Xəbər lenti


 

Prezident İlham Əliyev avqustun 26-da Laçında keçirilən şəhər bayramında çıxış edərkən Laçın sərhəd buraxılış məntəqəsinin açılışı ilə Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etdiyini bildirərək deyib:

 

Bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur... 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”.

 

Bəs, doğrudanmı Azərbaycan artıq özünün ərazi bütövlüyünü tam bərqərar etmiş sayıla bilərmi?

 

Açığını deyim ki, mən Prezidentin bu fikirləri ilə tam razılaşa bilmədim. Niyə? Çünki mənim fikrincə, beynəlxalq hüquqda ərazi bütövlüyü ayrıca götürülmüş bir anlayış deyil və o suverenlik haqlarının tərkib hissidir. Fikrimə daha təfsilatlı aydınlıq gətirmək üçün bəzi istilahlara aydınlıq gətirməyi vacib sayıram.

 

Bilirsiniz ki, ərazi bütövlüyü anlayışının ortaya çıxması tarixi çox qədimdir. Dövlətlər var olandan bəri hər kəsin öz ərazisi anlayışı da ortaya çıxıb. Tarix boyu bu anlayışı hər kəs başqa cür dərk etdiyindən müharibələr baş verib və milyonlarla, bəlkə milyardlarla insan bu anlaşmazlıqların qurbanı olub. Xüsusilə II Dünya Müharibəsindən sonra dünya liderləri bir araya gəlib bir daha belə gərginliklərə, insan qırğınlarına yol verməmək üçün ərazi bütövlüyü anlayışı üzərində baş sındırıblar. Təsadüfi deyil ki, dünyanın yeni düzənini müəyyənləşdirən BMT Nizamnaməsi də məhz bu səbəbdən yazılıb və ərazi bütövlüyü anlayışı bu sənədə də salınıb. Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndində deyilir:

 

“Bütün üzvlər beynəlxalq münasibətlərində, hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və ya Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər”.

 

Göründüyü kimi, BMT Nizamnaməsində ərazi bütövlüyü anlayışı dövlətlərin 1 nömrəli prioriteti kimi qəbul olunur, müharibələrin əsas çıxış nədəni kimi göstərilmiş və bu təşəbbüsə yol verməmək bir öhdəlik kimi qarşıya qoyulur, amma onun mahiyyətinə tam aydınlıq gətirilmir. Ərazi bütövlüyü anlayışı daha sonra 1975-ci ilin 1 avqust tarixində aralarında əksər Avropa dövləti ilə yanaşı ABŞ və Kanadanın da yer aldığı 35 ölkənin nümayəndələri tərəfindən imzalanan Helsinki Yekun Aktında daha geniş və aydın şəkildə öz əksini tapmışdı. Helsinki Yekun Aktının 1-ci maddəsində ərazi bütövlüyü dövlətlərin suverenlik haqlarının əsas tərkib hissəsi kimi göstərilərək qeyd olunur:

 

“İştirakçı dövlətlər hər birinin suveren bərabərliyinə və şəxsiyyətinə, xüsusən də hər bir dövlətin suverenliyinə xas olan və əhatə edən bütün hüquqlara, o cümlədən yurisdiksiya bərabərliyi, ərazi bütövlüyü və azadlıq və siyasi müstəqillik hüquqlarına hörmət edirlər. İştirakçı dövlətlər həmçinin hər birinin öz siyasi, sosial, iqtisadi və mədəni sistemlərini sərbəst seçmək və inkişaf etdirmək hüququna, eləcə də hər birinin öz qanun və qaydalarını müəyyən etmək hüququna hörmət edir”.

 

Maddənin ilk cümləsindən də göründüyü kimi, yurisdiksiya bərabərliyi, azadlıq və siyasi müstəqillik hüquqları ilə yanaşı ərazi bütövlüyü də dövlətlərin “suverenliyinə xas” anlayış kimi göstərilib. Prezident əgər ərazi bütövlüyünü sərhədlərə nəzarət anlayışı kimi nəzərdə tutursa, haqlıdır. Həqiqətən də 2-ci Qarabağ savaşından sonra Azərbaycanın öz sərhədlərində nəzarət etmədiyi bir yer vardısa, o da Laçında idi. Çünki Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bərabər imzaladığı 9 noyabr Bəyannaməsinə görə, həmin ərazilər Rusiya sülhməramlılarının nəzarəti altında olmalıydı. Azərbaycan 23 apreldə bu məntəqədə buraxılış postunu qurmaqla faktiki olaraq bütün sərhədlərinə nəzarəti öz əlinə keçirdi. Bunun üçün başda Baş Komandan İlham Əliyev olmaqla Azərbaycan Silahlı Qüvvələrinin bütün personalına böyük təşəkkürlər düşür.

 

Bununla belə, mənim fikrimcə, sərhədlərə nəzarət ərazi bütövlüyünün tam bərpası kimi də qəbul edilə bilməz. Məsələ burasındadır ki, sərhəd hələ ərazi demək deyil. Məhz bu səbəbdən də Helsinki Yekun Aktında ərazi bütövlüyü anlayışı ayrıca götürülməyib və suverenlik haqlarının vacib bir komponenti kimi qəbul olunub. Bir-biri ilə üzvü şəkildə bağlı olan bu anlayışlar bir araya gəlmədən hansısa birinin bərpasından danışmaq da imkansızdır.

 

Məlumdur ki, Azərbaycanın ərazi sayılan Qarabağ bu gün rus sülhməramlılarının nəzarətindədir. Orda Azərbaycandan çox Ermənistanın və Rusiyanın qanunları keçir. Belə olan halda hər hansı ərazi bütövlüyündən də danışmaq bir qədər ehtiyatsız verilmiş bəyanat təsiri bağışlayır. Nə qədər ki, rus sülhməramlıları Qarabağdan rədd olub getməyib, bu bölgədə Azərbaycan dövlətinin hüquq mühafizə orqanları, inzibati strukturları yaradılmayıb və fəaliyyətə başlamayıbsa, ölkəmizin ərazi bütövlüyü də bərqərar olmuş sayılmayacaq. 

 

Mən bunları deyərkən, əlbəttə ki, Prezidentin siyasi-diplomatik savadına kölgə salmaq istəmirəm. Məlumdur ki, o, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu kimi dünyaca məşhur diplomatiya məktəbini bitirib, orada dissertasiya müdafiə edərək alim adı qazanıb və 5 il həmin ali məktəbdə bu günün diplomatlarına dərs deyib. Onun diplomat kimi savadını və uzaqgörənliyini 44 günlük müharibə bir daha sübuta yetirdi. Etiraf etmək lazımdır ki, torpaqlarımızın işğaldan qurtarılmasının əsas səbəbkarı odur və o, buna diplomatik dühası ilə nail olub.

 

Bununla belə, düşünürəm ki, Prezident İlham Əliyev Laçında çıxış edərkən bəzi terminləri qarışdırıb və ərazi bütövlüyü deyərkən sərhəd toxunulmazlığını nəzərdə tutub. Halbuki, sərhəd toxunulmazlığı anlayışı Helsinki Yekun Aktına ərazi bütövlüyü anlayışından fərqli ayrıca bir maddə kimi salınıb. Sənədin III maddəsinin adı belə, “Sərhəd toxunulmazlığı”dır və maddədə eynilə belə deyilir:

 

“İştirakçı dövlətlər bir-birlərinin sərhədlərini Avropadakı bütün dövlətlərin sərhədləri kimi toxunulmaz hesab edirlər və buna görə də bu gün və gələcəkdə bu sərhədlərə hücum etməkdən çəkinirlər.

Müvafiq olaraq, iştirakçı dövlərdən hər hansı birinin ərazisinin bir hissəsini və ya hamısını zəbt etmək, yaxud zorla ələ keçirmək barədə hər hansı istək və ya davranışdan çəkinirlər”. 

 

Helsinki Yekun Aktının IV maddəsi isə “Dövlətlərin ərazi bütövlüyü” adlanır və orda da ərazi bütövlüyü siyasi müstəqilliklə bir arada zikr olunur, eynilə BMT Nizamnaməsində olduğu kimi. Maddədə hər hansı bəhanə ilə başqasının torpağının işğal edilməsinin yol verilməzliyindən danışılır.

 

“İştirakçı dövlətlər hər bir iştirakçı dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşırlar.

Müvafiq olaraq, o, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə zidd olan, qoşulan dövlətin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya birliyinə qarşı hər hansı hərəkətdən, xüsusən də güc tətbiq etməklə hədələməkdən və ya güc tətbiq etməkdən çəkinir.

 

Eyni şəkildə, iştirakçı dövlətlər beynəlxalq hüququ pozaraq başqa şəxsin torpağını hərbi işğalın və ya digər birbaşa və ya dolayı yolla güc tətbiqinin predmetinə çevirməkdən və ya belə tədbirlərlə və ya onlardan istifadə hədəsi ilə ələ keçirməkdən çəkinməlidirlər. 

 

Heç bir belə işğal və ya zəbt qanuni sayıla bilməz”.

 

Bu maddədən də göründüyü kimi, işğalın müxtəlif adlarla gizlədilmiş forması da işğala bərabər tutulur və qadağan olunur. Bu gün rus qoşunları da məhz “sülhməramlı” kimliyi ilə Qarabağı öz işğalları altında saxlayırlar. İstinad etdikləri hüquqi akt isə hələ də Azərbaycan tərəfindən ratifikasiya edilməmiş hansısa Bəyanatdır. Yeri gəlmişkən, bu Bəyanatın ratifikasiya olunmamasını da İlham Əliyevin diplomatik manevr qabiliyyəti kimi qiymətləndirir və alqışlayıram. Və hesab edirəm ki, İlham Əliyev bütün gücünü və diplomatik qabiliyyətini ortaya qoyub rus sülhməramlılarını Qarabağdan çıxarmalıdır. Məhz o zaman bizim hamımız sevinclə ərazi bütövlüyümüzün tam bərpasından danışa bilərik.

 

Heydər Oğuz,

Ovqat.com  




Ana səhifəyə qayıt        Baxış: 6 639          Tarix: 28-08-2023, 09:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma