Xəbər lenti

 


Müəlliflər: Glenn Schafetz, John Cypher

Atlantic Council

 

Niyə Putin Rusiyası öz sərhədləri ilə barışa bilmir?

 

Rusiyanın Ukrayna ilə bağlı hazırkı vəsvəsəsini başa düşmək üçün onun əsla dövlət anlayışının ümumi istifadəsində nəzərdə tutulan şəkildə bir quruluş olmadığını anlamaq lazımdır. Osmanlı İmperiyasından yaranan müasir türk dövlətindən və ya imperiya əldə edib itirən Böyük Britaniyadan fərqli olaraq, Rusiyanın heç vaxt imperiyadan ayrı bir kimliyi olmayıb. İngilis tarixçisi Geoffrey Hoskinqin qeyd etdiyi kimi, "İngiltərənin imperiyası var idi, lakin Rusiyanın özü imperiya idi."

 

Kremlin müasir Ukraynadan ("Kiyev Rus dövləti") törənmiş Rusiya barədə mülahizələri özündə birləşdirən yaranış hekayəsı uydurulmuş nağıldır. Rusiyanın rəsmi olaraq təsdiq edilmiş 1000 illik tarixi, rus diktatorlarının xələflərinin xarici ekspansiyalarına və daxili repressiyalarına haqq qazandırmaq üçün təbliğ etdikləri öz-özünə yaranan və öz-özünə davam edən dövlət haqqında mifdən başqa bir şey deyil.

 

Əslində isə müasir Rusiya adlandırdığımız ölkənin yaranması Novqorod, Pskov, Smolensk, Tver və Moskvanı əhatə edən müstəqil şəhər dövlətlərinin bir araya gəlməsindən başladı, sonuncusu 500 il əvvəl monqol hökmranlığının çöküşü ərəfəsində xüsusi əhəmiyyət qazandı. O vaxt Kiyev indiki qədər Rusiyanın bir hissəsi deyildi. Aralarında ortaq dil, ortaq idarəetmə və ortaq milli kimlik də yox idi. Moskva hökmdarlarının Kiyev və indiki Ukrayna torpaqları üzərində hökmranlıqlarını qurması üçün əsrlər keçəcəkdi.

 

Rusiya imperiyasının yüksəlişinə yol açan amil Kiyev Rusiyasının törəməsi olmasından deyil, monqol hakimiyyətindən güc alması idi. III İvan dövründə Moskva Monqol dövründə ortaya çıxan şəhər dövlətlərinin ən güclüsü kimi özünü göstərdi. İvan özünü "Bütün Rusiyanın çarı" adlandırırdı, lakin əslində o, daha çox Böyük Moskva meri statusunda idi. "Rus torpaqlarının bir araya gətirilməsi" adlanan təşəbbüslə Moskvanı genişlətməyə başlayan III İvan idi. Onun ekspansionist baxışı, demək olar ki, Moskvanın, Rusiya İmperiyasının, Sovet İttifaqının və Rusiya Federasiyasının sonrakı bütün hökmdarları tərəfindən qəbul edilmişdir.

 

III İvanın tez-tez "qədim Rus torpaqlarını birləşdirmək" adı altında yeni ərazilər əldə etmək axtarışı bu günə qədər davam edir və dünya tarixində ciddi izlər buraxır. Tarixçi Stiven Kotkinin qeyd etdiyi kimi, “XVI əsrdə İvan Qroznı hökmranlığından başlayaraq, Rusiya yüz illər ərzində gündə orta hesabla əlli kvadrat mil sürətlə genişlənə bildi və nəticədə yer kürəsinin altıda birini əhatə etdi”.

 

III İvan və onun xələflərinin iddia etdiyi torpaqlarda yaşayan xalqların az bir qismi “birləşməmişdən” əvvəl özlərini rus kimi görürdülər. III İvanın ölümü zamanı Moskva indiki Rusiyanın ərazisinin beşdə birindən azını əhatə edirdi; xüsusilə, bura müasir Ukrayna, Belarus, Qafqaz və ya bütün Sibir ərazisi daxil deyildi. Vladimir Putinin haqqında danışdığı Krım, 1783-cü ildə II Yekaterina onu Krım xanlarından alana qədər Rusiya İmperiyasının bir hissəsinə çevrilməmişdi.

 

Əgər Putin tarixi səhvləri düzəltməklə məşğuldursa, Krımı Krım tatarlarına qaytarmalıdır. O, əlbəttə ki, bunu etməyəcək, çünki imperialist işğalın və ruslaşdırmanın dinamikası, demək olar ki, bütün Rusiya hökmdarları üçün (Yeltsin və Qorbaçov qismən istisna olmaqla) olduğu kimi, Putin üçün də legitimliyin əsas komponentidir. Rusiya genişlənməlidir, çünki onun hökmdarları öz avtokratiyasına haqq qazandırmaq üçün xarici təhlükəyə ehtiyac duyurlar. Bu anlayış İvan Qroznı, Böyük Pyotr və Böyük Yekaterina üçün nə qədər keçərli idisə, sovet dövrü üçün də bir o qədər zəruri idi.

 

Putinin Rusiyası indi imperiya şöhrətinin itirilməsindən təəssüflənir və heç vaxt repressiv keçmişi ilə barışa bilmir. Rusiyanın xarici və daxili siyasətini idarə edən təhlükəsizlik-ekspansiya paradoksu bütün imperiyaların bu və ya digər dərəcədə yaşadığı dövrədir. İşğal edilən yeni ərazilər daxilində və böyüyən imperiyanın genişlənən sərhədlərində təhlükələr yaradır. Genişlənmə fonunda ruslaşdırma və repressiya siyasəti daha artıq böyümə zərurəti meydana gətirir. Böyük Yekaterinanın bu barədə məşhur bir deyimi var: “mənim sərhədləri qorumaq üçün onları genişləndirməkdən başqa yolum yoxdur”.

 

Bu dinamika iki yolla başa çata bilər: Ya xarici müqavimət, ya da daxili demokratikləşmə. Sonuncunun rus xalqı üçün problemli olduğu sübuta yetirildi və Rusiyanın qonşuları bunun tezliklə baş verəcəyinə ümid etməməlidir. Birinci belə təşəbbüs daha əvvəl, Soyuq Müharibə dövründə həyata keçirilmək istənmişdi.

 

Müasir Rusiya imperiya olaraq qalır və qonşularına hökmranlıq etmədikcə özünü Böyük Dövlət kimi görmür. Nəticə etibarı ilə, Rusiya qonşularını təhdid etməyə, hücuma keçməyə və Qərbin onu cilovlamaq üçün kollektiv şəkildə hərəkətə keçməsinə qədər davam edəcək.

 

Moskva və onun təbliğatçıları həmişə Rusiyanın təhlükəsizlik sahəsindəki legitim maraqlarına məhəl qoyulmamasından şikayət ediblər və edəcəklər. Bu, bədbəxtlikdir, çünki Rusiyanın təhlükəsizlik narahatlıqları daim genişlənir. Əslində, Rusiya liderlərinin ölkələrinin 1991-ci ildə beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qayıtdıqları təqdirdə narahat olacaq heç bir şey yoxdur. Qərb bu sərhədlərə həmişə hörmətlə yanaşıb. Amma müasir Rusiya özünün dərin kök salmış imperiya kimliyindən kənara çıxmayınca, bu siyasətin dəyişməsi mümkün deyil.

 

Tərcümə etdi: Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 899          Tarix: 14-08-2023, 06:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma