Xəbər lenti


 

Keçən ilin sonlarında Naxçıvan Muxtar Respublikasında baş verən dəyişikliklər, yüksək vəzifəli şəxslərin bir-birinin ardınca həbsi və verilən ittihamlar ölkə ictimaiyyətinin yaxşı xatirindədir. Bu prosesin bir qədər səngidiyi düşünülsə də, bu torpaqla  bağlı olan və prosesləri izləyən adamlar hələ uzun müddət dəyişikliklərin baş verəcəyi qənaətindədirlər.

 

Ölkə mediası demək olar ki, hər gün Naxçıvanla bağlı yeni xəbərlər verməkdədir. Bu bir tərəfdən əvvəllər bütün məsələlər kimi, kənara informasiya çıxmasına da qoyulan qadağanın götürülməsi ilə bağlıdırsa, digər tərəfdən də yuxarıda qeyd etdiyimiz kimi, “Naxçıvan islahatları”nın davam etdiyinin göstəricisidir. Bu nüansın Naxçıvana təyin olunmuş xüsusi nümayəndə Fuad Nəcəflinin dilindən də dəfələrlə rəsmi və qeyri-rəsmi görüşlərdə səsləndirildiyi deyilməkdədir. Belə ki, xüsusi nümayəndə Naxçıvanda bütün sahələrdə dəyişikliklər edilməsinə ehtiyac olduğunu, bu işlərinsə həddən çox vaxt aparacağını hər fürsətdə dilə gətirir. Doğrudan da hələ demək olar ki, işin heç yarısı görülməyib.İlk dəyişiklik anlarından vəzifədən gedəcəyi, hətta həbs olunacağı iddia edilən məmurlardan çoxu hələ də işinin başındadır. Bu məmurlardan biri də illərdir ki, özünü “yol Naziri” kimi qələmə verən, Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərovdur.

 

Naxçıvan “Xan”ının sevimli “vəzir”ləri: DTX-nın döyəcəyi xeyli qapı var...  

 

 Artıq heç kimə sirr deyil ki, illərlə Azərbaycan büdcəsindən Naxçıvan üçün ayrılmış milyonlar xüsusi üsullarla “əridilib”. Bütün bu “əridilmə” prosesində də Vasif Talıbovun hər zaman yanında olan iki məmurdan biri məhz Bəhruz Əsgərov olub.  Digər “sevimli vəzir”  isə keçdiyimiz ilin dekabr ayı qolları qandallanaraq paytaxta gətirilən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, özünün “Tikinti Naziri” kimi təqdim edilməsindən xüsusi zövq alan Hicran Rüstəmov idi. Bəs necə olur ki, Xanın sevimli vəzirlərindən, daima onun sağ və solunda bərqərar olan bu “korrupsiya mələkləri”ndən biri  212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilərək qolları qandallanır, digəri isə hələ də işinin başında, kefində-damağında davam edir. Halbuki, ən sıravi naxçıvanlıların yaxşı xatirindədir ki, bu dağıdıcı ikili bütün yol-tikinti işlərinə birgə gedər, açılışlarda, yığıncaqlarda ən başda oturardılar.

 

“”Yeni Sabah” olaraq, biz hələ 30 noyabr tarixində saytımızda dərc etdiyimiz “Naxçıvan xanının sevimli “vəzir”ləri: DTX-nın döyəcəyi xeyli qapı var” başlıqlı yazımızda Naxçıvandakı mənbəmizə əsaslanaraq analiz aparmış, hər iki “vəzir”in regionda illərdir davam edən işdəkləri barədə Naxçıvanda yaşayan mənbələrimizə istinadən məlumat vermişdik. Hələ o vaxt mənbəmizə istinad edərək yazırdıq ki, “Hər il yol təmiri və çəkilişi adı altında milyonlara büdcə vəsaitinin məhz əslən Ordubaddan olan Bəhruz Əsgərovun əli ilə yeyildiyi bildirilir. Naxçıvana ayrılan pullar əvvəlcə bu idarəyə ötürülür, oradan isə minbir yolla “Əlahəzrətin şəxsi xəzinəsinə” göndərilir. Bu illər ərzində Bəhruz Əsgərovun özü üçün də külli miqdarda mənimsəmə etdiyi, milyonlarla dəyəri olan mülklərə və əmlaka yiyələndiyi deyilir. Necə deyərlər, bal tutan barmaq yalar.”

 

Bizim bu yazımızdan bir neçə gün sonra, proqnozlarımızın ilk hissəsi doğru çıxmış və Hicran Rüstəmov saxlanaraq Bakıya gətirilmişdi. Bundan sonra, bizim Naxçıvandakı mənbələrimiz daxil, hər kəsin gözü Bəhruz Əsgərovun qalasına, Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinə çevrilmişdi. Üzərindən xeyli keçməsinə baxmayaraq, arada gələn “yoxlama, təftiş” siqnallarından başqa ciddi bir hadisə baş vermədi.  

 

Bütün bunlar haqda məlumatları bizə verən mənbəmiz, bizim “ Bəlkə heç bu adamın yeyintidə əli yoxdur, niyə həbs edilsin ki?” sualımıza cavab olaraq bildirdi ki:  “Əvvəla bura çox kiçik yerdir, kimin kim olduğunu demək olar ki, hamı bilir. İkincisi Vasif Talıbov xofuna rəğmən, Bəhruz Əsgərovun özünə qurduğu kəhkəşanlı həyat, yaxınlarına yaratdığı şərait özü bəs edir ki, bu idarədə korrupsiya olduğu qənaətinə gəlinsin. Digər tərəfdən, Naxçıvanda indiyə qədər demək olar ki, bütün kəndlərə yollar çəkilib və bu yol çəkilişlərində milyonlarla manat pullar silinib. O cümlədən, əhalinin həyətyanı sahələri, bağları heç bir  kompensasiya ödənilmədən, adamların mülkiyyət hüququ nəzərə alınmadan çəkilən yollara qatılıb. İnsanlar qorxusundan səsini çıxarmayıb. Səsini çıxarmaq istəyənlər polis gücünə, qorxu gücünə susdurulub. Əslində isə hesabatlarda yola qatılan bütün torpaqlara görə əhaliyə pul ödəndiyi yazılıb. Elə bir bundan milyonlarla yeyinti edilib ki, nəticədə bu pulun da böyük hissəsi ümumi kassadan gizlədilərək mənimsənib.”

 

Mənbəmiz yol çəkilişlərində və təmirlərində baş verənlərtlə bağlı konkret adlar çəkərək açıqlama verəcəyini, Bəhruz Əsgərovun kimlərlə köməkləşərək, “korrupsiya imperiyası” qurduğunu açıqlayacağını dedi. Biz də “Yeni Sabah” olaraq bu məsələni diqqətdə saxlayacaq və ölkədə baş verən müsbət dəyişikliklərdə, korrupsiyaya qarşı mübarizədə dövlətimizin yanında olacağıq. Bizi izləyin.

 
"Yeni Sabah"




Ana səhifəyə qayıt        Baxış: 6 011          Tarix: 26-08-2023, 18:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma