Xəbər lenti

 

Ermənistanın Azərbaycan əleyhdarı, rusyönümlü bloggeri Mika Badalyan dünən axşam saatlarında həbs olunub.

 

Ovqat.com-un məlumatına görə, faktı Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan da təsdiqləyib.

 

Abramyan sosial şəbəkə paylaşımında bildirib ki, “Mika Badalyan, Aşot Gevorkyan və daha beş nəfər sentyabrın 6 və 7-də Gorusdə odlu silahların qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb”.

 

Badalyanın həbsi ilə əlaqədar Rusiyadan gələn etirazlar özünü çox gözlətməyib. 

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında rusiyapərəst blogger Mika Badalyanın itkin düşməsi barədə məlumatları şərh edərək yazıb: “İstisna etmirəm ki, bu, İrəvanda Rusiya-Ermənistan mediaforumunun keçirilməsi ilə əlaqədar törədilmiş növbəti təxribatdır. İki ölkənin münasibətlərini necə pozacağını düşünənlərin təxribatı. Qərbdən bunun üçün çox böyük pullar ayırılıb”.

 

Zaxarova vurğulayıb ki, bu təxribatı törətmək istəyənlər son vaxtlar fəallaşıblar: ““Söz azadlığı hər kəsin mütləq hüququdur” şüarı altında hakimiyyətə gələn qüvvələrin jurnalistlərin təqibinə icazə verməsini və məlumatların yayılmasının qarşısını almasını qəbul etmək mümkün deyil”.

 

Qeyd edək ki, Mika Badalyanla yanaşı həbs edilənlərdən biri Aşot Gevorkyan Rusiyanın beynəlxalq rəsmi xəbər agentliyi “Sputnik”in Ermənistan redaksiyasının köşə yazarıdır. 

 

Onların həbsi barədə ilk məlumatı dünən axşam “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov yayıb. “İrəvandakı yaxşı dostlarım mənə xəbər verdilər ki, rusiyapərəst blogger və fəal Mika Badalyan saat 21:00-da Gorisdəki bir oteldə maskalı naməlum şəxslər tərəfindən oğurlanıb. Oğurluğun şahidi yerli erməni kilsəsinin keşişi olub - yəni ortada şahid də var. Çox narahatam." Primakov sosial şəbəkə paylaşımında yazıb.


Rusiyanın Ermənistandakı səfirliyi də rusiyayönlü bloggerin saxlanmasından narahatlığını bildirib.

 

“Biz bu xəbər agentliyinin redaktorları ilə əlaqə saxlayırıq. Biz vəziyyətin inkişafını diqqətlə izləyirik. Saxlanılanların taleyindən narahatıq və baş verənləri aydınlaşdırmaq üçün addımlar atacağıq”, – səfirliyin sosial şəbəkələrdəki paylaşımında qeyd olunur.




Ana səhifəyə qayıt        Baxış: 5 788          Tarix: 8-09-2023, 09:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma