüşən Avropa dövlətlərinə ittifaqın “qapılarının açıq olduğu” bəyan edilir. Bununla da, Rusiya Ukrayna müharibəsinin yaratdığı risk və təhdidlər fonunda Alyansın genişlənmə siyasətindən imtina etməyəcəyi, əksinə, bu siyasəti davam etdirəcəyi aydın olur.

 

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra uzun onilliklər boyu hərbi-siyasi bloklara qoşulmamaq siyasəti həyata keçirən Finlandiya və İsveç NATO-na daxil olmaq üçün müraciət etmişdir. Hazırda, rəsmi Helsinkinin Alyansa üzv olmaq proseduru başa çatsa da və Finlandiya NATO-nun otuz birinci üzvünə çevrilsə də, İsveçlə bağlı üzvülük prosesi hələ də yekunlaşmayıb. Bütövlükdə, Finlandiya və İsveçin NATO-na daxil olması Şimali Atlantika Blokuna böyük geosiyasi və hərbi üstünlüklər verir. Hər iki dövlətin NATO üzv olması Alyansın Baltik dənizi və Şimal Buzlu Okean regionlarında gücünü, təsirini artırmaqla yanaşı, Rusiyaya qarşı müdafiə perimetrini də genişləndirir. Qeyd edək ki, Finlandiyanın Alyansa qoşulması ilə NATO-nun Rusiya ilə 1340 km yeni sərhəddi yaranıb. Eyni zamanda, qeyd etdiyimiz kimi, Finlandiya və İsveçin Şimali Atlantika blokuna daxil olması Alyansın hərbi potensialını əhəmiyyətli dərəcədə artıracaq. Belə ki, Finlandiya artıq NATO-nun hərbi büdcəni ÜDM-nin 2 % həcmində artırmaq tələbinə cavab verir və 2023-2026-cı illərdə hərbi xərclərini 431 milyon dollardan 833 milyon dollaradək artırmağı planlaşdırır. Həmçinin, İsveç hökuməti də 2025-ci ilədək hərbi xərclərini 40 % artırmaq qərarını verib. Bir zəruri əlavəni də edək ki, hər iki ölkə yüksək texnologiyalı müdafiə sənayesinə malikdir.

  

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra kiçik istisnalarla Qərb bloku Ukraynaya birmənalı, geniş siyasi, hərbi iqtisadi dəstək verib və bu dəstək davam etməkdədir. Məsələn, son bir il dörd ay müddətində yalnız ABŞ Ukraynaya 75 milyard dollar dəyərində hərbi, iqtisadi, maliyyə dəstəyi verib. Həmçinin bura digər müttəfiq dövlətərin də yardımlarını əlavə etsək Ukraynaya hərbi, maliyyə, humanitar dəstəyin hansı həcmdə olduğunu aydın görmək olar. Bütün bunlarla bərabər müharibə tam şiddəti ilə davam edir və tərəflərdən heç biri hələ ki, münaqişədə əsas məqsədlərinə çata bilməyib. Müharibə nəticəsində Rusiya, Ukrayna çox böyük insani, hərbi, iqtisadi, maliyyə itkiləri ilə üzləşsə də, artıq Qərbin də ciddi problemlərlə üzləşdiyi bir reallıqdır. Müharibə başladıqdan sonra ərzaq, enerji və digər məhsulların qiymətlərində müşahidə olunan kəskin artım, inflyasiyanın dərinləşməsi ilə bərabər Alyans üzvü ölkələrində hərbi sursat çatışmazlığı da yaranmaqdadır. Bu baxımdan, NATO baş katibi Y.Stoltenberqin NATO-nun silah arsenalının boşalması ilə bağlı səsləndirdiyi fikirlər diqqəti cəlb edir.

 

İylun 11-12-də, NATO-nun Vilnüsdə keçirilən sammitində də müzakirə olunan əsas məsələlərdən birinin Ukraynaya dəstək mövzusu idi. Hətta bəzi şərhçilər, təhlilçilər Vilnüs sammitində Ukraynanın Alyansa daxil olması istiqamətində konkret addımların atılacağını bildirsə də bu günlərdə NATO baş katibi Y.Stoltenberqin açıqlamasından aydın olur ki, Şimali Atlantika blokunun gündəliyində belə bir məsələ yoxudr. Bununla bərabər, Y.Stoltenberq bəyan edib ki, Vilnüs sammiti Ukraynanı Alyansa daha da yaxınlaşdıracaq. O bildirib ki, Vilnüsdə NATO-Ukrayna Şurası yaratmaq və Ukrayna üçün çoxillik hərbi təhcizat proqramını təmin etmək niyyətindədir. NATO-nun Ukrayna ilə bağlı təhlükəsizlik siyasətindən o qənaətə gəlmək olar ki, Alyans yaxın perspektivdə Ukraynanı öz sıralarına daxil etməyə hazırlaşmasa da bu ölkəyə genişmiqyaslı dəstəyini daha sistemli, məqsədyönlü formada davam etdirəcək.

 

Nəticə

 

Beləliklə, Rusiya-Ukrayna müharibəsi yeni geostrateji, hərbi-siyasi reallıqlar doğurmaqla NATO-nun təhlükəsizlik siyasətinin yenilənməsinə səbəb olub. İlk növbədə, Alyans son illərdə üzləşdiyi böhranlı vəziyyətə, çağırışlara baxmayaraq bir siyasi institut, ittifaq kimi möhkəmlənməsi istiqamətində addımlar atmağa çalışır.


Xatırladaq ki, bir neçə il əvvəl ABŞ prezidenti D.Tramp Alyansın köhnəldiyini, Fransa prezidenti E.Makron isə NATO-nun beyin ölümü keçirdiyini bəyan etmişdir. Rusiya-Ukrayna müharibəsi nəticəsində meydana çıxan təhdidlər fonunda bəzi gözləntilərin əksinə olaraq NATO nəinki bütövlüyünü, həmrəylini qoruyub saxladı, əksinə, transatlantik əlaqənin, Alyans daxilində müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsini təhlükəsizlik siyasətində prioritetə çevirməyi bacardı. Ümumiyyətlə, NATO-nun yeni hərbi-siyasi reallıqlarda təhlükəsizlik siyasətini əsasən belə qeyd etmək olar : hərbi gücün artırılması, genişlənmənin davam etdirilməsi, Alyansın şərq cinahının gücləndirilməsi, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi. Eyni zamanda, enerji sektoru, sağlamlıq, müxtəlif təyinatlı infrastrukturun qorunması, iqlim dəyişikliklərinə qarşı məqsədyönlü fəaliyyət də Alyansın təhlükəsizlik prioritetlərinə daxil edilir. Bütün bunlarla bərabər, əvvəldə də qeyd edildiyi kimi, mövcud müharibə Qərb dövlətləri üçün də müəyyən sosial, iqtisadi, demoqrafik, hərbi-təhcizat problemləri yaratmaqdadır. Bu baxımdan,

Rusiya-Ukrayna müharibəsinin hələ uzun müddət davam etməsi Avro-Atlantik məkanın və bu məkanın ayrı-ayrı dövlətlərinin ciddi çağırışlarla üzləşməsinə səbəb ola bilər.

 

Mətin Məmmədli, 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində aparıcı məsləhətçi

 




Ana səhifəyə qayıt        Baxış: 5 395          Tarix: 18-07-2023, 15:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma