Xəbər lenti


Aşqabad "Türkmənistan - Tacikistan - Özbəkistan" formatında sammitə ev sahibliyi etməyə hazırlaşır.

 

Ovqat.com xəbər verir ki, Türkmənistanın rəsmi media qurumları bu barədə bildirib.

 

Məlumata görə, avqustun əvvəlində Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə üçtərəfli sammit keçiriləcək.

 

Dünən Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə Tacikistandan olan həmkarları Sirodjiddin Muxriddin və Özbəkistanlı həmkarları Bəxtiyor Saidov arasında keçirilən videokonfransdan sonra bu barədə məlumat verilib.

 

Üçtərəfli sammit ərəfəsində yüksək səviyyəli görüşdə imzalanacaq sənədlər üzərində iş aparılacaq. Bundan əlavə, xarici işlər orqanlarının nümayəndələri, dəmiryolçular, gömrükçülər arasında ayrı-ayrılıqda görüşlər keçiriləcək, iqtisadi əlaqələrin inkişaf etdirilməsi, səhiyyə, kənd təsərrüfatı, sənaye, elm və təhsil məsələləri müzakirə olunacaq.

 

Göründüyü kimi, bir neçə gündən sonra başlayacaq sammitdə Mərkəzi Asiyanın yalnız 3 ölkəsinin nümayəndələri bir araya gələcək. Kənarda qalacağı gözlənilən isə 2 türk respublikasıdır: Qazaxıstan və Qırğızıstan. Qırğızıstanın regionun demokratik dəyərlərə ən çox sahib ölkəsi olduğunu, Qazaxıstanın isə türklük kimliyini diri tutmağa çalışdığını və son zamanlar bir sıra mütərəqqi islahatlar apardığını, Rusiya ilə münasibətlərinə məsafələr qoyduğunu nəzərə alsaq, onların bu sammitə çağırılmaması təsadüfə oxşamır. Taciklərlə aralarında ciddi insidentlərin yaşandığı Qırğızıstanın da ofsayt vəziyyətinə salınması Türk Birliyi idealları ilə bir araya sığmır.

 

Maraqlıdır ki, istər ABŞ-ın C5+1 layihəsində, istərsə də Türkiyənin lokomotivliyini etdiyi Turan Birliyi projesində Mərkəzi Asiya ölkələri vahid bir orqanizm kimi nəzərdə tutulur və onlar arasında inteqrasiya ön görülür. Hətta layihələrdə bu coğrafiya əvvəlki adıyla Türküstan kimi anılır. Xüsusilə Rusiyanın Ukrayna savaşında getdikcə zəiflədiyi bir vaxtda regionun bir araya gətirilərək ittifaq qurması təkcə Orta dəhlizin açılmasına xidmət etmir, həm də bölgənin Çin təsirinə düşməməsinə zəmin hazırlayır. 

 

İyulun 20-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində 6 KƏŞ ölkəsi ilə 5 Mərkəzi Asiya ölkəsi liderləri arasında keçirilən görüşlər də prinsipcə bu məqsədə xidmət edirdi. Məlumata görə, Ciddə sammitində Körfəz Əməkdaşlıq Şurası və Mərkəzi Asiya ölkələrinin 2023-2027-ci illər üçün qəbul etdiyi fəaliyyət planı da açıqlanmışdı. İştirakçı ölkələrin nümayəndə heyətlərinin başçıları razılığa gəlmişdilər ki, bu ilin son rübündən etibarən Körfəz və Mərkəzi Asiya ölkələri arasında investisiya forumu yaradılacaq. Ekspertlərin fikrincə, sammitin məqsədi 2027-ci ilə qədər Mərkəzi Asiya ölkələrinə ciddi investisiyalar yatırmaq və Rusiyanın dağılmasından sonra bölgənin Çin təsirinə düşməsinin qarşısını almaq idi. 

 

Məhz belə bir zamanda Türkmənistanın tamamilə əks addım atması bu sammitin arxasında Rusiyanın dayandığı ehtimalını gücləndirir. Görünür, Moskva öz yaxın dostlarının iştirakı ilə Rusiya məhv olarsa, Mərkəzi Asiyanın Çinin əlinə keçəcəyi xofunu gücləndirərək Qərb dövlətlərini təhdid etmək istəyir. 

 

Türkmənistanın bu mövqeyi tutması həm də Transxəzər və Orta dəhlizi vasitəsilə Qərbə enerji göndəriləcəyinə, beləcə həm Rusiyadan asılılığı xeyli azaldılacağına bel bağlayan Avropa ölkələrinin, həm də “Bir Yol, Bir Kəmər” layihəsini həyata keçirmək istəyən Çinin ümidlərini də puç edir. Zira hər iki layihədə Orta dəhlizin Qırğızıstandan başlaması, Qazaxıstan və Türkmənistana qədər uzanması nəzərdə tutulur.

 

Qeyd edək ki, ötən gün Ankaraya səfər edən Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyə prezidenti arasındakı görüşdə də bu mövzu masaya yatırılmışdı. Görünür, Türkmənistanın bu addımı ilə Rusiya həm də Türkiyə və Azərbaycanın ümidlərini alt-üst etməyə çalışıb.


Heydər Oğuz,
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 179          Tarix: 1-08-2023, 10:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma