Xəbər lenti


Ukraynanın əks-hücum əməliyyatını bitirməsi üçün 30 və ya 45 gün vaxtı qalıb.

 

Ovqat.com-un məlumatına görə, ABŞ Baş Qərargah rəisi Mark Milli BBC-yə açıqlamasında bildirib.

 

Milli Ukrayna qarşısında dayanan bu zərurətin pisləşən hava şəraiti ilə əlaqələndirib. Bildirib ki, uzağı, 30-45 günə qədər yağmurlu hava şəraiti orduların irəliləməsini çətinləşdirəcək və Kiyev öz əks-hücumunu dayandırmağa məcbur olacaq.

 

“Mən müharibənin lap əvvəlində demişdim ki, bu savaş uzun, ləng, çətin olacaq, yüksək itkilərlə nəticələnəcək və belə də olub”, - general Millli bildirib.

 

Rusiya işğalına qarşı Ukraynaya ciddi silah və maddi dəstək verən ABŞ Baş QərargahI rəisi Kiyevin yayın əvvəlində başlatdığı əks-hücum əməliyyatının bitmək üzrə olduğunu da qeyd edib.

 

Əks-hücumun gözlənildiyindən daha yavaş irəlilədiyini vurğulayan Milli şiddətli toqquşmaların davam etdiyinə diqqət çəkib, əməliyyatın uğuru və ya uğursuzluğu barədə danışmağın hələ tez olduğunu, lakin Ukraynanın "Rusiyanın cəbhə xəttində çox sabit templə irəlilədiyini" etiraf edib.

 

Xatırladaq ki, NATO dövlətləri Ukraynanın ləng irəlilədiyini əsas gətirib savaşın bir an öncə dayandırılması məsələsini gündəmə gətirirdilər. Onların fikrincə, hazırkı templə Ukraynanın uğur qazanması mümkün deyil və boş yerə bu müharibəyə pul xərcləməyə dəyməz. Müharibənin sonlandırılması üçün isə Ukraynanın Krım da daxil olmaqla bəzi torpaqlarını güzəştə getməsi şərtini irəli sürən tərəfdaşlarının bu təklifinə Kiyev emossional cavablar verirdi. ABŞ isə bütün çətinliklərə baxmayaraq, Ukraynanı dəstəkləməyə davam edəcəyini bildirmişdi. Amma bir çox hərbi ekspertlər də bu gedişlə Ukraynanın döyüşçü potensialının və Qərb ölkələrinin silah rezervlərinin tükənəcəyindən ehtiyat edirdilər. Mübahisələrin ən yüksək həddə çıxdığı bir zamanda bir zamanda ABŞ dövlət katibi Antoni Blinken Kiyevə işgüzar səfərə yollanmış, Ukraynaya son ana qədər dəstək verəcəklərini açıqlamışdı.

 

Pentaqonun ən yüksək rütbəlisi sayılan Mark Millinin son açıqlaması isə onu göstərir ki, əslində ABŞ da Ukraynanın bu fədakarlığının perspektivinə çox inanmır və ona 30-45 gün möhlət verməyi düşünür. Mümkündür ki, Blinkenin Kiyev səfərində gizli danışıqlarda bu məsələ gündəmə gətirilib və fikir birliyinə gəlinib.

 

O da istisna deyil ki, ABŞ havaların soyumasından sonra müharibəni müvəqqəti olaraq dayandırmaq və növbəti mərhələyədək Ukraynanın hava qüvvələrini gücləndirmək istəyir. 

 

Əslində bu müvəqqəti fasilə müharibədə zəif düşmüş Rusiya üçün də özünü toparlamaq üçün fürsət yaradır. Əgər bu ehtimal doğrusursa, Ukrayna-Rusiya müharibəsinin növbəti raundu gələcək yaz aylarında başlaya bilər.

 




Ana səhifəyə qayıt        Baxış: 5 155          Tarix: 11-09-2023, 10:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma