“Əgər Vaşinqton Kiyevin sülh danışıqları aparmağa hazır olduğu qənaətindədirsə, o zaman Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqları qadağan edən fərmanını ləğv etdirsin”.
Ovqat.com-un məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi Şərq İqtisadi Forumunda çıxışı zamanı deyib.
O xatırladıb ki, Zelenski tərəflər arasında dialoqu qadağan edən fərman verib. Putinin sözlərinə görə, bu qadağanın ləğvi danışıqlar üçün ilk addım olar.
Bundan əvvəl dövlət katibi Antoni Blinken bildirmişdi ki, ABŞ Moskvanın belə bir təşəbbüslə çıxış edəcəyi təqdirdə Ukraynanın Rusiya ilə danışıqlara qərar verəcəyinə inanır. O, həmçinin danışıqların çərçivəsini də müəyyənləşdirmişdi – Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində.
Blinkenin bu açıqlamanı Kiyev səfərindən geri qayıtıqdan sonra verməsi Zelenski ilə sülh danışıqlarını razılaşdırdığı təsiri bağışlayırdı. Dövlət katibinin bəzi fikirləri də bu ehtimalı gücləndirirdi.
“Danışıqlara gəldikdə tanqoya iki nəfər lazımdır. İndiyədək biz Rusiya prezidenti Vladimir Putinin diplomatik həllə marağının heç bir əlamətini görməmişik”, - deyən dövlət katibi əlavə etmişdi: “Əgər Putin belə bir maraq göstərsə, o zaman düşünürəm ki, danışıqlara birinci ukraynalılar girəcək və biz onların arxasında olacağıq. Hər kəs bu müharibənin bitməsini istəyir, lakin o (sülh razılaşmaları), Ukraynanın suverenliyini və ərazi bütövlüyünü əks etdirən ədalətli və davamlı şərtlərlə başa çatmalıdır”.
Blinkenin bu çıxışına cavab özünü çox gözlətməmişdi. Putinin mətbuat katibi Dmitri Peskov ABŞ rəsmisinə cavab verərək vurğulamışdı ki, “Rusiyanın Ukrayna ilə sülh danışıqlarına hazır olmadığı barədə bəyanatı həqiqətə uyğun deyil”.
Digər bir cavab isə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovdan gəlmişdi. Nazir bildirmişdi ki, “Kiyev danışıqları nə qədər gecikdirsə, razılığa gəlmək bir o qədər çətin olacaq”.
Bu açıqlamaların ardınca Putinin Ukrayna prezidenti Zelenskinin danışıqları qadağan fərmanından bəhs etməsi Kremlin də bu təkliflə razılaşdığına işarədir. Maraqlıdır ki, Rusiya rəsmilərinin heç birindən Blinkenin “ərazi bütövlüyü və suverenlik çərçivəsində danışıqlar” şərtinə də qarşı çıxanlar olmayıb. Belə görünür ki, Moskvanın hətta ələ keçirdiyi və sonradan “qırmızı cizgisi” elan etdiyi ərazilərdən çıxmağın da masaya yatırılmasına etirazı yoxdur.
Paylaş: