Ovqat.com saytının Baş redaktoru, şair-publisist Heydər Oğuz Suraxanı rayon Məhkəməsinin onun barəsində çıxardığı hökmdən Prezident İlham Əliyevə şikayət məktubu yazdı.
Əsasən beynəlxalq cinayət hüququnda diffimasiya maddələrinin yerindən bəhs edən məktubu olduğu kimi təqdim edirik:
Prezident İlham Əliyevə məktub
Möhtərəm Prezident, başınızın beynəlxalq problemlərə, xüsusilə Qarabağda yaşanan erməni özbaşınalıqlarına qarışdığı bir zamanda Sizə bu məktubu yazıb-yazmamaq barədə çox düşündüm. Sonunda yazmağa qərar verdim. Çünki istəmirəm ki, sabah beynəlxalq arenada bir də mənim şikayətim ilə qarşılaşasınız. Nə yazıq ki, Sizin savadına, təcrübəsinə arxayın olub hakim təyin etdikləriniz məni Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək məcburiyyətində buraxmağa çalışırlar.
Məlumdur ki, Siz hələ 2020-ci ilin may ayının ilk günü Baş Prokuror Kamran Əliyevlə video-söhbətiniz zamanı ona bir sıra hüquqi məsləhətlər vermişdiniz. Məsləhətləriniz əsasən hüququn aliliyi və ədalətli məhkəmə islahatları ilə bağlı olmuşdu. Sözsüz ki, siz bu sözləri deyərkən üzünüzü Kamran Əliyevə tutsanız da, həm də məhkəmə hakimlərinə öz fikirlərinizi çatdırmışdınız. Sözünüzün sonunda onu da əlavə etmişdiniz ki, hakimlər milli maraqları, vətənpərvərlik hisslərini ön planda tutmalıdırlar. Təəssüf edirəm ki, Suraxanı rayon Məhkəməsinin mənim barəmdə çıxardığı qərar nəinki hüquqa, həm də milli maraqlara sığmır. Ən azı o səbəbdən ki, mən məhkəmə predmeti olan yazı və müsahibələrimdə öz şəxsi ambisiyamdan yox, dövlətçilik maraqlarından çıxış etmişdim. Naxçıvanda yaşanan dövlətçilik ənənələrinə zidd problemlərdən danışıb bir çox naqisliklərin ortadan qaldırılması məsələsini gündəmə gətirmişdim. Naxçıvanın o zamankı hakimiyyəti isə mənim qarşıma öz trol dəstələrini çıxarıb şəxsiyyətimi alçaltmaq və təhqir yoluyla məni öz mövqeyimdən çəkindirməyə çalışmışdı. Mən də onlara məcburən cavab vermişdim.
Sizə o zamanki hadisələri nəql etməklə dəyərli vaxtınızı almaq istəmirəm. Sadəcə onu vurğulamaq istəyirəm ki, mənim bu vətənpərvərlik hissimdən doğan təşəbbüsüm Suraxanı rayon Məhkəməsi tərəfindən cinayət əməli kimi cəzalandırıldı. Sanki öz ölkəsini sevmək və onun ərazi bütövlüyü uğrunda ən dinc yolla - qələmi ilə mübarizə aparmaq cinayət imiş.
Bunlar öz yerində. Dərd burasındadır ki, barəmdə çıxarılan hökmdə yerli və beynəlxalq hüquqa zidd bir sıra qanun pozuntuları mövcuddur. Yerli qanunlara zidd pozuntuları bir kənara atıram. Çünki Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyim təqdirdə, əsasən beynəlxalq hüquqi aktlara istinadən yekun qərar çıxaracaqlar. Açığı, öz dövlətimi məhkəməyə vermək xəcalətini yaşamamaq üçün bu gün Sizə müraciət etməyi daha məqsədəuyğun hal olaraq qiymətləndirdim.
İndi isə Sizə həmin məhkəmə hökmündə yalnız beynəlxalq hüquq normaları pozuntularına dair neçə məlumatı vermək istəyirəm.
Avropa Konvensiyasının pozuntuları
Cənab Prezident, Azərbaycan Konstitusiyasının 12-ci maddəsinin I-ci hissəsində deyilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 12-ci maddəsinin II hissəsinə görə, bu hüquq aktında sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Beynəlxalq müqavilələr Azərbaycan qanunvericiliyinin tərkib hissəsidir və normativ hüquqi aktlar iyerarxiyasında Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlardan sonrakı yeri tuturlar. Yəni barəmdə hökm çıxarılarkən istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsi və Mülki Məcəllədən daha üstün hüquqi aktdır.
Konstitusiyanın 151-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyәt yaranarsa, həmin iş üzrə beynəlxalq müqavilələr tətbiq edilir. İnsan haqları ilə bağlı Azərbaycanın tərəfdar çıxdığı ən önəmli beynəlxalq müqavilələrdən biri isə İnsan Haqları və Əsas Azadlıqlarının Qorunması Haqqında Avropa Konvensiyasıdır.
Azərbaycan Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarı da bu faktı təsdiqləyir. Qərarda vurğulanır ki, yerli qanunvericiliklə Avropa Konvensiyası və Avropa Məhkəməsinin qərarları arasında ziddiyyət yaranarsa Konvensiya və Avropa məhkəməsinin qərarları əsas götürülməlidr.
Suraxanı rayon Məhkəməsi isə Azərbaycan Respublikası Konstitusiyasında qeyd edilən bu maddələrə istinad etməyib, çıxarılan məhkəmə hökmündə Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinin adını çəkilsə də ona üzdən və formal yanaşılıb, yanlış şərh edilib. Avropa Konvensiyasının 10-cu maddəsinin tətbiqi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin uyğun standartları ümumiyyətlə nəzərdən qaçırılıb.
Konvensiyanın 10-cu maddəsinin (ifadə azadlığı) pozuntusu
Konvensiyanın ifadə azadlığı hüququnu təminat altına alan 10-cu maddəsinə görə, hər kəsin öz düşüncəsini azad ifadə etmək haqqı var. Təbii ki, bəzi istisnalarla. Konvensiya ifadə azadlığına müdaxılə üçün yalnız bu məqsədləri legitim sayır: a) milli təhlükəsizlik, ərazi bütövlüyü və ictimai qaydanın qorunması; b) iğtişaşların və cinayətlərin qarşısının alınması; c) əhalinin sağlamlığın və mənəviyyatın qorunması; d)başqa şəxslərin nüfuzunun və haqlarının qorunması; e) etibar edilmiş bilgilərin açıqlanmasının qarşısının alınması; f) məhkəmələrin nüfuzunun və tərəfsizliyinin təmin olunması.
Göründüyü kimi, Avropa Konvensiyası da hər hansı mənasız tələb xətrinə ifadə azadlığının məhdudlaşdırılmasına yol verir. Hətta ciddi əsasları olduğu zaman ifadə azadlığını məhdudlaşdırarkən, dövlət arxayın olmalıdır ki, bu məhdudlaşdırma: a) yuxarıda saydığımız legitim məqsədlərin ən azı birindən irəli gəlir; b) belə məhdudlaşdırma dövlətin iç qanunlarında aydın ifadə olunub və hamının bu qanunlardan xəbər tutmasına imkan yaradılıb; c) hər hansı məhdudlaşdırma “demokratik toplumda zəruru” olmaq sınağından keçə bilməlidir. Məhkəmənin barəmdə çıxardığı hökmdə isə bu əsasların heç biri olmayıb.
Cənab Prezident, onu da nəzərinizə çatdırım ki, mənə məhkəmə tərəfindən cinayət cəzası kəsilib. Halbuki Avropa Konvensiyası, Avropa Məhkəməsinin presedent hüququ fikir azadlığı sahəsində bunu açıq şəkildə yolverilməz sayır. Məsələn, AİHM “Şener Türkiyəyə qarşı” işi üzrə qərarında vurğulayıb ki, “Söz azadlığına cinayət hüququ ilə müdaxilə bütün hallarda Konvensiyanın 10-cu maddəsini pozur. Hətta cəza təyin edilməsə belə”.
Doğrudur ki, Suraxanı rayon Məhkəməsinin hökmü mənim ifadə azadlığı hüququndan yararlanmağımı əngəlləmir. Ancaq Avropa Məhkəməsi Suraxanı rayon Məhkəməsinin hökmündə də istinad edilmiş “Lingens Avstriyaya qarşı” işi üzrə qərarında cinayət cəzası kimi jurnalistə kiçik cərimə cəzasının verilməsini belə yolverilməz sayır: “Müəllifə tətbiq edilmiş cəza onun özünü ifadə etməsinə mane olmasa da, gələcəkdə bu cür tənqid bildirməkdən çəkindirə biləcək senzuranın bir növünü təşkil edir... Siyasi müzakirələr kontekstində bu cür cəza tədbiri böyük ehtimalla jurnalistlərin ictimaiyyətin həyatına təsir edən məsələlərin ictimai müzakirəsinə töhfə verməsinin qarşısını alır. Eyni zamanda bu cür sanksiya mətbuatın məlumat təminatçısı və ictimai nəzarətçi kimi öz vəzifələrini yerinə yetirməsinə maneə olur”.
Avropa Məhkəməsi “Cumpana və Mazare Rumıniyaya qarşı” işində jurnalistlərə düşüncələrinə görə cinayət cəzalarının tətbiqinə sərt və aydın məhdudiyyətlər qoyub: “Hökm vermənin prinsipcə milli məhkəmələrin işi olmasına baxmayaraq, Məhkəmə hesab edir ki, mediada deffamasiyaya görə cinayət cəzasının tətbiq edilməsi yalnız bəzi hallarda - xüsusən digər fundamental insan hüquqlarının əhəmiyyətli şəkildə pozulduğu nifrət nitqi və ya zorakılığa çağırış zamanı jurnalistlərin Konvensiyanın 10-cu Maddəsi ilə təmin edilən ifadə azadlığı ilə bir araya sığır... İctimai maraq doğuran məsələ ilə bağlı müzakirə kontekstində klassik fərdi deffamasiya işində - hadisələr cinayət cəzasının tətbiqinə heç bir bəraət qazandırmır.”
AİHM bu mövqeyini Azərbaycanla bağlı ifadə azadlığı hüququnun pozuntusundan bəhs edən bütün qərarlarında (məsələn, “Mahmudov və Ağazadə Azərbaycana qarşı”, “Tağıyev və Hüseynov Azərbaycana qarşı”, ““Azadlıq” qəzeti və Zayidov Azərbaycana qarşı” və s. məhkəmə işləri) dəfələrlə təkrarlayıb, ifadə azadlığı hüququnun pozuntusunu tanıyıb və dövlətin üzərinə ərizəçilərə kompensasiya ödəmək vəzifəsi qoyub.
Bu barədə çıxarılan məhkəmə hökmlərini uzun-uzadı sadalamaq istəmirəm. Sadəcə onu vurğulamaq istəyirəm ki, Suraxanı rayon Məhkəməsinin çıxışlarıma, paylaşımlarıma görə məni cinayət cəzasına məhkum etməsi Konvensiyanın 10-cu maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüququmun pozulması deməkdir.
Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması) pozuntusu
Avropa Konvensiyasının 6-cı maddəsi hər kəsin ədalətli məhkəmə araşdırması hüququnu təminat altına alır. Həmin maddəyə görə, “Hər kəs, ... müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir...”.
Bu maddədə nəzərdə tutulan “Qərəzsiz məhkəmə” prinsipinin pozulması
Göründüyü kimi, Konvensiyanın 6-cı maddəsi "məhkəmənin" qərəzsiz olmasını tələb edir. Qərəzsizlik, bir qayda olaraq, tərəfgir və ya qeyri-obyektiv olmamaq mənasına gəlir. Mənim məhkəmə işimdə isə açıq-aşkar hakim qərəzçiliyi hiss olunur. Belə ki, xüsusi ittihamçının bir neçə il əvvəl paylaşıdığı facebook statusunun foto surətini məhkəməyə təqdim etmişdim. Ancaq həmin sübut məhkəmənin hökmündə ümumiyyətlə görünmür, deməli, məhkəmə heç bir əsas olmadan mənim sübutlarımı qəbul etməyib və niyə qəbul etmədiyini əsaslandırmayıb da.
Bu işdə xüsusi ittihamçı mənim qonaq olduğum 2 saata yaxın davam edən video proqramdan kiçik paraçaları kəsib sübut kimi məhkəməyə təqdim edib. Yəni fikrimi ümumi kontekstdən çıxarıb. Mən proses boyunca dəfələrlə məhkəməyə xüsusi ittihamçının təqdim etdiyi sübutların mötəbər olmadığını, proqramdan kiçik çıxarışların böhtanın sübutu kimi qəbul olunmasının doğru sayıla bilməyəcəyini bildirmiş, proqramın tamamına baxılmasını tələb etmişdim. Mənim bu tələblərimin heç birini qəbul etməyən məhkəmə hökm verərkən, bu da azmış kimi xüsusi ittihamçının bir neçə il əvvəl paylaşıdığı paylaşımın foto surətini də vacib sübut kimi mötəbər saymayıb. Bu yanaşma, məhkəmənin tərəflərə obyektiv yox, qərəzli və tərəfgir yanaşdığını təsdiqləyir.
Əsaslandırılmış məhkəmə qərarı hüququmun pozulması
Suraxanı rayon Məhkəməsi öz hökmündə mənim tərəfimdən davamlı olaraq qaldırılan arqumentlərə qəti şəkildə münasibət bildirməməklə əsaslandırılmış məhkəmə qərarı hüququmu da pozub.
AİHM-in presedent hüququna əsasən, məhkəmələr iş üzrə qaldırılan bütün arqumentlərə detallı cavab vermək məcburiyyətində olmasalar da, hər halda məhkəmə qərarından iş üzrə bütün əsas məsələlərə münasibət bildirildiyi aydın olmalı (“Boldea Rumıniyaya qarş” işi, para. 30) və işin nəticəsi üçün həlledici əhəmiyyətə malik arqumentlərə spesifik və açıq-aydın cavablar verilməlidir (“Moreia Ferreira Portuqaliyaya qarşı” işi (no. 2), para. 84).
Bu işdə isə mən həm yazılı etirazlarımda, həm də şifahi məhkəmə çıxışlarımda məhkəməyə ünvanlanan arqumentlərimdə paylaşılan mübahisəli məzmunun faktual əsaslarının bir neçə il əvvəl məhz xüsusi ittihamçı tərəfindən paylaşıldığını, jurnalist olaraq paylaşılmış məzmun haqda mülahizələrimi ictimaiyyətlə bölüşdüyümü, qanunvericiliyin yalnız yalan, əsası olmayan məlumatların yayılması halında məsuliyyət müəyyən etdiyini vurğulamışdım. Məhkəmə isə həmin arqumentlərin heç birinə münasibət bildirmədən, yalnız xüsusi ittihamçının tələblərini və çıxışlarını təkrarlayaraq, mənim cinayət törətməyimin guya tam sübuta yetirildiyini, buna görə də cinayət və mülki məsuliyyətə cəlb edilməli olduğumu bildirib.
Yeri gəlmişkən onu da deyim ki, məhkəmə prosesi zamanı mənim üzümə oxunan hökmlə, sonradan mənə təqdim olunan yazılı hökm arasında da ciddi fərq var. Yazılı hökmə bir də mənim qarşı tərəfdən üzr istəməyim şərti əlavə olunub ki, bu da ən ciddi prosesual qanun pozuntusudur, faktiki olaraq hökmün qarşı tərəfin lehnə saxtalaşdırılması deməkdir.
Əslində isə məhkəmədə mənim tərəfimdən irəli sürülən arqumentlərin araşdırılması, paylaşılan məzmunun böhtan, ləkələyici olub-olmaması, cinayətin və mülki pozuntunun baş verib-verməməsi müəyyənləşdirilməli, bu faktlar hökm çıxarılarkən həlledici əhəmiyyət kəsb etməli idi. Lakin məhkəmə işin nəticəsi üçün həlledici əhəmiyyətə malik olan və proses boyu təkrarlanan spesifik, davamlı və vacib arqumentlərimi gözardı etdi. Bununla da mənə münasibətdə əsaslandırılmış qərar hüququ pozuntusuna yol verdi.
Cənab Prezident, sadaladığım və sadalamadığım bütün bu qanun pozuntuları onu göstərir ki, AİHM-nə müraciət edəcəyim təqdirdə şikayətimin təmin olunması ehtimalı yüksəkdir. Hətta bəlkə mənə babat təzminat haqqı da tanıya bilərlər. Amma bütün bunlara baxmayaraq, mən öz dövlətimi beynəlxalq məhkəməyə vermək və hələ-hələ onu udmaq, ən əsası isə barəmdə “Heydər Oğuz Azərbaycana qarşı” kimi dosyasının hazırlanmasını istəmirəm. Çünki sabah bu faktlardan yadelli düşmənlərimiz mənim dövlətimin əleyhinə də istifadə edəcəklər. Amma bunun baş verməməsi təkcə məndən asılı deyil. Ümid edirəm ki, Konstitusiyaya görə, hər bir vətəndaşın hüquqlarının və təhlükəsizliyinin qorunması kimi ciddi mükəlləfiyyəti olan Siz – ölkə Prezidenti bu mübahisənin Bakıda həllinə nail olunmasına və mənim yad qapısında ədalət axtarışım üçün heç bir zəmin yaradılmamasına çalışacaqsınız. Ən əsası isə, barəmdə bütün beynəlxalq və milli hüquqları pozan məsuliyyətsiz hakim barədə adekvat tədbirlər görəcəksiniz ki, bu, digər hakimlər üçün də ibrət dərsi olsun.
Hörmətlə, Heydər Oğuz.
Paylaş: